İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal böhranın Bakı rəflərindəki ƏKSİ: Paytaxt marketlərində son DURUM – REPORTAJ

Son vaxtlar həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında qiymətlərin tez-tez dəyişməsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Alıcılar gündəlik tələbat məhsullarının bahalaşmasından narazıdırlar. Musavat.com əməkdaşı olaraq, bu dəfə paytaxtdakı hipermarketlərdən birinə baş çəkib qiymətlərlə maraqlandıq və alıcıların fikirlərini öyrəndik.

Mağazaya daxil olan kimi bizi qarşılayan tərəzi növbələri yox, piştaxtaların önündə qiymət kağızlarına baxıb dərindən ah çəkən insanlar olur. Narazılıq və təəccüb dolu baxışlar aydınca seçilir. İlk dayandığımız yer gigiyenik vasitələrin olduğu şöbədir. Orta yaşlı bir xanım yaş salfetlərin düzüldüyü rəfə yaxınlaşır. Qiymətləri bir-bir nəzərdən keçirir, əlini birinə uzadır, qiymətini görüb dərhal geri çəkir. Yaxınlaşıb dodaqaltı gileyini eşidirik: “Ötən həftə heç olmasa, 1 manat 50 qəpiyə normal yaş salfet almaq olurdu. İndi şəhərdə elə bir mağaza qalmayıb ki, o qiymətə nəsə tapa bilsən. Hamısı 2 manat 50 qəpikdən yuxarıdır...”

Doğrudan da, rəfdəki ən ucuz yaş salfet "endirimlə" 2.49 AZN-ə təklif olunur. Digər markaların qiyməti isə 4-6 manat arasında dəyişir. Bir qədər kənarda quru salfetləri incələyən başqa bir alıcı isə keyfiyyətli məhsul tapmağın artıq lüksə çevrildiyini deyir. Məsələn, "Selpak" quru salfetləri 4.39 AZN-ə, ən kiçik ölçülü, nisbətən aşağı keyfiyyətli salfetlər isə 1.46 AZN-dən başlayır.

Bir az irəliləyirik. Tualet kağızlarının qiyməti də əl yandırır. Markalardan asılı olaraq qiymətlər kəskin fərqlənir: “Selpak”- 15.59 AZN, “Prosoft”- 7.58 AZN, “Familiya”- 4.29 AZN.

Amma mağazadakı ən böyük gərginlik uşaq bezləri olan şöbədə yaşanır. Körpəsi olan valideynlər sanki çıxılmaz seçim qarşısındadırlar. "Huggies" bezlərinin qiyməti 24.99 - 40 AZN arasında dəyişir. Nisbətən ucuz sayılan "Molfiks" 13-18 AZN, endirimdə olan "Predo" 14.45 AZN, "Canbebe" isə 14 AZN-dir.

Ən çox tələb olunan orijinal "Pampers" markasında isə qiymətlər az qala fantastik həddə çatıb: ölçüsündən və sayından asılı olaraq 35, 50 və hətta 60 AZN! Övladına bez seçməyə çalışan gənc bir ata başını bulayaraq bizə tərəf dönür: "Hər ay təkcə uşaq bezinə verilən pulla bir ailə dolandırmaq olar. Qiymətlər hər gün dəyişir, maaşlar isə yerində sayır”.

Məişət əşyaları və təmizlik vasitələri bölməsində isə səs-küy bir az da artır. Əlində mikrofiber təmizlik bezini tutan bir xanım alıcının satıcıya bərkdən etiraz etdiyini eşidirik: “Buna bax e! Adi bir yer silmək üçün əskini 27.21 manata qoyublar! Belə şey olar? Bunun içi qızıldır, yoxsa gümüş? Camaatla zarafat edirsiniz?”

Rəfləri düzəldən gənc satıcı oğlan bir qədər çəkinərək, amma vəziyyətdən çıxmağa çalışaraq cavab verir: “Xanım, o baha olanı xüsusi materialdır, ona görədir. Əgər istəyirsinizsə, burada onun kimi 16-18 manatlıq məhsullarımız da var, onlara baxa bilərsiniz".

Alıcı əsəbi halda əskini rəfə ataraq: "Ay oğul, 16 manat əskiyə vermək normaldır bəyəm? Ondansa, köynəyimi cırıb evimi silərəm. Təzə aldığım köynək elə 16 manatdır...”

Narazılıq qabyuyan vasitələrin olduğu rəflərdə də davam edir. Alıcılar bildirirlər ki, əvvəllər bir neçə manata aldıqları maye qabyuyanların qiyməti indi göz qabağında ikiqat artıb. Xüsusilə tanınmış markaların gel və kapsulları büdcəyə ciddi ziyan vurur.

Hipermarketdən ayrılarkən aydın görünür ki, alıcıların narazılığı sadəcə bir emosiya deyil, real qiymət fərqinin göstəricisidir. İnsanlar indi marketə gələrək ehtiyacları olanı yox, sadəcə, ciblərinə uyğun gələn məhsulları seçmək məcburiyyətində qalıblar. Qiymət artımının qarşısının nə zaman alınacağı isə hələ də sual altındadır. Bütün bunlar fonunda isə sual dəyişməz qalır: qiymətlərdəki bu davamlı artım nə ilə bağlıdır və yaxın dövrdə stabilləşmə gözlənilirmi?

Ümumilikdə isə son illər müharibələr, ticarət məhdudiyyətləri və enerji böhranları dünya üzrə qiymətlərin yüksəlməsinə səbəb olub. Son illərdə həm pandemiya, həm də enerji bazarındakı dəyişikliklər bir çox ölkədə inflyasiyanı artırıb. Azərbaycanda bu ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Qeyd edilib ki, yanvar-aprel aylarında da orta illik inflyasiya eyni səviyyədə qeydə alınıb. Məlumata görə, 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 faizlə müqayisədə 5,6 faizə çatıb.

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə əsasən isə, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqladığı son proqnoza görə isə cari ildə illik inflyasiya 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz səviyyəsində gözlənilir.

İqtisadçı Akif Nəsirli: “Borclanmanın artması müəyyən sosial maliyyə yükü yarada bilər”

Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Marketdə gördüyünüz qiymət artımını təkcə insanlar müşahidə etmir. Son bir il ərzində Azərbaycanda rəsmi inflyasiya təxminən 5-6% aralığında olub, ərzaq məhsullarında isə artım ümumi inflyasiyadan daha yüksəkdir. 2026-cı ilin ilk aylarının statistikasına görə qiymət artımı 6-7%-ə yaxın, qeyri-ərzaq mallarında isə təxminən 3-4% səviyyəsindədir.

Ancaq insanların gündəlik hiss etdiyi inflyasiya çox vaxt rəsmi göstəricidən yüksək görünür. Bunun səbəbi odur ki, insanlar hər gün daha çox aldıqları məhsulların qiymətini izləyirlər. Məsələn, pampers, yaş salfet, süd məhsulları, yağ, meyvə-tərəvəz və digər gündəlik tələbat mallarında 10-15%-lik bahalaşma olduqda ümumi inflyasiya 5-6% olsa belə, alıcı bunu daha yüksək hiss edir.

Pampers və yaş salfet kimi məhsulların qiymətinin artmasının əsas səbəblərindən biri onların böyük hissəsinin idxal olunmasıdır. Bu məhsulların istehsalında istifadə edilən xammal, qablaşdırma materialları, logistika və daşınma xərcləri son illərdə dünya bazarında bahalaşıb. Bundan əlavə, istehsalçı şirkətlərin öz qiymət siyasətində dəyişikliklər, distribütor və pərakəndə satış şəbəkələrinin marjaları da son qiymətə təsir edir.

Qiymət artımının digər mühüm səbəbi qlobal inflyasiyadır. Son illərdə pandemiya, logistika problemləri, enerji qiymətlərində dəyişikliklər, müxtəlif regionlarda geosiyasi gərginliklər və istehsal xərclərinin yüksəlməsi dünyanın əksər ölkələrində qiymətləri artırıb. Azərbaycan da bir çox məhsulu xaricdən aldığı üçün bu prosesdən tam təcrid oluna bilmir. Digər amil əməkhaqqı və xidmət xərclərinin artmasıdır. Maaşlar yüksəldikcə, mağazaların, anbarların, nəqliyyat şirkətlərinin və istehsal müəssisələrinin xərcləri artır. Bu xərclərin bir hissəsi son məhsulun qiymətinə əlavə olunur”.

İqtisadçı deyir ki, hazırda qiymətlərin tam olaraq nə vaxt dayanacağını dəqiq demək mümkün deyil: “Hesab edirəm ki, yaxın aylarda inflyasiya davam etsə də, son illərdəki kəskin sürətlə yox, daha mülayim tempdə olacaq. Mövcud proqnozlar Azərbaycanda inflyasiyanın 2026-cı ilin sonuna doğru bir qədər zəifləyə biləcəyini göstərir, lakin qiymətlərin əvvəlki səviyyəyə qayıtması gözlənilmir. Adətən inflyasiya azalanda qiymətlər enmir, sadəcə, artım tempi zəifləyir.

Ən çox bahalaşmanın müşahidə olunduğu sahələr ərzaq məhsulları, süd və süd məhsulları, ət məhsulları, meyvə-tərəvəz, uşaq baxım məhsulları, gigiyena vasitələri, bəzi məişət malları və xidmət sektorudur. Son statistik məlumatlarda çörək, süd, pendir, bitki yağları, müxtəlif meyvə-tərəvəz məhsulları və bir sıra gündəlik istehlak mallarında qiymət artımları qeyd olunur.

İnsanların çoxunun diqqətini məhz pampers, yaş salfet, süd, yağ, yumurta, ət kimi məhsulların cəlb etməsinin səbəbi onların hər ay mütəmadi alınmasıdır. Məsələn, ildə bir dəfə alınan televizorun qiyməti dəyişməsə də, hər həftə alınan məhsullar bahalaşdıqda ailə büdcəsində təsir dərhal hiss olunur. Buna görə də bir çox insanın hiss etdiyi "real inflyasiya" rəsmi statistik göstəricidən daha yüksək görünür.

Qısası, hazırda Azərbaycanda inflyasiya yüksək deyil, amma gündəlik istehlak mallarında qiymət artımları davam edir. Xüsusilə idxaldan asılı olan uşaq məhsulları, gigiyena vasitələri və ərzaq mallarında bu təsir daha çox hiss olunur. Yaxın dövrdə qiymətlərin tam sabitləşməsindən çox, artım tempinin tədricən azalması daha real ssenari hesab olunur”.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR