Onlayn ictimai-siyasi qəzet
Fransanın “Le Monde” qəzetinin Azərbaycanda TikTok istifadəçilərinin inzibati qaydada həbsindən bəhs edən materialı yenidən müzakirələrə səbəb olub. Məqalədə ayrı-ayrı hüquqi hadisələr daha geniş siyasi kontekstə yerləşdirilir və Azərbaycanda “repressiv mühitin” mövcud olduğu iddia edilir.
Yazıda əsas diqqət 5 ay ərzində 206 TikTok istifadəçisinin saxlanıldığı barədə iddiaya yönəldilir. Lakin həmin rəqəmin əsaslandığı araşdırmanın hələ ictimaiyyətə təqdim edilmədiyi bildirilir. Bu isə məlumatın necə toplandığı, saxlanılan şəxslərin konkret olaraq hansı əməllərə görə məsuliyyətə cəlb edildiyi və onların işləri üzrə hansı məhkəmə qərarlarının çıxarıldığı barədə suallar yaradır.
Məsələnin başqa bir tərəfi isə sosial şəbəkə qaydaları ilə milli qanunvericiliyin eyniləşdirilməsidir. TikTok-un müəyyən məzmunu qadağan etməməsi həmin davranışın Azərbaycan qanunvericiliyi baxımından avtomatik olaraq qanuni olduğu anlamına gəlmir. Eyni zamanda, hər bir inzibati və ya cinayət işinin siyasi motivli olub-olmaması konkret faktlar əsasında araşdırılmalıdır.
“Le Monde”in materialında isə tənqid edilən əsas məqam faktların təqdimatından daha çox onların hansı kontekstdə seçilməsidir. Azərbaycandakı müxtəlif hüquqi proseslər bir araya gətirilərək vahid “repressiya” mənzərəsi yaradılır. Halbuki hər bir iş üzrə ittihamın mahiyyəti, məhkəmə qərarı, müdafiə tərəfinin mövqeyi və dövlət qurumlarının açıqlamaları ayrıca araşdırılmalıdır. Bu yanaşma Azərbaycan–Fransa münasibətlərində son illərdə yaranmış siyasi gərginlik fonunda daha çox diqqət çəkir. Bakı dəfələrlə Parisin Azərbaycana münasibətində siyasi motivlərin və ikili standartların olduğunu bildirib. Belə vəziyyətdə Fransanın aparıcı mediasının Azərbaycanla bağlı materiallarında nə dərəcədə obyektiv və balanslı yanaşmanın qorunduğu sualı aktuallaşır.
“Le Monde”nin Azərbaycanda TikTok istifadəçiləri ilə bağlı hadisələri təqdim etməsi nə dərəcədə jurnalist obyektivliyinə uyğundur və Fransa–Azərbaycan münasibətlərindəki siyasi gərginlik bu ölkənin mediasının Azərbaycana yanaşmasına təsir göstərə bilərmi?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Musavat.com-a bildirib ki, “Le Monde” qəzetinin Azərbaycanda TikTok istifadəçilərinin inzibati qaydada məsuliyyətə cəlb olunması, bu fonda guya söz və ifadə azadlığının boğulması barədə məqaləsi ilk növbədə jurnalistika prinsiplərinə ziddir:
“Peşəkar media qurumu olsaydı, ilk növbədə jurnalistikanın fundamental prinsiplərindən birini- faktların yoxlanılması və təqdim olunan məlumatların mənbə baxımından şəffaflığını-nəzə alardı. Bu baxımdan yanaşsaq, Le Mondenin iməqaləsində “5 ay ərzində 206 TikTok istifadəçisinin saxlanıldığı barədə rəqəmin hansı metodologiya ilə əldə edildiyi, araşdırmanın müəlliflərinin kim olduğu, hansı məhkəmə qərarlarının təhlil edildiyi və həmin şəxslərin konkret hansı hüquq pozuntularına görə məsuliyyətə cəlb edildiyi” sualları açıq qalır. Araşdırmanın hələ ictimaiyyətə təqdim edilməməsi isə rəqəmin müstəqil şəkildə yoxlanmasını çətinləşdirir. Legitim mənbələrdə öz təsdiqini tapmamış bir məlumatı təsdiqlənmiş fakt kimi təqdim etməsi yumşaq desək, Le Mondenin qeyri-peşəkarlığından, ya da açıq qərəzindən irəli gəlir”.
Ekspert qeyd edib ki, burada digər bir maraqlı nüans da var. Sosial şəbəkələrin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinə təşəbbüs göstərilməsi, oradakı neqativlərin qarşısının alınması üçün addımların atılması hadisəsi heç də Azərbaycana məxsus trend deyil:
“Əksinə, Avropanın özündə bu istiqamətdə kifayət qədər sərt qanunvericilik təşəbbüsləri olub. Fransa hələ 2018-ci ildə “İnformasiyanın manipulyasiyasına qarşı mübarizə haqqında” qanun qəbul edərək onlayn platformaların, xüsusilə sosial şəbəkələrin üzərinə ciddi öhdəliklər qoyub. Qısaca deyim ki, fransada sosial şəbəkələrdə xətaya yol verən, qanunla yasaqlanan məlumatları bu platformalarda paylaşanlar üçün nəzərdə tutulan cərimə və cəzaların miqdarı Azərbaycan qanunvericiliyindəkindən 34 dəfə yüksəkdir. Le Monde niyə Fransanı deyil, Azərbaycanı araşdırır?Sosial şəbəkələrə münasibətdə “sərt tənzimləmə” Fransa kimi “demokratik” ölkələrdə mövcuddur. Bu ölkələrdə də milli təhlükəsizlik, dezinformasiya, nifrət nitqi və ictimai asayiş arqumentləri ilə platformaların fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edilir. Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı ilə bu sahədə ümumavropa qaydalarının formalaşdırılması göstərir ki, sosial platformaların tənzimlənməsi artıq ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə Avropa siyasətinin əsas istiqamətlərindən biridir”.
M.Ələsgərlinin sözlərinə görə, "Le Monde"nin materialına əsas sual da məhz budur ki, qəzet Azərbaycandakı hadisələri universal jurnalist meyarları ilə qiymətləndirirmi, yoxsa Azərbaycanla bağlı siyasi konteksti əvvəlcədən müəyyən edilmiş çərçivəyə yerləşdirərək təqdim edir:
“Təbbi ki, sialın cavabı aydındır. Le Monde bütün fəaliyyəti boyu anti-Azərbaycan qüvvələrin əlində alət olub, ölkəmizə qarşı qarayaxma kampaniyası aparıb. Fransa-Azərbaycan münasibətlərində son illərdə yaranmış siyasi gərginlik də bu məsələdə nəzərə alınmalı amildir”.
Etibar Seyidağa,
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ