İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “iki stul” siyasəti partlayır - Moskva İrəvana qarşı bu silahları işə salacaq

Ermənistanın xarici siyasət istiqaməti ilə bağlı Moskva və İrəvan arasında qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi barədə məlumat yayılıb. Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrə istinadən yazır ki, Rusiya baş nazir Nikol Paşinyan qarşısında seçim qoyub və İrəvana ölkənin gələcək xarici siyasət kursunu müəyyənləşdirmək üçün təxminən bir aylıq vaxt verilib.

Məlumata görə, Paşinyan hökuməti Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirməklə Avrasiya İqtisadi İttifaqı çərçivəsində Moskva ilə münasibətləri qorumaq arasında seçim etməli olacaq. İrəvanın konkret qərar verməməsi halında isə Rusiyanın təzyiq mexanizmlərini daha da sərtləşdirə biləcəyi bildirilir.

“Hraparak”ın mənbələri növbəti mərhələdə hansı addımların atılacağını dəqiq açıqlamasa da, bir neçə mümkün ssenarini gündəmə gətiriblər. Onların sırasında Rusiyada yaşayan və çalışan erməni vətəndaşlarına qarşı miqrasiya qaydalarının sərtləşdirilməsi xüsusi yer tutur. Bu istiqamətdə atılacaq addımların Ermənistan üçün kifayət qədər ciddi sosial-iqtisadi nəticələr doğura biləcəyi vurğulanır.

Çünki Rusiyada çalışan erməni əmək miqrantlarının kütləvi şəkildə ölkəyə qayıtması onsuz da ciddi problemlərlə üzləşən Ermənistan iqtisadiyyatına əlavə yük yarada bilər. Belə bir proses həm işsizlik, həm də ailələrin gəlirlərinin azalması baxımından İrəvan üçün arzuolunmaz ssenariyə çevrilə bilər. Rusiyanın mümkün təzyiq vasitələri bununla da məhdudlaşmaya bilər. “Hraparak”ın məlumatında Ermənistanla Rusiya arasında hava əlaqələrinin azaldılması, hətta müəyyən mərhələdə aviareyslərin tam dayandırılması ehtimalından da bəhs edilir.

Bu addımın həyata keçirilməsi Ermənistanın turizm sektoruna ciddi zərbə vura, iki ölkə arasında səfərləri çətinləşdirə və aviabiletlərin qiymətinin yüksəlməsinə səbəb ola bilər. Nəticədə həm turist axınının azalması, həm də Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrində əlavə problemlərin yaranması mümkündür.

Mənbələrin diqqət çəkdiyi digər istiqamət isə enerji sektorudur. Moskvanın təzyiq imkanları sırasında Ermənistana təbii qaz tədarükü ilə bağlı məsələlərdən istifadə edilməsi də istisna edilmir. Bu isə İrəvan üçün daha həssas məsələdir, çünki enerji təhlükəsizliyi Ermənistanın xarici siyasət seçimlərini birbaşa iqtisadi amillərlə bağlayır. Beləliklə, Moskvanın Paşinyan hökumətinə mesajı kifayət qədər aydın görünür. İrəvan Qərbə doğru hərəkət etdikcə Rusiya iqtisadi, sosial və nəqliyyat sahələrində təsir imkanlarını işə sala bilər. Miqrasiya, hava əlaqələri və enerji Moskvanın əlində İrəvana qarşı potensial təzyiq alətlərinə çevrilə bilər.

Rusiya həqiqətən Paşinyana seçim etmək üçün vaxt qoyub? Moskva bu dəfə Ermənistanı iqtisadi və sosial təzyiq vasitəsilə geri qaytarmağa çalışır? Paşinyan Aİ ilə inteqrasiya kursunu davam etdirərək Rusiya ilə münasibətləri nə qədər riskə ata bilər? Əgər Moskva təzyiqin “ikinci və daha sərt mərhələsi”nə keçərsə, Ermənistan iqtisadiyyatı buna tab gətirə biləcəkmi? Paşinyan qarşıdakı bir ayda hansı yolu seçəcək – Brüsseli, yoxsa Moskvanı?

SAHBAZİ.jpg (84 KB)

Politoloq Çingiz Şahbazi Musavat.com-a açıqlamasında günlər öncə Paşinyanın seçimə getməyəcəyini bir daha göstərdiyini vurğulayıb:

“Rəsmi mənbələrdə Rusiyanın Paşinyana bir ay vaxt verdiyi yer almır. Amma mənbənin irəli sürdüyü ssenarinin mühüm hissəsi real siyasi məntiqə söykənir və hesab edirəm ki, məlumatlar Kremlin Ermənistandakı qüvvələrinin təşəbbüsü ilə tirajlanmaqdadır. Əslində isə eyni zamanda Ermənistan həm Avropa İttifaqına inteqrasiyanı, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüyü davam etdirə bilməz. Rusiya prezidenti Vladimir Putin bu istiqamətdə Paşinyana dəfələrlə seçim etmək məcburiyyətində olduğunu bildirib. Bu təşkilatların bir-biri ilə uyğun olmadığını həmçinin qeyd edib. Paşinyan isə hələ ki, seçim etmək niyyətində deyil və o, bunu avqustun 7-də bir daha göstərdi. Paşinyanın bu istiqamətdə strategiyası, Qərbə tərəf istiqaməti davam etdirmək və paralel olaraq Rusiyadan (Aİİ) iqtisadi reallıq baxımından əlaqələrini davam etdirməkdən ibarətdir. Bu siyasəti mümkün qədər Paşinyan uzunmüddətə yürütmək niyyətindədir. Məhz bu səbəbdən Moskva narahatdır və getdikcə məsələnin həlli üçün əlverişli zaman axtarışındadır. Rusiya son vaxtlar Ermənistan mallarına müxtəlif növ məhdudiyyətlər tətbiq edib və bu məsələlər artıq real iqtisadi mübahisələrə çevrilib. Paşinyan bununla bağlı Putinlə danışaraq məhdudiyyətlərin aradan qaldırılması üçün kömək istəyib. Əlbəttə ki, Ermənistanın Aİİ-dən uzaqlaşması halında ucuz qaz qiymətinin itiriləcəyini bilir və Moskva bunu dəfələrlə Ermənistan tərəfinə bildirib. Bu, çox mühüm siqnaldır və bu istiqamətdə Rusiyadan asılı olan Ermənistan digər sahələrdə də ciddi şəkildə təzyiqlərə məruz qala bilər. Əlbəttə ki, hazırda belə bir vəziyyətin yaxın gələcəkdə tətbiqi ehtimalı aşağıdır və hesab edirəm ki, Paşinyan ortalığı sakitləşdirmək üçün yenidən Rusiyanın bəzi istəklərini nəzərə almaq məcburiyyətindədir. Əks halda qış aylarında Ermənistan Rusiyanın ciddi təzyiqləri ilə üz-üzə gəlməli olacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR