İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qurumlarının vergi borcu artır – SƏBƏB

Bu il iyulun 1-ə olan rəsmi məlumata görə, Azərbaycanda vergi borclarının həcmi 4 milyard 50,4 milyon manat təşkil edib.

Bu məbləğ ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4% artmışdır. Yəni bu ilin ilk yarısında vergi borcları kəskin artıb.

Bu barədə iqtisadçı Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, dövlət şirkətləri arasında borclular çoxdur, təəssüf ki, ayrıca təsnifat aparılmır, amma “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin böyük vergi borcları həmişə olub, indi də var:

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, vergi borclarının 2026-cı ilin ilk yarısında 4 milyard 50,4 milyon manata yüksəlməsi və ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat, yaxud 22,4 faiz artması diqqətçəkən göstəricidir: "Lakin bu rəqəmi birbaşa “şirkətlər vergi ödəmək istəmir” kimi izah etmək düzgün olmaz. Vergi borcunun artmasının arxasında həm bizneslərin maliyyə vəziyyəti, həm vergi inzibatçılığı, həm də dövlət müəssisələrinin öhdəlikləri ilə bağlı müxtəlif səbəblər dayana bilər.

Əsas məsələlərdən biri iqtisadi aktivliyin müəyyən sahələrdə zəifləməsidir. Şirkətin satışları və pul dövriyyəsi azalırsa, onun vergi öhdəliyini vaxtında yerinə yetirməsi çətinləşir. Xüsusilə yüksək xərclərlə işləyən, mənfəət marjası aşağı olan müəssisələrdə vəziyyət daha həssasdır. Kağız üzərində dövriyyə və vergi öhdəliyi mövcud ola bilər, amma şirkətin real pul axını həmin öhdəliyi vaxtında ödəməyə kifayət etməyə bilər.

Burada bir mühüm fərqi də nəzərə almaq lazımdır: vergi borcunun artması avtomatik olaraq iqtisadiyyatın 22,4 faiz pisləşməsi demək deyil. Vergi borcunun tərkibində vaxtında ödənilməmiş cari öhdəliklər, hesablanmış, lakin mübahisələndirilən məbləğlər, əvvəlki dövrlərdən qalan borclar, faiz və maliyyə sanksiyaları ola bilər. Ona görə də 4,05 milyard manatlıq rəqəmin özündən iqtisadiyyatın vəziyyəti barədə tam nəticə çıxarmaq üçün borcun strukturunu bilmək lazımdır.

Ən vacib suallardan biri də “kim borcludur?” sualıdır. Burada dövlət və özəl sektor üzrə ayrıca və daha detallı statistikanın açıqlanması çox faydalı olardı. Dövlət şirkətləri arasında vergi borcu olan müəssisələrin mövcudluğu yeni məsələ deyil. Enerji, kommunal xidmətlər və digər iri dövlət müəssisələrinin maliyyə öhdəlikləri ümumi vergi borcunun əhəmiyyətli hissəsini təşkil edə bilər. Bu səbəbdən bütün 4 milyard manatı kiçik və orta sahibkarlığın problemi kimi təqdim etmək düzgün olmaz".

Ekspert əlavə edib ki, özəl sektorda vergi borclarının artması həqiqətən narahatlıq doğuran tendensiyadır:"Əgər özəl şirkətlərin cari vergi öhdəliklərini ödəmək imkanları zəifləyirsə, bunun səbəbləri araşdırılmalıdır. Söhbət yalnız vergidən yayınmadan deyil, satışların azalması, kredit və maliyyələşmə xərclərinin yüksək olması, əməkhaqqı və logistika xərclərinin artması, daxili tələbin zəifləməsi və rəqabət mühitində problemlərdən gedə bilər.

Vergi yükünün özü də burada müəyyən rol oynaya bilər. Biznesin gəlirləri zəiflədiyi halda vergi və digər məcburi ödənişlər əvvəlki səviyyədə qalırsa, şirkətin sərəncamında qalan pul azalır. Müəssisə seçim qarşısında qalır: işçilərin maaşını, krediti, icarəni, təchizatçıları ödəmək, yoxsa vergi öhdəliyini vaxtında bağlamaq. Əlbəttə, verginin ödənilməsi məcburidir, amma iqtisadi siyasət baxımından əsas sual bizneslərin niyə bu vəziyyətə düşməsidir".

Akif Nəsirliyə görə, cərimə və faizlərin tətbiqi də problemi müəyyən hallarda daha da böyüdə bilər: "İlkin vergi borcu vaxtında bağlanmadıqda üzərinə faiz və maliyyə sanksiyaları əlavə olunur və nəticədə borc sürətlə böyüyür. Bu baxımdan vergi inzibatçılığının məqsədi yalnız borcu cərimələrlə artırmaq deyil, borclu müəssisənin fəaliyyətini qorumaqla borcun real şəkildə yığılmasını təmin etmək olmalıdır.

Dövlət üçün əsas məsələ vergi borcunu sadəcə yığmaq deyil, onun yaranma səbəblərini müəyyənləşdirmək olmalıdır. Məsələn, borcun nə qədərinin dövlət şirkətlərinin, nə qədərinin özəl sektorun, nə qədərinin iri müəssisələrin və KOB-ların payına düşdüyü açıqlansa, vəziyyət daha aydın görünər. Eyni zamanda borcun nə qədərinin cari ilin öhdəliyi, nə qədərinin əvvəlki illərdən qalan borc və nə qədərinin faiz və sanksiyalardan ibarət olduğu göstərilməlidir".

Müsahinimiz qeyd edir ki, əgər əsas problem həqiqətən özəl sektorun ödəmə qabiliyyətinin zəifləməsidirsə, yalnız sərt inzibati tədbirlərlə vəziyyəti düzəltmək mümkün olmayacaq: "Vergi borclarının restrukturizasiyası, müəyyən hallarda hissə-hissə ödəniş imkanlarının genişləndirilməsi, investisiya edən və iş yerləri yaradan müəssisələr üçün vergi stimullarının artırılması, rəqabət mühitinin yaxşılaşdırılması və biznesin maliyyəyə çıxışının asanlaşdırılması daha səmərəli nəticə verə bilər.
Digər tərəfdən, uzun illər vergi borcu yığılan, lakin fəaliyyətini davam etdirən iri şirkətlərə münasibətdə də vahid və şəffaf yanaşma olmalıdır. Əks halda vaxtında vergi ödəyən sahibkarla böyük borc toplayan müəssisə arasında ədalətsizlik yaranır və vergi intizamına inam zəifləyir.

Yəni 4 milyard manatdan artıq vergi borcu sadəcə büdcəyə daxil olmayan pul deyil, həm də iqtisadiyyatın müəyyən hissəsində maliyyə problemlərinin göstəricisi ola bilər. Əgər borcun artımı əsasən real fəaliyyəti zəifləyən özəl şirkətlərin hesabına baş verirsə, bu, iqtisadi aktivliyin və biznes mühitinin diqqətlə araşdırılmasını tələb edir. Əgər böyük hissə dövlət müəssisələrinin və əvvəlki illərdən yığılan borcların payına düşürsə, problem daha çox dövlət şirkətlərinin maliyyə idarəçiliyi və vergi intizamı ilə bağlıdır.

Bu səbəbdən ən düzgün yanaşma 4,05 milyard manatlıq rəqəmi sadəcə büdcəyə əlavə gəlir kimi görmək yox, onun strukturunu və yaranma səbəblərini araşdırmaqdır. Vergi sisteminin məqsədi yalnız mümkün qədər çox vəsait toplamaq deyil. Əsas məqsəd elə iqtisadi mühit yaratmaqdır ki, müəssisələr fəaliyyət göstərsin, investisiya etsin, iş yerləri yaratsın və vergisini vaxtında ödəyə bilsin. Vergi borclarının davamlı artması isə bu mexanizmin müəyyən hissəsində problemin yarandığını göstərən ciddi siqnal kimi qəbul edilməlidir".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR