İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Kremllə bütün “körpüləri yandırır”: Rusiya kəşfiyyatı Paşinyanı niyə açıq hədəfə çıxarır

Rusiya kəşfiyyatı Avropa Birliyinin rəsmi İrəvanın milyardlarla dollar həcmində potensial iqtisadi itkilərini kompensasiya edə bilməyəcəyinə əmindir və Paşinyana hakimiyyətinə məsləhət görür ki, Qərbin Ermənistanı maliyyələşdirəcəyinə qətiyyən bel bağlamasın... SVR-in iddiasına görə, tezliklə rəsmi İrəvandan Ermənistanda Rusiyanın biznes mövcudluğunun azaldılması, Kreml ilə humanitar əlaqələrin zəiflədilməsi və ölkədə bu kursa qarşı çıxanların susdurulması da tələb ediləcək...

Rusiya Ermənistana münasibətdə mövqeyini sərtləşdirməkdə davam edir. Belə ki, Kremlin Ermənistana tətbiq etdiyi iqtisadi-ticari sanksiyalar artıq bu ölkənin kənd təsərrüfatı sektoruna sarsıdıcı zərbələr vurmaqdadır. Üstəlik, Rusiya bu sarsıdıcı zərbələri Ermənistan iqtisadiyyatının digər sahələrinə də yönəltmək niyyətini qətiyyən gizlətmir. Yəni, belə anlaşılır ki, rəsmi İrəvan Kremlin tələblərini, xüsusilə də, Qərbə yaxınlaşma kursundan imtina şərtini yerinə yetirməzsə, Rusiya Ermənistan iqtisadiyyatını tamamilə çökdürülməsinə qərar verə bilər.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladinir Putinlə telefon danışında pozitiv nəticələr ala bilməyən Ermənistan baş naziri Nikol Paşinyan artıq Rusiyanın mövqeyini sərt şəkildə tənqid etməyə başlayıb. Hətta erməni baş nazir bəyan edib ki, Ermənistan mallarının Rusiyaya tədarükünə qoyulan məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının faktiki olaraq, "iflic" vəziyyətinə düşdüyündən xəbər verir. Onun fikrincə, bu vəziyyət bütün birlik üçün olduqca ciddi problemdir və əgər, məsələ həll edilməzsə, blok üçün "sonun başlanğıcı" qaçılmaz ola bilər. Erməni baş nazir onu da vurğulayıb ki, rəsmi İrəvan xarici siyasət və iqtisadiyyat sahəsi üzrə Rusiyaya alternativlər hazırlamaqda davam edəcək.

e4c2d9b4-0671-4374-b7f4-a751048e8875.jpg (135 KB)

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə apardığı danışığın detallarını da artıq açıqlamağa başlayıb: “Rusiya prezidentinə dedim ki, Ermənistan Avropa Birliyinə inteqrasiya yolunu seçib və bu istiqamətdə irəliləyəcək. Çünki Ermənistan vətəndaşları bu istiqamətə səs verib. Rusiya prezidenti isə məni seçki qələbəsinə görə hələ təbrik etməyib. Ancaq indi bir sual da yaranır ki, o, bu halda, telefonda kiminlə danışırdı?"

Belə görünür ki, Rusiya-Ermənistan münasibətlərində siyasi-diplomatik təmasların məzmunu artıq tədricən qarşılıqlı ictimai təzyiq mövzusuna çevrilir. Ermənistan cəmiyyətində belə qənaətlər mövcuddur ki, Kreml və rəsmi İrəvan arasındakı münasibətlərdə böhran artıq ciddi şəkildə dərinləşib. Belə ki, rəsmi İrəvan iki ölkənin münasibətlərində iqisadi-ticari mövzuları qabardır. Ancaq Rusiya isə Paşinyan hakimiyyətinin Avropa Birliyinə inteqrasiya kursunu və Ermənistanda bu məsələ ilə bağlı referendumun keçirilmə zərurətini ön plana çəkir. Və bu, onu göstərir ki, Kreml rəsmi İrəvanı onun iradəsinədən kənar referenduma həm məcbur etməyə, həm də Ermənistan vətəndaşlarının səsverməsinə çıxarılacaq mövzunu da müəyyənləşdirməyə çalışır.

Maraqlıdır ki, bir müddət öncə Kreml rəsmisi Dmitri Peskov referendumla bağlı konkret tarixlər müzakirə olunmasa da, onun mümkün qədər tez bir zamanda keçirilməsinin zəruri olduğunun razılaşdırıldığını vurğulamışdı. Ancaq baş nazir Nikol Paşinyan buna cavab olaraq, Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendumun yalnız bu quruma rəsmi müraciətdən və məsələ konkret müzakirə predmetinə çevrildikdən sonra mümkün ola biləcəyini vurğulayıb. Və bu isə artıq onu göstərir ki, qarşıduran tərəflər arasında razılaşma deyil, daha kəskin ziddiyyətlər mövcuddur.

3ba0579e-4de5-4a19-8a61-d9c8b4f73457.jpg (179 KB)

Bütün bunlara paralel olaraq, Kremlə yaxın “İzvestiya” nəşri Qərbdəki mənbələrinə istinadən məlumat yayıb ki, Avropa Birliyi Ermənistandan Rusiyaya münasibətdə viza rejiminin tətbiqini tələb edir. Nəşr iddia edir ki, Avropa Birliyinə üzvlük üçün Ermənistan bu qurumun xarici siyasət prioritetlərini dəstəkləməyə, konkret olaraq isə Rusiya vətəndaşlarına yönəlik viza rejiminin tətbiqinə və Kremlin əleyhinə olan sanksiyalara qoşulmağa məcburdur.

Avropa Parlamentinin üzvü, əvvəllər Ermənistanla əməkdaşlıq komitəsində təmsil olunmuş Fernan Kartheiser “İzvestiya”ya bildirib ki, rəsmi İrəvanın Avropa Birliyinin Rusiya ilə bağlı güclənən təzyiqlərinə tab gətirəcəyinə və Ermənistanın maraqlarını daha üstün tutacağına ümid edir. Onun fikrincə, Avropa Birliyi hazırda “Ermənistandan öz geopolitik məqsədləri üçün istifadə edir. Ancaq buna baxmayaraq, Ermənistanı Rusiyaya qarşı atılan addımların qaçılmaz iqtisadi və siyasi nəticələrindən qoruya bilməyəcək.

d6a64121-148e-41f4-9a5b-b5c496cb89bc.jpg (158 KB)

Digər maraqlı məqam isə odur ki, Rusiya kəşfiyyatı da rəsmi İrəvana Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, Ermənistanın dərin iqtisadi böhranla üzləşmə riski barədə ciddi xəbərdarlıq edib. Üstəlik, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Avropa Birliyində Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, üzləşəcəyi dərin iqtisadi böhran riskindən xəbərdar olduqlarını da vurğulayıb. Və ona görə də, SVR rəsmi İrəvana məsləhət görüb ki, Avropa Birliyinin böhrana düşəcək Ermənistanı maliyyələşdirəcəyinə qətiyyən bel bağlamasın.

Məsələ ondadır ki, Rusiya kəşfiyyatı Avropa Birliyinin rəsmi İrəvanın milyardlarla dollar həcmində potensial iqtisadi itkilərini kompensasiya edə bilməyəcəyinə əmindir və “qoca qitə” ölkələrinin artıq öz bazarlarını Ermənistan malları üçün açmaq istəmədiyini iddia edir. SVR-in iddiasına görə, Avropa Birliyi rəsmi İrəvandan Ermənistanda Rusiyanın biznes mövcudluğunun azaldılmasını, Kreml ilə humanitar əlaqələrin zəiflədilməsini və ölkədə bu kursa qarşı çıxanların susdurulmasını da tələb edəcək. Və belə anlaşılır ki, Kreml rəsmi İrəvana qarşı təzyiq üçün bütün vasitələri, hətta Rusiya kəşfiyyatını belə, hərəkətə gətirib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR