İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadi blokda antikorrupsiya həbsləri

Vergi və gömrükdə son hadisələr iqtisadi idarəetmədə “məmur-sahibkar” münasibətlərinə nəzarətin gücləndirildiyini göstərir, bəs bundan sonra nə olacaq?

Vergi və gömrük sistemində yüksək vəzifəli şəxslərlə bağlı cinayət işlərinin ard-arda gündəmə gəlməsi dövlətin iqtisadi blokunda korrupsiya risklərinə qarşı mübarizənin sərtləşdiyini göstərir.

Son olaraq Dövlət Vergi Xidmətinin iki vəzifəli şəxsi - Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov həbs olunub.

İstintaqın ilkin məlumatlarına görə, onlar 2026-cı ilin mayında Bakıda ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının aparılmaması, cərimə tətbiq edilməməsi və digər güzəştlər müqabilində ümumilikdə 200 min manat rüşvət almaqda şübhəli bilinirlər.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Bu hadisədən əvvəl isə gömrük sistemində vəzifə cinayəti ilə bağlı araşdırma başlanıb. Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin keçmiş rəisi Kamran Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu maddəsi və digər maddələrlə cinayət işi açılıb. İstintaq onun vəzifə saxtakarlığı törətməsi ilə bağlı iddiaları araşdırır.

Maraqlı məqam ondan ibarətdir ki, K.Yusifov Balakən Gömrük İdarəsinə cəmi bir il yarım əvvəl rəis təyin edilmişdi. Bundan əvvəl isə Mazımqara Gömrük Postuna rəhbərlik edib. O, təxminən iki ay əvvəl vəzifəsindən azad olunub.

Vergi və gömrük sisteminin sahibkarlarla birbaşa təmasda olan sahələr olması korrupsiya risklərini xüsusilə artırır. Vergi yoxlamasının aparılıb-aparılmaması, cərimənin tətbiqi, gömrük rəsmiləşdirilməsi və digər inzibati prosedurlar məmura sahibkar üzərində ciddi təsir imkanları verir.

Bu baxımdan, 200 min manatlıq rüşvət işi yalnız iki məmurun mümkün qanunsuzluğundan ibarət məsələ deyil. İstintaqın müəyyən edəcəyi əsas suallardan biri həmin mexanizmin sistemli olub-olmamasıdır: sahibkarlar həqiqətən müəyyən vəzifəli şəxslərə mütəmadi ödəniş ediblərmi, yoxsa söhbət konkret epizoddan gedir?

Digər mühüm məsələ isə belə halların dövlət büdcəsinə və sahibkarlıq mühitinə təsiridir. Vergi yoxlamasından yayınmaq üçün rüşvət verilməsi bir tərəfdən büdcə gəlirlərinin itirilməsi riskini yaradır, digər tərəfdən qanuni fəaliyyət göstərən sahibkarlarla korrupsiya mexanizmindən istifadə edənlər arasında qeyri-bərabər rəqabət formalaşdırır.

Gömrük sistemində vəzifə cinayəti ilə bağlı araşdırmanın aparılması da eyni kontekstdə diqqət çəkir. İstintaq nəticəsində dövlətə və ya vətəndaşlara konkret ziyanın vurulub-vurulmadığı və ziyanın məbləği müəyyənləşdiriləcək.

Vergi və gömrükdə son hadisələr iqtisadi idarəetmədə “məmur-sahibkar” münasibətlərinə nəzarətin gücləndirildiyini göstərir. İndi əsas məsələ həbslərin özü deyil, bu işlərin davamında korrupsiya sxemlərinin hansı səviyyəyə qədər uzandığının ortaya çıxarılmasıdır...

Əkrəm Həsənov: "Bank Standard"ın bəzi borclularına güzəşt edilir"

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, vergi orqanlarında korrupsiya əvvəlki qədər deyil: “Heç gömrükdə də əvvəlki qədər korrupsiya yoxdur. Amma təbii ki, gömrükdə korrupsiya vergi orqanları ilə müqayisədə daha çoxdur. Bunun səbəbi odur ki, sahibkar gömrükdə məmurun özbaşınalığından daha çox asılıdır. Məsələn, siz xaricdən mal gətirmisiniz, həmin mal xarab ola bilər, başqa öhdəlikləriniz var. Belə vəziyyətdə məmur sizdən pul istəyirsə, məcbur qalıb verirsiniz ki, təki malınız gömrükdən keçsin. Elə buna görə də gömrük orqanlarına qarşı məhkəmə işləri çox azdır. Praktikada bu cür işlərə baş qoşmaq istəyən olmur. Vergi sistemində isə vəziyyət bir qədər fərqlidir. Çünki sistem o qədər avtomatlaşdırılıb ki, vergi əməkdaşları rüşvət almağa çəkinirlər. Orada güclü daxili nəzarət mexanizmi qurulub və proseslər yüksək səviyyədə avtomatlaşdırılıb. Sistem özü göstərir ki, hansı addım atılmalı idi, kim bunu etməyib və niyə etməyib”.

Əkrəm Həsənov deyib ki, son illərdə vergi sahəsində başqa bir ifrat vəziyyət yaranıb: “Yersiz-yersiz sahibkarlara cərimələr yazılır. Bununla əməkdaşlar özlərini sığortalayırlar ki, sabah rəhbərlik onları hansısa pozuntuya görə ittiham etməsin. Nəticədə sahibkarların başına böyük problemlər açılır. Rüşvət almırlar, əvəzində yazırlar ki, bu qədər vəsaiti dövlət büdcəsinə ödəməlisən. Hətta rüşvət təklif olunsa belə, qəbul etmirlər. Çünki anlayırlar ki, sonradan bu fakt üzə çıxa bilər. Sahibkar isə məcbur qalıb vergi orqanı ilə məhkəməyə gedir və illərlə məhkəmə çəkişmələrində sürünür. Bu, əlbəttə, o demək deyil ki, vergi orqanlarında rüşvət yoxdur. Rüşvət var. Sadəcə, rüşvət alan bunu elə etməlidir ki, avtomatlaşdırılmış sistem sonradan bunu aşkar etməsin.  Məsələn, sistem göstərməsin ki, burada problem var idi, bəs sən niyə həmin şəxsi məsuliyyətə cəlb etməmisən, bunda hansı marağın olub? Praktikada, yəqin ki, belə hallar olur ki, əməkdaş sahibkarı məsuliyyətə cəlb etməli olduğu halda bunu etmir. Bir müddət sonra yoxlama zamanı həmin pozuntu üzə çıxır və sahibkardan vergi tələb olunur. Sahibkar da deyir ki, sizə nə demisiz  vermişəm. Beləliklə, məlum olur ki, kimsə ondan qanunsuz pul alıb. Bir daha vurğulamaq istəyirəm ki, vergi sistemindəki bu sərt nəzarətin başqa mənfi nəticələri də var. Vergi orqanları bəzən kimə gəldi sahibkarları cərimələyirlər və deyirlər: "Get, məhkəmədə haqqını tələb et". Amma yenə də qeyd edirəm ki, rüşvət var, sadəcə, digər dövlət orqanları ilə müqayisədə vəziyyət fərqlidir. Vergi sahəsində əsas məqsəd, nəyin bahasına olursa-olsun, dövlət büdcəsini doldurmaqdır".

Əkrəm Həsənov deyib ki, bunun qarşısını almağın yolu isə sistemli islahatlardır: “Məmurların gəlir və xərcləri barədə bəyannamə tətbiq edilməlidir. Əgər gəlir bəyannaməsi sistemi tətbiq olunsaydı, son günlərin aktual mövzularından biri olan kartdan-karta köçürmələrə tətbiq edilən məhdudiyyətlərə də ehtiyac olmazdı. Bundan başqa, dövlət reyestrləri açıq olmalıdır. Buraya kommersiya hüquqi şəxslərinin reyestri, daşınmaz əmlak reyestri və digər məlumat bazaları daxildir. İctimaiyyət, media və ekspertlər həmin məlumatları yoxlaya bilməlidirlər ki, kim hansı əmlaka malikdir, onu hansı vəsait hesabına əldə edib. Yalnız bu halda korrupsiyaya qarşı sistemli mübarizədən danışmaq mümkündür. Yoxsa ayrı-ayrı şəxslərin tutulması ilə problem həll olunmur. Korrupsiyanın azaldığını deyəndə, bu o demək deyil ki, problem tam aradan qalxıb. Sadəcə, indi bəziləri ehtiyatsız davranır, qanunsuz əməllərini elə şəkildə törədirlər ki, sonradan bunu ört-basdır etmək mümkün olmur və nəticədə məsuliyyətə cəlb edilirlər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR