İnsanlara hürriyət, millətlərə istiqlal!

Danışıqlarda məqsəd sülh əldə etmək deyil – Sabiq nazirdən ŞOK açıqlamalar

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp İranla Hörmüz boğazına dair danışıqlara dair yeni açıqlama verib.

O, “Fox News”a verdiyi müsahibədə İranla danışıqların vəziyyəti ilə bağlı suala cavab olaraq ya Hörmüz boğazının tezliklə açılacağını, ya da İrana zərbə endiriləcəyini deyib:

“Boğaz çox tezliklə açılacaq, ya da onlara çox ağır zərbə vurulacaq”.

Artıq neçənci dəfədir ki, Ağ Ev lideri İranla müharibənin başa çatdığı barədə anons etdikdən bir neçə gün sonra zərbələrlə hədələyib.

ZAoEHcBP1HkCFjJIrV31NPyB5ojHzpIgbTFbZm1Q_1200.jpg (145 KB)

Bu arada, ABŞ müharibə naziri Pit Heqset ABŞ ordusunun əsas sursatlarının tükəndiyinə dair məlumatlara münasibət bildirib və “Bu başlıq həqiqətə uyğun deyil” paylaşımını edib.

Ötən gün CNN mənbələrə istinadən Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü və ABŞ hərbi komandirlərinin arsenallarının vəziyyətindən ciddi şəkildə narahat olduğuna dair məlumat yaymışdı. Mənbənin sözlərinə görə, İranla müharibə hava hücumundan müdafiə ehtiyatlarının tükənməsinin əsas səbəbi olub. CNN mənbələrinə görə, ABŞ müharibədən əvvəlki səviyyələrlə müqayisədə THAAD tutucu raketlərinin təxminən 80 faizini, eləcə də “Patriot” raket ehtiyatının təxminən yarısını tükəndirib.

BYGLqjP5rA6zoA0DdFjWE2eHlHkx9vFITkz1hic9_1200.jpg (183 KB)

“Associated Press”in iyulun sonlarında verdiyi məlumata görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn prezident Donald Trampa birbaşa məlumat verib ki, raket ehtiyatının hazırkı vəziyyəti Vaşinqtonun Tehrana qarşı genişmiqyaslı əməliyyat qabiliyyətini məhdudlaşdırır. Tramp isə hava hücumundan müdafiə raketləri də daxil olmaqla, sursat çatışmazlığının İrana qarşı tammiqyaslı hərbi əməliyyatların bərpa edilməməsinin səbəblərindən biri olduğu barədə məlumatları təkzib etmişdi.

Belə görünür ki, tərəflər “taym-aut”dan sadəcə toparlanmaq üçün istifadə edirlər. Ötən gün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Tərəflər Yaxın Şərqdəki son hadisələri, o cümlədən ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətindəki səyləri müzakirə ediblər.

Qətər əmirinin ofisinin məlumatına əsasən, liderlər həmçinin Vaşinqton və Tehran arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlmiş tədbirləri nəzərdən keçiriblər. Açıqlamada qeyd olunub ki, Tramp Qətərin diplomatik səylərə dəstək və dialoqun təşviqi sahəsindəki rolunu yüksək qiymətləndirib. Öz növbəsində, Şeyx Təmim danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb və bütün tərəfləri iyunun ortalarında ABŞ ilə İran arasında razılaşdırılmış anlaşma memorandumunun müddəalarına riayət etməyə çağırıb.

Amma ABŞ-dən gələn son reaksiyalar sülhün yox, müharibənin “qapı”da olduğu qənaətini yaradır. ABŞ və İran bir-birinə Hörmüz təhdidləri yağdırırlar ki, bu da qlobal iqtisadiyyata ciddi zərbə vurur.

Dünya iqtisadiyyatının boğazından ikiəlli yapışmış Hörmüz boğazı ətrafında hərbi-siyası oyunlar nə vaxt yekunlaşacaq?

FİKRET YENİ.jpeg (135 KB)

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov Musavat.com-un mövzu ilə bağlı suallarını cavablandırarkən öncə qeyd edib ki, bu, indi hamının cavabını axtardığı ən böyük sualdır:

“Nə qədər acınacaqlı olsa da, deməliyik ki, mövcud qeyri-müəyyənliklər fonunda bu sualın hər hansı bir cavabını tapmaq da mümkün deyil. Tərəflər növbəti dəfə danışıqlar masasına oturublar. Ancaq keçən ilin iyun ayından başlanmış bu hərbi toqquşmanı dayandırmaq üçün bu, neçənci atəşkəsdir və danışıqlar masasının neçənci dəfə bərpasıdır? Nəticə isə yoxdur!”

F.Yusifov bildirib ki, bu gün dünya yeni danışıqların nəhayət ki, uğurla yekunlaşa biləcəyini intizarla gözləyir:

“Oman və Qətərin vasitəçiliyi ilə aparılan bu danışıqların nəticələrinin bu həftənin sonuna qədər elan ediləcəyi gözlənilir. İran və Oman arasında hazırlanan plana əsasən, gəmilərin Fars körfəzinə daxil olması İranın, çıxışı isə Omanın nəzarət etdiyi marşrutlarla təmin olunacaq. Bu günə olan vəziyyət isə belədir. Hazırda Fars körfəzində Hörmüz boğazından keçməyi gözləyən 350-dən çox gəmi var ki, bunun da 180-ə qədəri neft daşıyan tankerlərdir. Son bir neçə gündə Omanın vasitəçiliyi ilə bir neçə gəminin boğazdan təhlükəsiz keçidi təmin olunsa da, körfəzdə vəziyyət olduqca kritikdir. Baxın, danışıqların getdiyi bu günlərdə, dünən, avqust ayının 4-də naməlum raket atəşi ilə körfəzdə keçid növbəsini gözləyən bir neft tankeri vuruldu. Bunu kimin etdiyi bəlli olmasa da, həmin hadisə vəziyyətin nə qədər kövrək olduğunun göstəricisidir. Danışıqlarda Hörmüz boğazından gəmilərin necə keçməsi məqamları razılaşdırıldıqdan sonra tərəflər İranın nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsinə başlayacaqlar. Burada tərəflərin razılıq əldə etmək şanslarının nə qədər olduğunu demək çətindir”.

Fikrət Yusifov problemin kökündə dayanan əsas məsələyə diqqət çəkib:

“Çünki indiki İran rejimi israrlı şəkildə regionda əsas düşməni olan və vaxtilə nüvə silahına sahiblənmiş İsrailin qarşısında “əliyalın” qalmaq istəmir. Bütün bu dediklərimizi yekunlaşdırsaq, tərəflərin danışıqların növbəti mərhələsində razılıq əldə etmək şanslarının az olduğu qənaətinə gələ bilərik. Hətta bu danışıqlar uğurla yekunlaşsa belə, atəşkəsin nə qədər davam edəcəyi böyük sual altındadır. Bir qədər də dərinə getsək, deməliyik ki, bu danışıqların əsas məqsədi sülh əldə etmək deyil. Tərəflər bir-birlərini aldatdıqlarının fərqindədirlər. Sadəcə onlara son döyüşə hazırlaşmaq üçün zaman lazımdır. Bu prinsipial müharibədən onlardan biri tam qalibiyyətlə çıxmalıdır. Bunun alternativi yoxdur!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR