Onlayn ictimai-siyasi qəzet
“Trampın Venesueladakı addımları demokratiyaların müasir beynəlxalq həyatın reallıqlarına uyğunlaşmasının nümunəsidir”.
Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi rusiyalı politoloq, Putinin keçmiş nitq yazarı Abbas Qallyamovdur.

“Vaxtilə Maduro hökumətində vitse-prezident olmuş, indi isə Venesuelanın yeni rəhbərinə çevrilmiş şəxs ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib. Tramp da öz növbəsində müxalifətin dərhal ölkəyə qaytarılmasında, seçkilərin təcili keçirilməsində israr etməməyə və köhnə rejimin nümayəndələri ilə dialoqa hazır olduğunu göstərib. Hətta o, etiraz hərəkatının lideri Maçadonun dövləti idarə etmək üçün zəruri keyfiyyətlərə malik olmadığını da əlavə edib.
Bu, məhz ABŞ prezidentinin öz seçicisinə vəd etdiyi praqmatizmdir. ABŞ Venesuelanın tam demokratikləşdirilməsi kimi əlçatmaz bir “durna”nın arxasınca qaçmayacaq - hər halda hələlik - bunun əvəzində isə onun xarici siyasət kursunun dəyişməsi və yeni (əslində isə köhnə) hökumətin güclü şimal qonşusunun maraqlarını nəzərə almağa hazır olması ilə kifayətlənəcək”, - deyə Qallyamov qeyd edib.
“Demək olmaz ki, Tramp burada görünməmiş nəsə uydurub. Bu, köhnə və sınanmış “Somosa (Nikaraquanın keçmiş diktatoru) bəlkə də əclafın yekəsidir, amma bu bizim əclafdır” yanaşmasıdır. Son onilliklərdə - liberal proqressivizmin zəfəri dövründə - Qərb bu cür utilitarizmi xeyli unutmuşdu, ona görə də indi bir çoxları baş verənlərə təəccüblə yanaşır”, - deyə rusiyalı politoloq bildirib.
Qallyamovun fikrincə, bu, özlərini dünyanın taleyini həll edənlər hesab edən Putin, Xamenei və ya Si Cinpin kimi tiranlara birbaşa mesajdır:
“Uşaqlar, işi bu həddə çatdırmayın. Elə düşünməyin ki, biz sizinlə ciddi məşğul olmağa başlasaq, arxanızda sizə dayaq olacaq möhkəm elita qayası var. Maduro da belə düşünürdü. Amma onun halında bu “qaya” köpük plastik parçası çıxdı və ona söykənən kimi dağıldı. Sizinlə də eyni şey baş verə bilər.
Dünya heç vaxt ideal olmayıb. Lakin son onilliklərdə demokratik ölkələrin sayı o qədər artıb ki, onlar sanki həqiqətən də hüququn gücünün deyil, gücün hüququnun hökm sürdüyü təhlükəsiz və rahat bir ideal dünyada yaşadıqlarını düşünməyə başlayıblar. Demokratik ictimaiyyət son yarım əsrdə öz üzərinə çoxsaylı özünüməhdudiyyətlər qoyub və nəticədə özünü sözün əsl mənasında əlləri-qolları bağlı vəziyyətə salıb. Təəccüblü deyil ki, diktaturalar getdikcə özlərini daha sərbəst hiss edir və daha həyasız davranırdılar - axı onların əlləri açıq idi. Trampın indi etdikləri mahiyyət etibarilə demokratiyaların müasir beynəlxalq həyatın reallıqlarına uyğunlaşdırılması proqramıdır. Demokratiyalar bu reallıqlardan həddən artıq uzaq düşmüşdülər. ABŞ lideri sadəcə olaraq demokratiyaları yenidən “günahlı yerə”, reallığa endirir. Bu isə nə diktatorların, nə də sol-liberal düşərgənin tolstoyçu nümayəndələrinin xoşuna gəlir”.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ