Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib ki, valideynlərin 43 faizi uşaqların sosial şəbəkələrdən istifadəsinə tam nəzarət edə bilmir.
Nazir müavini bildirib ki, təklif edilən qanun sosial şəbəkələrin bağlanmasını deyil, onların istifadəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutur: “Layihə çərçivəsində 16-18 yaşlı istifadəçilər üçün nəzarətli istifadə mexanizmlərinin tətbiqi planlaşdırılır. Yaş məhdudiyyəti ilə yanaşı, hədəfli reklamların və zərərli məzmunun göstərilməsinə də imkan verilməməsi nəzərdə tutulur. Yaş məlumatlarının kommersiya məqsədi ilə istifadəsi də qadağan ediləcək”, deyə nazir müavini vurğulayıb.
Araşdırmaçı ekspert Məhbubə Mehdiyeva Musavat.com-a şərhində bildirib ki, rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsi artıq təkcə ailələrin deyil, dövlətlərin, təhsil institutlarının və texnologiya şirkətlərinin də birgə məsuliyyətinə çevrilib: “Valideynlərin 43 faizinin övladlarının sosial şəbəkələrdə fəaliyyətinə tam nəzarət edə bilməməsi göstərir ki, ənənəvi valideyn nəzarəti mexanizmləri rəqəmsal dövrün çağırışlarına cavab verməkdə müəyyən çətinliklərlə üzləşir.
Hesab edirəm ki, təklif olunan dəyişikliklər uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Xüsusilə də 16–18 yaşlı yeniyetmələrin zərərli məzmundan, aqressiv marketinq strategiyalarından və yaşlarına uyğun olmayan reklam təsirlərindən qorunmasına xidmət edən nəzarət mexanizmləri müəyyən müsbət nəticələr verə biər. Eyni zamanda, yaş məlumatlarının kommersiya məqsədilə istifadəsinin qadağan olunması uşaqların rəqəmsal hüquqlarının və şəxsi məlumatlarının qorunması baxımından əhəmiyyətli yenilikdir.
Bununla yanaşı, beynəlxalq təcrübə göstərir ki, bu sahədə davamlı nəticələr yalnız kompleks və çoxtərəfli yanaşma tətbiq edildidə əldə olunur. Məsələn, Böyük Britaniyada qüvvədə olan "Online Safety Act" qanunu platformalara uşaqlar üçün potensial riskləri qiymətləndirmək və zərərli məzmunun qarşısını almaq öhdəliyi qoyur. Avropa İttifaqının "Digital Services Act" çərçivəsində isə azyaşlılara yönəlmiş hədəfli reklamların məhdudlaşdırılması nəzərdə tutulur. Avstaliyada da sosial media platformalarında yaş təsdiqləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu təcrübələr göstərir ki, hüquqi tənzimləmələr rəqəmsal savadlılığın artırılması, valideynlərin maarifləndirilməsi və platformaların sosial məsuliyyətinin gücləndirilməsi ilə müşayiət olunduqda daha effektiv olur.
Azərbaycanda da bu məsələyə qadağa və ya məhdudiyyət prizmasından deyil, uşaqların təhlükəsiz və sağlam rəqəmsal mühitdə inkişafını təmin edən balanslaşdırılmış yanaşma kimi baxılması məqsədəuyğundur”.
Ekspert vurğulayıb ki, dövlət qurumları, təhsil müəssisələri, valideynlər və sosial media platformaları arasında səmərəli əməkdaşlıq olmadan yalnız nəzarət mexanizmləri ilə uzunmüddətli və dayanıqlı nəticələr əldə etmək çətin ola bilər: “Əsas məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onların bu mühitdən təhlükəsiz, məsuliyyətli və şüurlu şəkildə istifadə etmələrinə şərait yaratmaq olmalıdır. Hər bir halda, bu təşəbbüsün effektivliyi onun praktik tətbiq mexanizmlərindən və bütün maraqlı tərəflərin prosesə nə dərəcədə fəal cəlb olunmasından asılı olacaq”, deyə həmsöhbətimiz qeyd edib.
Nigar Həsənli
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ