Onlayn ictimai-siyasi qəzet
Fevralın 28-i ABŞ və İsrailin İran rejiminə qarşı həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei öldürülüb. Xameneinin ölümü barədə ilk açıqlamanı ABŞ prezidenti Donald Tramp verib. Lakin Tehran əvvəlcə ayətullahın ölümünü təkzib edib. Bir neçə saat sonra, bazar günü səhər tezdən İranın dövlət mediası ölkənin ali rəhbərinin həlak olduğunu təsdiqləyib.
Şənbə günü ABŞ və İsrail İran ərazisinə, o cümlədən Xameneinin iqamətgahının yerləşdiyi Tehran bölgəsinə zərbələr endirməyə başlayanda İran hökumətində yüksək vəzifəli şəxslər mətbuata bildirirdilər ki, Xamenei paytaxtda deyil, hətta ehtimal ki, ölkə hüdudlarından kənardadır və tam təhlükəsiz yerdədir. 86 yaşlı ali rəhbərin həqiqətən öldürüldüyünə dair İran tərəfindən dolayı təsdiq kimi Xameneinin baş müşaviri Əli Laricaninin şənbə günü X platformasında paylaşdığı bəyanat göstərilir. O, paylaşımında qisas vəd edib.
“Biz sionist cinayətkarları və həyasız amerikalıları etdiklərinə görə peşman edəcəyik. Cəsur əsgərlər və İranın böyük xalqı cəhənnəm beynəlxalq zülmkarlarına unudulmaz dərs verəcək”, - deyə o, X platformasında yazıb.
Daha əvvəl bildirildiyi kimi, Əli Xamenei ABŞ və ya İsrailin zərbələri nəticəsində özünün və ya digər yüksək rütbəli rəhbərlərin öldürülməsi ehtimalını nəzərə alaraq, varislik və fövqəladə komandanlıq ötürülməsi ilə bağlı ətraflı plan hazırlamışdı. Həmin plana əsasən, böhranın idarə olunmasına cavabdeh şəxs kimi Əli Laricaninin təyin edilməsi nəzərdə tutulurdu.
Bəs İranın ən qüdrətli şəxsi sayılan ayətullah Əli Xamenei kim idi?
Ayətullah Əli Xamenei İrana üç onillikdən artıq rəhbərlik edib. O, İslam Respublikasının ən təsirli fiqurlarından biri olmaqla yanaşı, beynəlxalq arenada da ən mübahisəli və tənqid olunan siyasi simalardan biri hesab olunurdu. O, ölkənin ali rəhbəri roluna gedən yoluna 1979-cu ildə baş vermiş İslam İnqilabının qələbəsindən sonra başlayıb. Ruhani şəxs kimi Xamenei siyasətdən kənarda qalmalı idi. Lakin mühafizəkar qüvvələrlə islahat tərəfdarları arasında gedən mübarizə onu ölkənin siyasi həyatının mərkəzi fiquruna çevirib. Əli Xamenei həm dövlət başçısı, həm də silahlı qüvvələrin ali baş komandanı idi. Bu qüvvələrə elit İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da daxildir.
O, sözün tam mənasında diktator hesab olunmasa da, rəqabət aparan müxtəlif hakimiyyət mərkəzlərindən ibarət mürəkkəb siyasi sistemin mərkəzində dayanırdı. Dövlət siyasəti ilə bağlı istənilən məsələyə veto qoymaq və yüksək dövlət vəzifələrinə namizədləri şəxsən seçmək səlahiyyətinə malik idi. Xamenei İran siyasətinin liberallaşdırılması istiqamətində atılan istənilən addıma qarşı çıxırdı, hətta bu, digər mühafizəkarlarla ziddiyyətə səbəb olduqda belə. Dövlət televiziyası onun hər addımını işıqlandırırdı. Onun təsviri ictimai yerlərdə reklam lövhələrində əks olunur, fotolarına isə mağazalarda tez-tez rast gəlinirdi. Xaricdə daha çox bir-birini əvəz edən İran prezidentləri diqqət mərkəzində olsa da, ölkə daxilində bütün əsas qərarların ipi Xameneinin əlində cəmlənmişdi.

Seyid Əli Xamenei 17 iyul 1939-cu ildə İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində şiə ruhaniləri ailəsində anadan olub.
Məşhəd İranın ikinci ən böyük şəhəri olmaqla yanaşı, şiə müsəlmanları üçün mühüm dini mərkəz hesab olunur. Burada şiələrin Məhəmməd peyğəmbərin birbaşa varisi saydıqları İmam Rzanın məzarı yerləşir. Əli Xamenei erkən yaşlarından dini təhsilə yönəlib. İlk olaraq Məşhəddə islam elmlərini öyrənib, daha sonra şiələr üçün müqəddəs sayılan İraqın Nəcəf şəhərinə köçüb. 1958-ci ildə isə İrana qayıdaraq Qum şəhərində məskunlaşıb.
1963-cü ildə onun müəllimi, ayətullah Ruhullah Xomeyni şəriət prinsiplərinə əsaslanan İslam Respublikasının yaradılmasına çağırış edib. Bu çıxışlarına görə həbs olunması tərəfdarlarının qəzəbinə səbəb olub və onlar küçələrə axışıblar. Etiraz aksiyaları hakimiyyət tərəfindən sərt şəkildə dağıdılıb. 1964-cü ildə Xomeyni İrandan sürgün edilib. Həmin dövrdə Xamenei də monarxiyanı açıq şəkildə tənqid edir, buna görə bir neçə dəfə həbs olunurdu. O, şah Məhəmməd Rza Pəhləvi rejiminə qarşı müxalif fəaliyyətini davam etdirib və artıq tanınmış vaiz kimi İranın təhlükəsizlik xidməti – SAVAK-ın diqqətini cəlb edib. 1974-cü ilin oktyabrında yenidən həbs olunub. Bir il həbsdə qaldıqdan sonra azadlığa buraxılsa da, ona ictimai çıxışlar etmək qadağan edilib. Buna baxmayaraq, ayətullah Ruhullah Xomeyni Fransada sürgündə olduğu müddətdə Əli Xamenei və onun tərəfdarları ölkə daxilində şah rejiminə qarşı inqilabı gizli şəkildə hazırlayırdılar. Onlar 1979-cu il inqilabından sonra İranın siyasi sisteminin mühüm elementlərinə çevrilən təşkilatlar formalaşdırmışdılar.
Xomeyni 1979-cu ildə sürgündən qayıtdıqdan sonra Xamenei İnqilab Şurasının üzvü, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı təyin edildi. Sonradan bu elit hərbi-siyasi qurum İran–İraq müharibəsində fəal iştirak etdi. Rəsmi olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu İran Silahlı Qüvvələrinin tərkib hissəsidir. 1980-ci ildə ayətullah Hüseyn Əli Müntəzəri istefa verdikdən sonra Əli Xamenei cümə namazının imamı təyin edildi. Bu hadisə onun İran hakimiyyət iyerarxiyasında artan nüfuzunun göstəricisi oldu.

Onun həftəlik siyasi məzmunlu xütbələri ölkə üzrə yayımlanır, bununla da Xameneinin yeni liderlərdən biri kimi mövqeyi möhkəmlənirdi.
Növbəti il o, sui-qəsd cəhdindən möcüzə nəticəsində sağ qaldı. Hücum edənlər bombanı maqnitofonun içinə gizlətmişdilər və o, Xamenei mühazirə oxuyarkən partlamışdı. Sinəsindən, üzündən və sağ qolundan ağır yaralanmasına baxmayaraq, sağ qalması tərəfdarları arasında onun nüfuzunu daha da artırdı. Bəziləri onu hətta “canlı şəhid” adlandırmağa başladı.
1981-ci ilin oktyabrında prezident Məhəmməd Əli Rəcainin qətlə yetirilməsindən sonra keçirilən növbədənkənar seçkilərdə Xamenei səslərin 97 faizini toplayaraq İran prezidenti seçildi. Onun andiçmə nitqi prezidentliyinin əsas xəttini müəyyənləşdirdi: o, “mürtədlik, liberalizm və Amerikanın təsiri altındakı sol qüvvələri” kəskin tənqid etdi.
Xamenei sərt mühafizəkar mövqeyi, Qərbi, xüsusilə də ABŞ-ı tənəzzül və korrupsiyada ittiham edən çıxışları ilə tanındı.
Bir çıxışında Əli Xamenei 40 ölkədəki islam ruhanilərini məscidləri hərbi bazalara çevirməyə və “bütün ölkələrdə islam hökumətlərinin qurulması üçün zəmin hazırlamağa” çağırmışdı. O, 1985-ci ildə yenidən prezident seçildi və yazıçı Salman Rüşdi ilə bağlı qalmaqallı hadisədə mühüm rol oynadı. “Şeytan ayələri” romanının müəllifi mürtədlikdə ittiham edilərək qiyabi şəkildə ölümə məhkum olunduqdan sonra, Xamenei Tehranda cümə namazında çıxışı zamanı belə demişdi: “Bu bədbəxtin ölümdən başqa seçimi yoxdur, çünki o, özünü bir milyard müsəlmana qarşı qoyub”. Bununla belə, Xameneinin prezidentlik illəri ilk növbədə İran–İraq müharibəsi ilə yadda qalıb. Səkkiz il davam edən amansız və qanlı müharibə hər iki tərəfdən yüz minlərlə insanın həyatına son qoydu. Bir milyondan çox insanın ölümünə səbəb olduğu bildirilən bu səkkizillik silahlı qarşıdurma 1988-ci ilin avqustunda Xameneinin BMT-nin təklif etdiyi atəşkəsə razılıq verməsi ilə qəfil başa çatdı.
Lakin müharibə Xameneinin ABŞ və Qərbə qarşı dərin etimadsızlığını daha da gücləndirdi; çünki həmin dövrdə Qərb ölkələri Səddam Hüseyn rejiminə dəstək vermişdi. Hərbi çevrələrdə də, adi iranlılar arasında da böyük nüfuza malik olan Əli Xamenei sadə və böyük siyasi ambisiyaları olmayan biri kimi qəbul edilirdi. İyun 1989-cu ildə ayətullah Ruhullah Xomeyni vəfat etdikdən sonra 49 yaşlı Xamenei İranın ali rəhbəri oldu, baxmayaraq ki, İslam hüququ sahəsində geniş təcrübəsi yox idi.

O, vəzifəyə gəldikdən sonra ilk çıxışında belə demişdi:“Mən çox nöqsanlı və zəifliklərə sahib bir insanam və həqiqətən kiçik bir seminaristəm. Lakin məsuliyyət mənim çiyinlərimə düşüb və bu ağır yükü daşımaq üçün bütün bacarığımı və Allahdakı inamımı istifadə edəcəyəm”.
Xomeyni qədər ruhaniyyətin hörmətini və şəxsi populyarlığını qazanmayan yeni ali rəhbər öz hakimiyyət bazasını yaratmağa ehtiyatla başladı.
Növbəti 30 il ərzində Xamenei İran siyasətinin bütün sahələrində, o cümlədən parlament, məhkəmə sistemi, polis, media və ruhanilər arasında loyal şəxslər şəbəkəsi qurdu. “Amerikaya ölüm” şüarı onun dövründə yayılsa da, Xamenei xarici siyasəti diqqətlə yönləndirirdi ki, bu, ABŞ qarşısında güzəşt kimi görünməsin, amma açıq münaqişəyə də gətirib çıxarmasın. İranın beynəlxalq təcridini qırmaq cəhdlərinə baxmayaraq, ABŞ İslam Respublikasını beynəlxalq terrorizmin əsas sponsorlarından biri kimi qiymətləndirməyə davam etdi.
CIA isə iddia edirdi ki, Xamenei bir sıra terror aktlarında şəxsən iştirak edib, o cümlədən 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzində baş vermiş partlayışın məsuliyyətini daşıyırdı ki, bu partlayış nəticəsində 94 nəfər həlak olub.
İranın daxili siyasətində də hər şey problemsiz deyildi. Mühafizəkarlarla islahat tərəfdarları arasındakı münasibətlər həmişə mürəkkəb olub, lakin qarşıdurma 1990-cı illərin sonlarında pik həddə çatdı. 1997-ci ildə prezident seçkilərində qalib gələn islahatçı Məhəmməd Xətami Qərb mədəniyyətinə daha dözümlü yanaşma kursu elan etdi. Eyni zamanda böyük ayətullah Hüseyn Əli Müntəzəri Xameneinin mövqelərini tənqid etdi; İranda onu Xameneidən daha nüfuzlu mənəvi və dini lider hesab edənlər vardı.
Tənqidə cavab olaraq Xamenei tərəfdarlarına müraciət etdi və onları “Qərbin öz dəyərlərini bütün dünyaya qəbul etdirmək üçün istifadə etdiyi Qərb mədəniyyətinin təhlükələri” barədə xəbərdar etdi. 2009-cu ilin iyununda Xamenei ikinci müddət üçün prezidentliyə namizəd olan populist Mahmud Əhmədinejadı dəstəklədi. Əhmədinejad özünün İsrail və ABŞ əleyhinə ritorikası ilə tanınırdı. Prezident seçkilərində saxtakarlıqlar barədə yayılan şayiələr minlərlə gənc iranlını küçələrə çıxardı. Etiraz aksiyaları İslam İnqilabından bəri rejim üçün ən böyük siyasi çağırış oldu. Bir çox nümayişçi xüsusi xidmət orqanları tərəfindən həbs edildi, lakin Xameneinin fəaliyyəti hətta hökumətin mühafizəkar üzvləri tərəfindən də tənqid olundu. Xamenei özü isə bildirdi ki, müxalifət liderləri “Rəbbin düşmənləridir” və şəriət qanunlarına əsasən edam edilməlidirlər.
2019-cu ildə yanacaq qiymətlərinin artması nəticəsində küçə etirazları baş verdikdə, Əli Xamenei etirazların qarşısını almaq üçün bir neçə gün ərzində interneti kəsdi. “Amnesty International”ın məlumatına görə, polis nümayişçiləri avtomat silahlarla atəşə tutmuşdu.
Xamenei gender bərabərliyinə inanmırdı, baxmayaraq ki, onun sələfi qadınların təhsilə girişini qadağan edən məhdudiyyətləri ləğv etmişdi.
2022-ci ilin sentyabrında isə 22 yaşlı Mahsa Əmini-nin polis bölməsində ölümü, onun hicabı düzgün geyinməməsi səbəbindən saxlanılması ölkədə kütləvi etirazlara səbəb oldu. Spontan etirazlar bir neçə ay davam etdi və etirazçıların şüarları sürətlə anti-hökumət xarakteri aldı. Təhlükəsizlik qüvvələri etirazların yatırılması üçün hərəkətə keçdi.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, 500-dən çox nümayişçi öldürülüb, onlardan 70-i yetkinlik yaşına çatmamış şəxslər olub, təxminən 20 min nəfər isə həbs edilib. Ölkə üzrə etirazların miqyası yalnız hakimiyyət etirazçıları edam etməyə başlayandan sonra əhəmiyyətli dərəcədə azaldı. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox insan ölüm cəzasına məhkum edilmişdi.
2023-cü ilin fevralında Xamenei “on minlərlə” məhbusu əfv etdi, onların arasında anti-hökumət etirazları ilə bağlı cəza almış şəxslər də var idi.
2024-cü ildə İbrahim Rəisi baş verən aviaqəza nəticəsində həlak oldu. O, ali rəhbərlik üçün iki əsas namizəddən biri hesab edilirdi. Yeni prezident Mahmud Pəzeşkiyan islahatçı sayılırdı və Xameneinin onu seçkilərə buraxması bir çoxları tərəfindən ayətullahın Qərblə münasibətləri bərpa etməyə hazır olduğunun göstəricisi kimi qiymətləndirildi.
Lakin bu baş vermədi. 2025-ci ilin yazında Oman vasitəsilə ABŞ ilə danışıqlar başlasa da, Xamenei ictimaiyyət qarşısında bu danışıqların yeni razılaşmaya gətirib çıxaracağına şübhə ilə yanaşdı və bildirdi ki, amerikalılar uranın zənginləşdirilməsi ilə bağlı “həddindən artıq və təhrikedici” tələblər irəli sürürlər.
Əli Xamenei həm ölkə daxilində, həm də xaricdə mübahisəli siyasi fiqur kimi tanınırdı. Buna baxmayaraq, onun Ruhullah Xomeyni ideyalarına sadiqliyi əhəmiyyətli sayda iranlının dəstəyini təmin edirdi. O, kompromisə getməyin və uyğunlaşmağın zəifliyin göstəricisi olduğuna inanırdı. Gənc və savadlı iranlıların daha azad bir cəmiyyətdə yaşamaq arzularını qəbul etməkdən imtina edir, tez-tez onları sadəcə görməzdən gəlirdi.
Xameneinin vəfatı ilə İran yol ayrıcında qaldı. Onun varisi ya islahatlara başlayacaq, ya da mühafizəkar xəttə sadiq qalaraq cəmiyyətdə uzun illərdir böyüyən qarşıdurmanı daha da dərinləşdirəcək.
Şahanə Rəhimli,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ