Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un növbəti həmsöhbəti Xalq artisti Rafiq Əzimovdur. Hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirən 88 yaşlı aktyor söhbətə elə yaradıcılıqdan danışmaqla başladı:
- Hazırda Mərdəkanda istirahətdəyəm. Bununla yanaşı, yaradıcılıqla da məşğulam. Bəhram Osmanlının hazırladığı maraqlı bir əsər var, onun üzərində ciddi işləyirik. Ona görə də istirahətlə yanaşı, yaradıcılıq prosesi də davam edir.
– Rafiq bəy, həmişə sənət, teatr yanğısı ilə yaşayırsınız. Heç olubmu ki, "yoruldum, bəsdir" deyəsiniz?
– Vallah, billah, mən "yoruldum" sözünü o vaxt deyəcəyəm ki, artıq bu dünyadan köçəcəyəm. Çünki 64 ildir fasiləsiz olaraq bir teatrda çalışıram. Bu gün də fəaliyyətimi davam etdirirəm. Mövsümü həmişə olduğu kimi İlyas Əfəndiyevin "Qarabağnamə" pyesi ilə başa vurduq. Sentyabrın 1-də isə məzuniyyətdən sonra yenidən teatra qayıdacaq, yeni mövsümü də "Qarabağnamə" tamaşası ilə açacağıq.

– Sizə stimul verən, sizi ayaqda saxlayan, güc verən nədir?
– Ən böyük gücüm bu sənətə olan böyük sevgidir. Yaradıcılıq mənim həyatımın ayrılmaz hissəsidir. İkinci böyük dayaq isə ailəmdir, həyat yoldaşım, övladlarım, nəvələrim. Onların mənə dəstəyi, mənə olan inamı mənə əlavə güc verir. Bu sənətdə geri qalmamaq üçün gecə-gündüz öz üzərimdə işləyirəm. İstəyirəm ki, gənclərdən geri qalmayım, daim axtarışda olum.
– Adətən deyirlər ki, köhnə nəsil bəzən yeniləri qısqanır, onların yolunu kəsməyə çalışır. Sizdə belə hiss olubmu? Yoxsa həmişə öyrədən tərəf olmusunuz?
– Müəllim işlədiyim dövrdə çoxlu tələbələrim olub. Bu gün də aktyorlar var ki, fəxrlə deyirlər: "Mən Rafiq müəllimin tələbəsiyəm". Mən isə həmişə çalışmışam ki, dedi-qodudan uzaq olum. Çünki o işlərə baş qoşsan, sənətdən geri qalarsan. Baş qoşmasan, başını aşağı salıb öz yaradıcılığınla məşğul olarsan. Mən də gənclərə bunu tövsiyə edirəm ki, dedi-qodudan uzaq olsunlar, ciddi şəkildə sənətlə məşğul olsunlar. Onda istedadlı sənətkar gündən-günə inkişaf edər, öz üzərində işləyər, müxtəlif janrlarda maraqlı obrazlar yarada bilər.
– Niyə teatr mühitində yaradıcılıqla yanaşı, həmişə qalmaqallar da olur? Bu nə ilə bağlıdır?
– Mən bunu belə qiymətləndirə bilərəm ki, sənətlə ciddi məşğul olan adamlar heç vaxt o işlərə baş qoşmurlar. Onlar vaxtlarını daha səmərəli işlərə sərf edirlər. Dedi-qodu ilə məşğul olanlar isə sonda sənətdə geri qalırlar. Onlar həyatlarını dedi-qodu ilə keçirirlər. Bu isə nə tamaşaçıya, nə də əsl yaradıcılıq adamlarına maraqlıdır. Mən çalışıram ki, hər şeyi bilsəm də, susum. Yaxın bildiyim insanlara fikrimi deyirəm ki, belə işlərlə məşğul olmasınlar. Amma elələri də var ki, elə bil bunu özlərinə sənət seçiblər. Mən isə böyük sənətkarlarla işləməyə çalışmışam, onların ən yaxşı xüsusiyyətlərini mənimsəmişəm. Həm müəllim işlədiyim dövrdə, həm də bu gün gənclərə həmin tövsiyələri verirəm ki, gələcəkdə böyük sənət sahibi olsunlar.

– Böyük sənətkarlardan danışdınız. Hazırda çalışdığınız Akademik Milli Dram Teatrında Həsən Turabov, Ədil İsgəndərov, Fuad Poladov kimi nəhəng sənətkarlar çalışıblar. İndi elə aktyorlar yetişirmi?
– Mən həmişə o ustad sənətkarları xatırlayıram. Sizin adlarını çəkdiyiniz insanların sayı çoxdur. Onlarla həm qonşu olmuşuq, həm də müxtəlif tamaşalarda birlikdə çalışmışıq. Belə suallar veriləndə çox kövrəlirəm. Sağıma baxıram, görmürəm, soluma baxıram, yenə görmürəm. Çünki biz sənətimizin intibah dövrünü yaşamışıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Həsən Turabov, Mərahim Fərzəlibəyov və başqa böyük sənətkarlar... Onların sayı çoxdur. Mehdi Məmmədov bizim müəllimimiz olub, sənətin sirlərini bizə öyrədib.
Ona görə də haqq dünyasında olan aktyorları, rejissorları internetdə anım günlərində, doğum günlərində görəndə böyük ehtiramla yad edirəm, onlar haqqında fikirlərimi yazıram, Allahdan rəhmət diləyirəm. Çünki həmin sənətkarlar Azərbaycan teatrı və kino tarixində silinməz iz qoyublar. Biz də qürur hissi ilə deyirik ki, Allah onlara rəhmət eləsin. Biz onlarla birlikdə tamaşalarda oynamışıq, filmlərə çəkilmişik, televiziya tamaşalarında iştirak etmişik, uzun illər eyni teatrda çalışmışıq. Böyük sənətkarlar tez-tez yetişmir. Onlar teatrımızın, kinomuzun tarixinə öz imzalarını qoyub gediblər.

–Bir çox kişi aktyora gəncliyində tamaşaçılardan, xüsusən xanımlardan yüzlərlə məktub gəlirdi. Sizə də belə məktublar gəlirdimi?
–Yaşlı nəslin nümayəndələri bu gün də məni görəndə yaxınlaşıb salamlaşırlar. Mən tez-tez avtobusla işə gedib-gəlirəm. İnsanlar məni görəndə istər kinoda, istər televiziyada, istərsə də teatrda yaratdığım obrazları xatırlayırlar. Bu, mənim üçün böyük qürurdur. Deməli, onlar yaradıcılığımızı izləyiblər və bu günə qədər də unutmurlar. Deyirlər ki, nə yaxşı o tamaşaları görmüşük, sizin ifanızda müxtəlif tamaşalara baxmışıq. İndi də sizi canlı görəndə sevinirik, fəxr edirik. Belə münasibət aktyoru daha ciddi işləməyə sövq edir. Çünki bizi izləyirlər, bizi görürlər, bizim haqqımızda düşünürlər.
-Gənc aktyorlarla aranız necədir?
– Mən görəndə ki, gənclər müxtəlif tamaşalarda uğurla çıxış edirlər, istedadlarını nümayiş etdirirlər, çox sevinirəm. Deyə bilərəm ki, gələcək nəsil etibarlı əllərdədir. İstedad özünü səhnədə dərhal göstərir. Tamaşaçının alqışı, münasibəti bunu təsdiqləyir. Kənardan baxanda və ya onlarla birlikdə eyni səhnəni bölüşəndə, onlara gül dəstələri təqdim olunanda, həmişə öz gəncliyimizi xatırlayırıq. Biz də gənc olmuşuq. Gənclərə kömək etmək lazımdır. İstedadlı insanlara dəstək vermək lazımdır. İstedadsızlar isə onsuz da öz yollarını başqa cür tapırlar.
Şahanə Rəhimli
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ