Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurası tərəfindən Vaşinqtonun Qəzza zolağındakı münaqişənin həlli planına bağlı qətnamənin qəbul olunması münasibətilə dünyanı təbrik edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə "Truth Social"da paylaşım edib:
"Bir neçə dəqiqə əvvəl BMT Təhlükəsizlik Şurasının inanılmaz səsverməsi münasibətilə bütün dünyanı təbrik edirəm. Bu səsvermə mənim sədrlik edəcəyim və dünyanın ən nüfuzlu, hörmətli liderlərini əhatə edəcək Sülh Şurasının yaradılmasını tanıyan və təsdiqləyən səsvermə oldu".
ABŞ prezidenti bu hadisənin BMT tarixində ən vacib hadisələrdən biri kimi tarixə düşəcəyinə inanır. O, qərarın "daha böyük sülhə gətirib çıxaracağını" və "həqiqətən tarixi əhəmiyyətə malik bir an olacağını" bildirib.
Donald Tramp Rusiya və Çin də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasındakı bütün ölkələrə, eləcə də ABŞ-ın səylərini dəstəkləyən Şurada olmayan ölkələrə minnətdarlığını bildirib.
Tramp əlavə edib ki, Sülh Şurasının idarə heyətinin üzvləri yaxın həftələrdə bir çox həyəcanverici açıqlamalarla yanaşı elan ediləcək. Onun sözlərinə görə, Sülh Şurası ən nüfuzlu ölkələrin nümayəndələrindən formalaşdırılacaq.
Donald Trampın planına əsasən, keçid dövründə Sülh Şurası Qəzzanın xarici idarəçiliyini öz üzərinə götürəcək. ABŞ prezidenti bildirib ki, bu qurumun tərkibi daha sonra açıqlanacaq. Bura digərləri ilə yanaşı, keçmiş Britaniyanın eks-baş naziri Toni Bleyrin də daxil olması gözlənilir.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ