Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda sosial şəbəkə platformalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı qanunla sosial şəbəkələrlə bağlı tələblərin pozulmasına görə yeni və yüksək məbləğlərdə inzibati cərimələr müəyyənləşdirilib. Dəyişikliklər, həmçinin uşaqların zərərli informasiyadan qorunmasına dair tələbləri də əhatə edir.
Yeni qaydalara əsasən, məlumatların aidiyyəti quruma təqdim edilməməsi, gecikdirilməsi, natamam və ya təhrif olunmuş məlumat verilməsi, eləcə də digər tələblərin pozulmasına görə ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Xüsusilə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının təhlükəsiz istifadəsi ilə bağlı tələblərin pozulmasına görə hüquqi şəxslər 35-40 min manatadək, pozuntunun bir il ərzində təkrar törədilməsi halında isə 45-50 min manatadək cərimələnə biləcəklər.
Bəs yüksək cərimələr sosial şəbəkə şirkətlərini daha məsuliyyətli davranmağa vadar edəcəkmi? Bu mexanizm uşaqları zərərli informasiyadan real olaraq qoruya biləcəkmi?
Mövzu ilə bağlı deputat Azər Allahverənov Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki, bu sanksiyalar bütövlükdə müxtəlif səpkidə xidmət göstərən platforma provayderlərinin məsuliyyətinin artırılmasına yönəlib: "Əslində yanaşma belədir: cərimə sanksiyası hansısa qanunsuz əmələ və ya fəaliyyətə görə tətbiq edilir. Yəni bütövlükdə bu, bu və ya digər səpkidə xidmət göstərən platforma provayderlərinin məsuliyyətinin artırılmasına hesablanmış sanksiyalardır. Bu da nəticə etibarilə, xüsusilə cərimə sanksiyalarının yüksək olduğu şəraitdə, onları daha məsuliyyətli olmağa sövq edir.
Bu, təbii ki, birmənalı şəkildə onların daha məsuliyyətli olmasına gətirib çıxara biləcək bir məsələ kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən cərimə sanksiyaları kifayət qədər yüksəkdir. Burada şübhəsiz ki, beynəlxalq təcrübə də nəzərdən keçirilir. Misal üçün, inkişaf etmiş dövlətlərdə bu kimi fəaliyyətlərlə əlaqədar tətbiq olunmaqda olan məhdudiyyətlər daha sərt sanksiyaların müəyyən edildiyini göstərir və şirkətlər daha böyük məbləğdə cərimələrlə üz-üzə qalırlar. Həmin şirkətlərin təsir dairəsi, fəaliyyət spektri, o cümlədən maliyyə dövriyyəsi kifayət qədər böyükdür. Bəzi hallarda kiçikməlbağlı cərimə sanksiyaları şirkətlərin qanunsuz fəaliyyətlərdən qazandıqları vəsaitlə müqayisədə az ola bilər və bu da onların həmin məsələlərə etinasız yanaşmasına şərait yaradar.
Dünyada, xüsusilə zərərli kontentin yayılması ilə məşğul olan müxtəlif platformaların sahibləri məhz bu məzmun üzərindən kifayət qədər böyük həcmdə vəsait qazanırlar. Misal üçün, mərc, qumar oyunları və digər müxtəlif qanunsuz video və foto paylaşımlarla məşğul olan platformalardan əldə edilən gəlirin yüksək olması səbəbindən provayderlər cərimə sanksiyalarına etinasız münasibət bəsləyə bilərlər. Ona görə də burada yüksək cərimə həcmi və ya həddi onları daha məsuliyyətli olmağa vadar edir".
Millət vəkili hesab edir ki, yalnız yüksək cərimələrin müəyyənləşdirilməsi kifayət deyil. Onun sözlərinə görə, platformaların fəaliyyətinə nəzarət edən və qanunsuz əməlləri üzə çıxaran effektiv mexanizm də olmalıdır: "Bəli, o platformalar məsuliyyət daşıyırlar və buna görə tətbiq edilən cərimə sanksiyaları kifayətdir. Lakin burada həm də onların bu fəaliyyətini aşkar edən, qanunsuz əməllərini üzə çıxaracaq bir nəzarət mexanizmi olmalıdır ki, platformalardakı qanunsuz məzmun vaxtında aşkarlansın və onun silinməsi ilə bağlı daha güclü nəzarət elementləri tətbiq edilsin.
Zərərli məzmunla yanaşı, cərimə sanksiyalarının şamil olunduğu digər məsələlər də var. Misal üçün, şəxsi məlumatların qorunması, tələb olunduqda silinməsi, başqa şəxslərə ötürülməməsi kimi çox ciddi nüanslar mövcuddur. Yəni bir tərəfdən zərərli kontentdən danışırıqsa, digər tərəfdən ümumiyyətlə bu prosesin düzgün idarə olunması dayanır. Bu baxımdan istifadəçilərin hüquqlarının qorunması mütləq qaydada öz əksini tapmalı, daxil olan şikayətlər operativ qaydada nəzərdən keçirilməli və həmin şirkətlərdən zərərli kontentin silinməsi ilə bağlı tələblər irəli sürülməlidir.
Bəzi hallarda ola bilər ki, hansısa platformalar ilk baxışdan zərərli kontent yaymır. Amma məzmunun daxilindəki alqoritmlər bəzən avtomatik kontent generasiya etmək imkanına malik olur ki, bu zaman kənar müdaxilələr vasitəsilə zərərsiz görünən platformalardan istifadəçilərə zərərli məlumatlar ötürülə bilər. Cürbəcür "25-ci kadr" effekti və şüuraltı informasiya ötürən müxtəlif vasitələr mövcuddur. Bunu sırf texnoloji cəhətdən aşkar etmək çətin olduğuna görə burada insan müdaxiləsinə, insan intellektinin qiymətləndirməsinə çox ciddi ehtiyac var. Eyni zamanda, qanuni şəkildə fəaliyyət göstərən və qanunsuz əməllərə yol verməyən platformaların bu cərimə sanksiyalarından qorxmasına ehtiyac yoxdur. Amma bəzən böyük məlumat axını içində zərərli kontenti yayan və ya təşviq edən platformaların məsuliyyətə cəlb olunmasında başqa problemlər çıxa bilər. Söhbət, təbii ki, xarici ölkələrdən yayımlanan platformalardan gedir. Burada da konkret olaraq provayderlərin məsuliyyətinə aid olan məsələ odur ki, onlar bu kimi qanunsuz yayımların qarşısını almalıdırlar. Ən azından həmin platformaların ölkə ərazisində rəsmi qeydiyyatı olmalıdır ki, məsuliyyətə cəlbetmə və hüquqi çərçivədə fəaliyyətin təşkili mümkün olsun".
Azər Allahverənov uşaqların sosial şəbəkələrdə zərərli kontentdən qorunmasını isə bu yanaşmanın ən vacib elementlərindən biri hesab edir: "O ki qaldı uşaqların qorunmasına, təbii ki, bu, yanaşmanın ən vacib elementidir: bir tərəfdən məsuliyyət, digər tərəfdən uşaqları zərərli kontentdən qorumaqla bağlı məhdudiyyətlər. Məsələn, 16 yaşa qədər sosial şəbəkələrdə qeydiyyatın qarşısının alınması və ya 16–18 yaş arası məhdudiyyətlərin tətbiq olunması uşaqların hüquqlarının qorunmasına hesablanmışdır. Çünki uşaqlar bəzi hallarda yaxşı ilə pisi ayırmaqda çətinlik çəkirlər. İnformasiya axını içindəki zərərli kontent uşağı təsiri altına aldıqda onun psixikasının pozulmasına, aqressivləşməsinə və ya müxtəlif təhlükəli oyunlar vasitəsilə intihara sövq edilməsinə gətirib çıxara biləcək psixoloji təsir elementlərini özündə ehtiva edə bilər.
Ona görə də bu kimi təhlükələrdən qorunmaq üçün qeydiyyatın 16 yaşa qədər aparılmaması, 16–18 yaş arasında isə valideynin və ya qanuni nümayəndənin icazəsi və nəzarəti altında həyata keçirilməsi hüquqi çərçivədə öz əksini tapır ki, bu da tamamilə anlaşılandır. Bütövlükdə, bir tərəfdən yüksək cərimə sanksiyaları fonunda daha məsuliyyətli davranma, digər tərəfdən istifadəçilərin hüquqlarının qorunması sağlam bir virtual və rəqəmsal ekosistemin qurulmasını təmin edə bilər. Qanunvericilikdə yer alan dəyişikliklər də bilavasitə bu məqsədlərə xidmət edir".
Xalidə Gəray,
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ