İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyində yeni qalmaqal – 30 min manatlıq iddianın arxasında hansı sirrlər dayanır?  

Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən polkovnik Oktay Babayev barəsində cinayət işi tamamlanıb.

Musavat.com xəbər verir ki, Oktay Babayevə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə – qulluq mövqeyindən istifadə etməklə dələduzluq ittihamı irəli sürülüb. İstintaq Respublika Hərbi Prokurorluğunda aparılıb və artıq cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və hakim Anar Rzayevin icraatına verilib. Maraqlıdır ki, ona qarşı irəli sürülən ittihamın əsasını hazırda özü də ağır korrupsiya ittihamları ilə müttəhim statusunda olan Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Tibbi Sənədlər Arxivinin sabiq rəisi olmuş mayor Ruhin Tağıyev dayanır. İttihama görə, Ruhin Tağıyev xidmət yerinin və vəzifəsinin qorunub saxlanılması məqsədilə polkovnik Oktay Babayevə 30 min manat pul verib. Əvəzində isə Oktay Babayevin onun sərəncama göndərilməsinin qarşısını alacağı və xidmətdə qalmasına kömək göstərəcəyi vəd olunub. Lakin sonrakı hadisələr göstərib ki, verilən vəd reallaşmayıb.

Əksinə, Ruhin Tağıyev özü korrupsiya ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Bundan sonra məsələ hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilib. Toplanmış sübutlar Oktay Babayevə qarşı dələduzluq ittihamının irəli sürülməsinə yol açıb. Məlumata görə, polkovnik Oktay Babayev ittiham üzrə özünü təqsirli bilmir. Bununla belə, zərərçəkmişə dəymiş ziyanın müəyyən hissəsinin ödənilməsi ilə bağlı razılıq əldə olunduğundan onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Hazırda o, azadlıqdadır. Bu işi digər cinayət işlərindən fərqləndirən əsas məqamlardan biri odur ki, zərərçəkmiş qismində tanınan Ruhin Tağıyev özü də hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunur. Ruhin Tağıyev Müdafiə Nazirliyinin tibb sistemində uzun müddət mühüm vəzifələrdən birini tutub. Lakin aparılmış araşdırmalar nəticəsində onun fəaliyyəti ilə bağlı çoxsaylı qanun pozuntuları üzə çıxıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq nəticəsində müəyyən edilib ki, o, 2021–2023-cü illərdə vəzifədə işlədiyi dövrdə hərbi qulluqçuların sənədləri üzərində qanunsuz əməliyyatlar həyata keçirib.

İttihama görə, bəzi hərbi qulluqçuların adları ambulator qeydiyyat kitablarına sonradan daxil edilib, onların döyüşlər zamanı xəsarət aldıqları barədə saxta arayışlar hazırlanıb və həmin sənədlər əsasında müxtəlif sosial təminatların alınmasına şərait yaradılıb. İstintaq hesab edir ki, bu xidmətlərin müqabilində müxtəlif şəxslərdən minlərlə manat məbləğində pul vəsaiti alınıb. Məhkəmədə elan edilən ittihama əsasən, Ruhin Tağıyev Kənan Cabbarovdan 6 min, Sərvər Eyvazovdan 6 min, Tural İbrahimovdan 3 min, Ədalət Seyidovdan 7 min, Zeynalabdin Məmmədovdan isə 5 min manat pul almaqda ittiham olunur. Bundan başqa, Hərbi Tibb Məntəqəsində çalışan Nərgiz Hümbətovaya əmək müqaviləsinin uzadılacağı vəd edilərək ondan da 1500 manat alındığı bildirilir. Ruhin Tağıyevin məhkəmə prosesi zamanı səsləndirdiyi bəyanat da diqqət çəkib.

O, jurnalistlərin məhkəmə zalında iştirakına etiraz edərək bildirib ki, ifadə verəcəyi zaman çox mühüm məlumatlar açıqlayacaq: “Verəcəyim açıqlamalar nəinki Azərbaycanı, bütün dünyanı alt-üst edəcək”.

Bu bəyanat məhkəmə zalında maraq doğurub. Müdafiə tərəfi prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı da buna etiraz etməyib. Nəticədə hakimlər heyəti məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qərar qəbul edib. Bundan sonra iş üzrə araşdırmalar mediadan kənarda davam etdirilir və Ruhin Tağıyevin hansı məlumatları açıqlamaq niyyətində olduğu barədə ictimaiyyətə hər hansı məlumat verilməyib. Son illərdə Müdafiə Nazirliyinin tibb strukturları ilə bağlı bir sıra cinayət işlərinin açılması diqqət çəkir. Xüsusilə hərbi qulluqçuların tibbi sənədləri, əlillik təyinatları, döyüş xəsarətləri ilə bağlı arxiv sənədlərinin araşdırılması zamanı müxtəlif qanun pozuntularının üzə çıxdığı bildirilir. Oktay Babayev və Ruhin Tağıyevin adlarının hallandığı cinayət işləri də məhz həmin istiqamətdə aparılan yoxlamaların davamı kimi qiymətləndirilir. Hazırda hər iki iş üzrə məhkəmə araşdırmaları davam edir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR