İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin təslimi sülhü yaxınlaşdırırmı? - Hüquqşünasdan siyasi-hüquqi mövqe

Xəbər verdiyimiz kimi, Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Viken Abrahamın Ermənistana təhvil verilib.

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a açıqlamasında bildirib ki, bu dörd şəxs Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, qanun qüvvəsinə minmiş məhkəmə qərarı ilə məhkum olunub və 3-ü 15 il, 1-i isə 11 il olmaqla, azadlıqdan məhrum etmə cəzası alıb: "Onların Ermənistana təhvil verilməsi həm siyasi, həm də hüquqi kontekstdə şərh oluna bilər. Bunun siyasi konteksti ondan ibarətdir ki, post-münaqişə dövründə Cənubi Qafqazda artıq yeni reallıqlar formalaşır, Azərbaycan mərkəzli bir Cənubi Qafqaz arxitekturası yaranır. Bu yeni dövrdə Ermənistan-Azərbaycan arasında sülh quruculuğu prosesi, ikitərəfli danışıqlar əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan tərəfindən atılan bu addım birinci növbədə normallaşma prosesinə xidmət edən məsuliyyətli addımdır.

İkinci növbədə isə beynəlxalq hüququn icazə verdiyi çərçivədə humanizm addımıdır. Amma burada bir məqamı da qeyd etmək lazımdır. Məlumdur ki, Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan arasında ikitərəfli danışıqlar nəticəsində müəyyən müsbət irəliləyişlər mövcuddur. ABŞ-də sülh sazişinin layihəsi paraflanıb, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti müəyyən nəticələr yaradıb. Ermənistanın indiki hakimiyyətinin siyasətində Azərbaycanın Cənubi Qafqazdakı və Zəngəzur dəhlizi ilə bağlı siyasəti ilə müəyyən qədər uyğunlaşma nəzərə çarpır. Bu baxımdan Ermənistan daxilindəki revanşist qüvvələrə, sülh quruculuğu prosesinə mane olmağa çalışan qüvvələrə də imkan verməmək üçün bu cür humanist addım yerində atılmış qərar sayıla bilər".

P.Mehdiyev qeyd edib ki, bu, ekstradisiya məsələsi deyil: “Ekstradisiya cinayət törətməkdə şübhəli bilinən, haqqında hökm çıxarılmamış şəxsin digər dövlətə verilməsidir. Amma bu halda söhbət artıq məhkum olunmuş şəxslərin verilməsindən gedir. Azərbaycan 21 mart 1983-cü il tarixli “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa konvensiyasına qoşulub. Bu məsələ həmin konvensiya ilə tənzimlənir və Azərbaycan onu 2000-ci ildə qanunla təsdiq edib. Həmin konvensiyanın tələblərinə əsasən, bu cür məhkum olunmuş şəxslərin verilməsi dövlətlər üçün öhdəlik deyil. Yəni Azərbaycan bu şəxsləri verməyə borclu deyildi. Cəzanın qalan hissəsinin digər dövlət tərəfindən icrası yalnız ikitərəfli razılaşma əsasında baş tuta bilər. Bu addım digər məhkumlara da şamil ediləcək presedenti yaratmır. Ermənistanda seçkilər yaxınlaşır. Bu seçkilərə qədər Ermənistan hakimiyyəti sülhün real nəticələrini ictimaiyyətə göstərə bilmək üçün delimitasiya və bu məhkumların geri qaytarılması kimi addımları nümayiş etdirməyə çalışacaq”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR