Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Bakıda daha bir qadın estetik əməliyyatın qurbanı olub. Hadisə "Kəpəz" Hospitalında qeydə alınıb. Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turpun hospitalda keçirdiyi plastik əməliyyatdan sonra ölüb. Əməliyyatın cərrah Seymur Məmmədov tərəfindən icra olunduğu bildirilir.
Xatırladaq ki, bundan öncə də cərrah Seymur Məmmədovun əməliyyat etdiyi iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva da həmin cərrah tərəfindən Yasamal rayonunda yerləşən "Etalon" klinikasında əməliyyat ediləndən sonra dünyasını dəyişib. Artıq pasiyentin ölüm faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma başlanıb.
Qadınlar niyə plastik əməliyyatların qurbanı olur?
Professor Adil Qeybulla Musavat.com-a deyib ki, əməliyyatdan sonrakı yaxın dövrdə baş verən ölümlərin hər biri diqqətlə tədqiq edilməli və ölümün birbaşa səbəbini müəyyənləşdirmək üçün mütləq autopsiya olunmalıdır: "Təcrübə göstərir ki, estetik əməliyyatlardan sonra böyük piy kütlələrinin və dəri elementlərinin xaric edilməsinə, eləcə də xeyli maye itkisinə baxmayaraq, xəstələrə kifayət qədər maye köçürülmür. Nəticədə orqanizmın bərpa prosesi zamanı dehidratasiya, yəni susuzlaşma baş verir, su-elektrolit mübadiləsi pozulur və lazımi göstəricilər vaxtında korreksiya olunmur”.
Bundan əlavə, A.Qeybula deyib ki, əməliyyatdan əvvəlki dövrdə nəzərə alınmayan yanaşı xəstəliklər əməliyyatdan sonrakı mərhələdə fəsadlaşa və ağırlaşa bilir.
Professor əlavə edib ki, bütün bu məsələlər fərdi şəkildə araşdırılmalıdır, çünki ölümün səbəbi hər zaman həkimlə bağlı olmaya bilər, başqa yatrogen mənşəli amillər də mümkündür: “Ona görə də baş verənlərə ümumi qiymət vermək düzgün deyil. Təəssüf ki, hazırda dünyasını dəyişən xəstələrin heç biri təşrih olunmur, diaqnozları dəqiqləşdirilmir və bu da şaiyələrin yaranmasına səbəb olur. Şikayət edildikdə isə prosesin düzgün aparılması üçün meyit eksqumasiya olunmalı, yəni qəbirdən çıxarılıb yenidən təşrih edilməlidir ki, mərhumun yaxınları buna da izin vermirlər. Bütün bu problemləri qaydaya salmaq və sistemləşdirmək lazımdır. Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin autopsiya etmək və dəqiq diaqnoz qoymaq üçün kifayət qədər təcrübəli mütəxəssisləri var, sadəcə vətəndaşları buna inandırmaq hələ ki mümkün olmur".
Afaq Mirayiq
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ