Onlayn ictimai-siyasi qəzet
“Türk dünyasının birliyindən danışırıq, amma Türkiyədə işlədilən bəzi terminlərlə uyğunlaşmaqdan çəkinirik. Onlar bir söz işlədir, biz isə mütləq başqa söz deməyə çalışırıq. Məsələn, onlar “toplum” deyirlər. Bu söz bizdə də var, amma biz “cəmiyyət” deyirik. Onlar “uluslararası” deyirlər, biz isə “beynəlxalq” deyirik. Ərəb mənşəli sözlərdən əl çəkə bilmirik”.
Bunu Xalq şairi Sabir Rüstəmxanlı Asan TV-yə müsahibəsində deyib.
“Türkiyədə süni intellektə “yapay zəka” deyirlər. “Yapmaq” sözü bizdə də işlənir. Biz də bu ifadədən istifadə edə bilərik. “Süni” ərəb mənşəli sözdür, “intellekt” də bizə aid deyil. Yeni texnologiya üçün “intellekt” sözündən daha çox “zəka” anlayışı uyğundur. Mən “süni intellekt” yox, “süni ağıl” deyirəm. Ən azı “süni zəka” deyə bilərik. Niyə mütləq “süni intellekt” deməliyik?!”, - o bildirib.

Bəs bu xüsusda dilçi alimlərimiz nə düşünür?
Mövzu ilə bağlı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb.
Professor qeyd edib ki, dilin inkişafına süni müdaxilə etmək mümkün deyil və bu proses yalnız təbii şəkildə baş verməlidir: “İndi türk ölkələri arasında mədəni əməkdaşlığın artması açıq şəkildə müşahidə olunan və getdikcə güclənən bir tendensiyadır. Bu isə olduqca təqdirəlayiq hadisədir. Həmin proses çərçivəsində ortaq əlifba, ortaq ünsiyyət dili kimi məsələlərin müzakirəsi də bu gün son dərəcə aktualdır.
Amma dil məsələsi, söz seçimi və bütün bu proseslər mövcud reallıqdan, formalaşmış praktikadan qaynaqlanır. Dildə heç nəyi süni və ya planlaşdırılmış şəkildə həyata keçirmək mümkün deyil. Məsələn, baxmayaraq ki, Atatürk 1930-cu illərdə dil məsələsində inzibati üsullarla bir çox dəyişikliklər həyata keçirdi, bu islahatlar böyük irəliləyişlərlə yanaşı, dilə müəyyən mənada zədələr də vurdu”.
Qulu Məhərrəmli də hesab edir ki, Türkiyə türkcəsində işlənən bəzi sözlərin Azərbaycan dilində istifadəsi tamamilə məqbuldur: “Məsələn, "süni intellekt" əvəzinə "yapay zəka" və ya "süni zəka" ifadələrinin işlədilməsi də uyğundur. 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan dilinə keçən bir çox türk sözü artıq dilimizdə sinonim kimi işlənir. Məsələn, biz həm "durum", həm də "vəziyyət" sözlərindən istifadə edirik. "Hava durumu" ifadəsi daha yerinə düşür, amma "siyasi vəziyyət" ifadəsi həmin məqamda mənanı daha dolğun şəkildə ifadə edir.
Yəni, dil öz-özünü tənzimləyən bir mexanizmdir. Leksik qatda gedən proses dəniz ləpələrinin suyun üzərindəki artıq şeyləri sahilə atmasına bənzəyir. Dil də leksik səviyyədə gedən proseslər nəticəsində eyni işi görür. Lazım olanı, işlək olanı qəbul edir, uyğun olmayanı isə kənara qoyur. Əslində, həmin kənara qoyulan sözlər də dilin yaddaşında qalır. Zərurət yarananda yazıda və ya danışıqda yenidən işlədilir. Ona görə də heç bir proses süni müdaxilə ilə inkişaf edə bilməz. Bu proses yalnız təbii yolla, seçmə prinsipi əsasında gedə bilər. Dilin yaddaşında, təbiətində özünə yer tapan sözlər və ifadələr yaşayır, vətəndaşlıq hüququ qazanır və nəticədə dil məhz bu yolla zənginləşir".
Qulu Məhərrəmli diqqətə çatdırıb ki, elmi baxımdan Türkiyə türkcəsindən və ya özbək dilindən Azərbaycan dilinə keçən sözlər alınma söz hesab edilmir: “Çünki bu dillərin mənbəyi, mənşəyi eynidir. Məsələn, biz "dəstəkləmək" sözünü niyə bu qədər tez qəbul etdik? Çünki "dəstək" sözü bizim dilimizdə artıq mövcuddur və onun daha geniş formaları dil yaddaşında qorunub saxlanılıb. Sanki bir külək əsir, həmin yaddaşı oyadır və söz dərhal dilə tamamilə üzvi şəkildə qoşulur.
Biz bu proseslərin heç birinə cərrahi müdaxilə prinsipi ilə yanaşmamalıyıq. Dil inkişaf edəcək, yeni sözlər gələcək, ifadələr işlənəcək və bütün bunların hamısı təbii seçmə yolu ilə baş verəcək. Nəticədə dil özünü məhz bu təbii inkişaf prosesi vasitəsilə zənginləşdirəcək”.
Xalidə Gəray,
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ