Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasında (TŞ) Vaşinqtonun Qəzza ilə bağlı sülh planını dəstəkləyən qətnamənin qəbul edilməsini “Qəzzada hakimiyyətin fələstinlilərə verilməsi yolunda tarixi addım” adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rubio X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Prezident Donald Trampın 20 maddəlik sülh təşəbbüsünü dəstəkləyən sənəd “Qəzzanın HƏMAS yox, fələstinlilər tərəfindən idarə olunacağı sülh və rifah dövrünə aparan mühüm mərhələdir.”
Rubionun fikrincə, qəbul edilən qətnamə “Qəzzanın demilitarizasiyası, radikallıqdan azad edilməsi və sabitləşdirilməsi” məqsədlərinə mümkün qədər yaxınlaşmağa imkan yaradıb.
Bundan əvvəl BMT TŞ-in 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Rusiya və Çin isə bitərəf qalıb. Səsvermədən sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildiribki, sülh təşəbbüsünün nəticələri yalnız o halda qiymətləndirilə bilər ki, bölgədə “1967-ci il sərhədləri daxilində İsrail və Fələstin sülh və təhlükəsizlik şəraitində yanaşı yaşaya bilsin, Qüds isə hər iki dövlətin paytaxtına çevrilsin.”
Qətnamənin qəbulundan sonra Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin isə ABŞ layihəsinin fələstinlilərin hüquqlarını tam əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, sənəd “iki dövlət — iki xalq” prinsipini lazımi şəkildə özündə əks etdirmir və bu, Pekinin dəyişməz mövqeyi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Çin qətnamənin lehinə səs verməyib.
Mao Nin əlavə edib ki, ABŞ-ın təqdim etdiyi mətn Qəzza zolağının müharibədən sonrakı taleyi ilə bağlı əsas məsələlərdə “qeyri-müəyyənlik” yaradır. Çin, onun sözlərinə görə, fələstinlilərin öz qanuni hüquqlarını bərpa etməsi üçün “ədalətli mübarizəsini” dəstəkləməkdə davam edəcək və problemin “əhatəli, ədalətli və davamlı həlli” üçün konstruktiv rol oynayacaq.
Pekin həmçinin TŞ-i “davamlı atəşkəsə nail olunması, humanitar fəlakətin yüngülləşdirilməsi və Qəzzanın müharibədən sonrakı bərpasına başlanması üçün bütün zəruri addımları” atmağa çağırıb.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ