Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Rusiyada çəkilən detektiv serialların bir dəyişməz motivi var: bandit qrupu uğur və pul qazanmış bir müəssisəyə gəlir, deyir: “Bu gündən bura bizimdir, şələ-küləniz yığışdırın, rədd olun”.
Belə hallarda bir qayda olaraq biznesmen müqavimət göstərir, deyir, yüz bir zəhmətlə iş qurmuşam, niyə sizə verməliyəm.
Bu təqdirdə uzun-uzadı danışmağı sevməyən banditlər qeyri-konstruktiv biznesmeni ya danaboyun, ya da itsürütməsi edir, başına tapança dirəyir, arvad-uşağını girov götürüb tərk edilmiş zavodda saxlayır, işgəncə verir, axır ki, gəlirli müəssisənin sənədlərini alır, mənimsəyirlər. Türklər buna “üstünə çökmək”, ruslar isə “reyder basqını” deyirlər.
Düzdür, axırda bir prinsipial, dürüst, satılmaz orqan işçisi ortaya çıxıb haqq-ədaləti bərpa edir, amma hiss edirsən ki, prosesin əvvəl həyati gerçəkliklərdən bəhs edirsə də, axırı uydurmadır. Hardadır elə prinsipial oğlan ki, mafiya ilə təmənnasız vuruşsun və adamların haqqını özünə qaytararkən “yeni şərikiniz mənəm” deməsin?
Elə bu günlərdə özümüzdə də belə bir xəbər yayılmışdı ki, qoluzorlu adamlar 21 milyonluq dərman firmasını 300 min manata sənədləşdirib alıblar, sonra hətta verdikləri 300 mini də geri alıblar ki, əlimiz aşağıdır, xərcimiz çoxdur.
İndi varsa bir serial qəhrəmanı, çıxsın ortaya.
Bizdə adətən belə kobud işləməzdilər. Halallıq almaq institutu vardı. Məsələn, bir pullu adam gəlirdi, bir yeri (obyekti, köhnə tikilini) normal qiymətə (yəni bir az ucuz) almaq istəyirdi. Elə olurdu ki, yer yiyəsi höcət biri çıxırdı, deyirdi, satmıram. Çox dilə tuturdular, adam fantastik qiymət deyirdi, tutaq ki, 300 minlik yerə 1 milyon oxuyurdu. Onda alıcı “ta özün bil, Allah buradan sənə xeyir versin” deyir, incik-incik çıxıb gedirdi. Aradan ya qısa (3-4 gün), ya da uzun (3-4 ay) müddət keçirdi, gecənin birində həmin yer öz-özünə, sırf təsadüfən, əsasən elektrik qısaqapanmasından od tutub yanırdı, yerində küldən başqa bir şey qalmırdı. Belə olanda yerin yiyəsi quru torpağı dəyər-dəyməzinə satmalı olurdu.
Bu cür incə işlər, optimal həll yolları olan yerdə basqın etmək, harasa çökmək nəyə lazımdır? İki kanistr benzin, bir cüt alışqan, üç icraçı, vəssalam, şüttəmam.
Dünyanın baş prezidenti Trampın Qrenlandiyaya qarşı “reyder basqını”na hazırlaşmasına, adanın üstünə çökmək istəməsinə baxanda adamın yadına istər-istəməz qonşu ölkələrdə çəkilən seriallar düşür.
Trampın etdiyi o hərəkətlərin birəbir eynisidir. Adam vaxtaşırı bəyanat verir, deyir ki, Qrenlandiya bizə lazımdır, orda işimiz var, təhlükəsizliyimizi təmin etməliyik-filan.
Sanki o boyda ada onun qanuni sahibinə lazım deyil.
Hələ başqa bir amerikalı rəsmi Qrenlandiyanın Danimarkaya məxsus olmasının qanuniliyini şübhə altına alıb. Bir başqası da deyib ki, Danimarka adanı qorumaq iqtidarında deyil.
Vəssalam. Qoruya bilmirsə, vur qapazı Kopenhagenin təpəsinə, al Qrenlandiyanı əlindən. Qoçu deyilsənmi? Okeanda o qədər ada var, çoxunun da sahibi zəifdir, ABŞ hücum etsə, torpaqlarını qoruya bilməzlər. Deməli, nə olmalıdır? Əlbəttə ki, reyder basqını – “bundan sonra bura bizimdir”.
Trampın yaxşı, məlumatlı müşavirləri olsa, ona deyərlər ki, gəl Azərbaycandakı kimi incə işləyək, kobudluq etməyək, Danimarka Qrenlandiyanı satmır, qoy satmasın, elə edək ki, ucuza satmağa razı olsun. İdeya vermək kimi çıxmasın, Qrenlandiyaya yan alan ABŞ esminetslərində benzin kanistrləri yoxdurmu? Əlbəttə, var, özü də tanker-tanker. Ta nə dağa-daşa düşürsüz? Alışqanla alışdırın, maşa götürün, qarışdırın.
Zarafat bir yana, artıq bu adamdan qorxmaq lazımdır. Qoçudur. Hozudur. Tərs kimi, gəlib Zəngəzur dəhlizinə də əl qoyub. Qorxasan, dəhliz işə düşəndən sonra bir alay ABŞ kommandosunu gətirib yığa Mehriyə və yola qiymət qoya, deyə buradan mal və sərnişin keçirməyin qiyməti budur, xoşunuz gəlir, keçin, gəlmir, keçməyin.
Düzdür, bu, bizim folklordakı Dəli Domrul nağılının gerçəkləşməsi demək olar, amma adamdan belə bir hərəkət gözləmək olarmı? Olar.
Bu, 2028-ci ildə də prezidentliyə namizəd olacaq. Baxarsınız.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ