Onlayn ictimai-siyasi qəzet
Bir nəfər xəstəni Mərkəzi Klinikaya aparıblar, onun oğlu isə obyektdən şikayətçi imiş. Sitat: “Əvvəlcə 2500 manat istədilər, bu məbləğ etirazlardan sonra 1900 AZN, ardından 1600 AZN-ə endirildi. Xərclərin rəsmi və yazılı izahatını istədikdə, Kardiologiya şöbəsinin müdiri, əməkdar həkim Firdovsi İbrahimov təhqiramiz ifadələr işlətdi”. Sitatın sonu.
Sanki bazar imiş, qiymət danışırmışlar. “Aşağı yeri nədir” mənasında.
Ancaq doktor da açıqlama yayıb, deyir, əksinə, biz xəstəni pulsuz sağaltdıq, oğlu isə ödəmə etməmək üçün bizi söydü.
Burada kim haqlıdır, müəyyən etmək bizim işimiz deyil, necə deyərlər, əlaqədar orqanların vəzifəsidir. Çünki bu saat onlar Tik-tokda izləyici ilə söyüşəni, Feysbukda təhqirli şərh yazanı belə gözdən qaçırmır, dərhal damlayır, cərimələyirlər. İndiki halda kim-kimi təhqir edib, zəhmət çəksinlər, bunu da ortaya çıxarsınlar. Mənə sadəcə həkimin bəyanatındakı bir-iki cümlə xüsusi maraqlı gəldi.
Doktor deyir ki, bu cür əməllər həkimlərə etimadı azaldır: “Əziz media nümayəndələri, həkimlərə qarşı heç bir açıqlamaya əsaslanmadan, qarşı tərəfi dinləmədən aparılan qarayaxmalar nəticəsində ölkədə həkimlərin sayı ciddi şəkildə azalır. Bu kimi hallara görə bir çox klinika ağır xəstələri qəbul etməkdən çəkinir. Ölkədəki həkimlərin əksəriyyətinin adından deyə bilərəm ki, ciddi etimad problemi yaşayırıq”. Yenə sitatın sonu.
Yəqin sayın doktor burada “əziz media” deyəndə məni də nəzərdə tutmuşdur, ona görə müraciəti cavabsız qoymağı tərbiyəsizlik, hətta daha bir etimadsızlıq örnəyi saymaq olardı. Ona görə fikirlərimi yazmağı borc bildim.
Doğrudan da Azərbaycanda etimadsızlıq şiddətlə artır. Bütün sferalarda. Tək həkim-xəstə arasında olsa nə dərdimiz vardı? Seçici deputata, şagird müəllimə, müəllim yol polisinə, sərnişin avtobus sürücüsünə, maşinist metroya, oxucu köşə yazarına, müştəri qəssaba, tamaşaçı rejissora, dinləyici manısa, yazıçı şairə, şair Anar müəllimə və sairə və ilaxır – etimad göstərmir. İndiki uşaqlar bilməz, qabaqlar bir “etimad telefonu” deyilən şey var idi, bəlkə onu bərpa etmək lazımdır.
Misal üçün, son günlər dana ətinin və toyuq filesinin qiyməti uça-uça gedir, müştərilər bu qalxan qiymətlərə baxıb ağzının suyunu axıdır. Hamı narazılıq edir, ancaq heç fikirləşən yoxdur ki, bəs bu yazıq danalar və toyuq-cücə nə etməlidir? Onlar niyə ucuz olmalıdır?
Yeri gəlmişkən, sayın doktorun qan və iynə ilə yazılan kəskin açıqlamasında bu istiqamətdə yaxşı fikirlərə rast gəlirdik. Sitat: “İstifadə olunan tibbi sərf materiallarının hamısı ABŞ və Yaponiyada istehsal edilir və çox bahalıdır”.
Həqiqətən. Camaat elə zənn edir ki, onları klinikada Masazır gölündən yığılan duz, Qəbələdən toplanan dazıotu ekstraktı, nə bilim, Biləcəridəki maşın ustası Mirişin düzəltdiyi alətlərlə müalicə və əməliyyatdan keçirirlər. Şəxsən mən Yaponiyadan alınmayan dərmanı qarnım ağrıyanda da atmıram.
Qayıdaq etimad və ət mövzusuna. (Az qala ətimad yazmışdım). Siz 1 kq dana ətinin maya dəyərinə hansı komponentlərin daxil olduğunu bilsəydiniz, ona 20-25 manat verəndə sevindiyinizdən “Maral, maral, maral, eşqinə düşdüm maral” havasını oynayardınız.
İlk növbədə, hamı burada “ot, yem, su bahadır” deyə düşünür, lakin iş bununla bitmir ki? Ət örüşdən dükana, ordan da xalqın qazanına çatanacan ona neçə-neçə canavar ağız atır. O dişləyir, bu qopardır, o biri didişdirir, dördüncüsü cırmaqlayır, beşinci qanını sorur, altıncı analiz edir, yeddinci dializ edir, səkkizinci şəklini çəkir, doqquzuncu videosunu çəkir, onuncu canavar heç nə eləmir, sadəcə qıradqan mırıldamağı bəsdir!
Bəli. Dana əti bizdə çox baha başa gəlir. Canavarlar üzündən. Toyuq da tülkülərə görə bahalaşır.
Bəs niyə canavarlara və tülkülərə qarşı mübarizə aparılmır? Çünki bizdə yeganə etimadını itirməyən varlıqlar məhz canavar və tülkülərdir.
P.S. Açığı, biz jurnalistlər də belə şeylərə görə ağır şikayətləri qəbul etməkdə tərəddüd yaşayırıq. Çünki sonra iş həll ediləndə təşəkkür əvəzinə bizi söyürlər.
25 Sentyabr 2026
24 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ