Onlayn ictimai-siyasi qəzet
Bir həftədən sonra bütün Azərbaycanın diqqəti İtaliyaya yönələcək. Noyabrın 25-dən 26-na keçən gecə (saat 00:00) UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ən sürpriz komandası sayılan “Qarabağ”ımız növbəti oyununa çıxacaq.
V turda rəqib dünyanın adlı-sanlı klublarından sayılan, iki il öncəki Avropa Liqasının qalibi “Napoli”dir. Oyun argentinalı, əfsanəvi futbolçu Dieqo Armando Maradonanın adını daşıyan “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək.

Bu matç heç şübhəsiz ki, Azərbaycanın futbol tarixi üçün ən vacib oyunlardan biri sayılır. Onsuz da “Köhlən atlar” son 17 ildə Avropada xariqələr yaradaraq bütün oyunlarını ölkə futbolunun tarixinin ən önəmli qarşılaşmaları edib.

Amma əminliklə deyək ki, “Napoli” səfərinin tamam başqa bir əhəmiyyəti var. Aşağıda sadalayacağımız amillər “Napoli” - “Qarabağ” qarşılaşmasının önəminin ifadə edilməsi mümkün olmayan qədər böyük olduğunu göstərəcək: Hazırda Ağdam təmsilçisinin hesabında 7 xal var və 36 klub arasında 15-ci yerdədir. “Napoli” isə 4 xalla nə az, nə də çox, düz 24-cü yerdədir. Yəni 24-lüyə düşmə taleyi “tükdən asılıdır”.
İtalyanlar üçün bu oyun məcazi mənada ifadə etsək, bir “ölüm-dirim savaşı”dır. Heç-heçə qalacaqları təqdirdə belə nəinki 24-cü sıradan uzaqlaşa bilərlər, hətta turnirin bu mərhələsinin sonunda üst tura çıxacaq 24 komanda arasında olmaya bilərlər. Bu da sözün həqiqi mənasında “Napoli” tarixi üçün bir fiasko olar. Halbuki, ötən əsrin 80-90-cı illərində Maradonun klubu kimi dünyada ad çıxaran “Napoli”nin builki hədəfi ilk 8-lik idi. Nəzəri cəhətdən olsa da, bu şansları hələ ki, qalır. Amma gərək keçilməz “Qarabağ” səddini adlayasan...
Əvəzində Azərbaycan futbolunun əfsanəsi Qurban Qurbanov oyuna klubunu daha rahat çıxaracaq. Çünki təcrübəli məşqçi bilir ki, məğlub olsa belə, bu, faciə olmayacaq, 24-lük şanslarını yenə də saxlayan əsas klublar sırasında yer alacaq. Necə ki, "Atletik Bilbao" məğlubiyyətindən sonra Qurban hocanı nəinki azarkeşlər, idman mütəxəssisləri qınadılar, hətta alqışladılar.

Bir də unutmayaq ki, “Qarabağ” İtaliyaya ruh yüksəkliyi ilə yollanacaq. Çünki Liqa Mərhələsinin son oyununda ingilis nəhəngi “Çelsi”yə Tofiq Bəhramov adına Respublika stadionunu dar edərək, “məmurları” axsada bilmişdi (2:2). Hətta son dəqiqələrdə Aleksey Kaşuk və ya Nəriman Axundzadə qapıçı ilə üzbəüz epizoddan istifadə etsəydilər, bəlkə də indi ilk 8-liyə düşmək şansları barədə danışırdıq.
Təbii ki, “Napoli” futbolçuları bütün bunların fərqindədir və rəqibi kifayət qədər ciddiyə alacaqlar. Həm də bu, “Qarabağ”dır. Keçək, “Napoli”dən sonra klubumuzun qalan 3 oyununa.
Dekabrın 10-da “Köhlən atlar” Niderlandın “Ayaks”ını qəbul edəcək. Rəqibin durumu çox ağırdır. Hazırda 0 xalla 36-cı, yəni sonuncu pillədə qərarlaşıb. Demək, bu komandanı Bakıda udmağa “Qarabağ” bu gedişatı ilə məcburdur.
Gələn il yanvarın 21-də isə Azərbaycan çempionu ardıcıl ikinci dəfə ev oyununu keçirəcək. Rəqib alman klubu “Ayntraxt” olacaq. Hazırda 4 xalla 23-cü sıradadırlar. Həmin vaxta qədər mövqelərini nə qədər düzəldə bilsələr belə, keçilməz sədd olmayacaqlar. Meydan amilini nəzərə alsaq, “Qarabağ” “alman maşını”nı keçə bilər.
Sonuncu oyunumuz haqda isə sadəcə bunları deyə bilərik ki, rəqib İngiltərə çempionu "Liverpul"dur. Dünyada kiçik Çempionlar Liqası adlanan bir daxili çempionatın qalibi olan klubdur. Hər halda futbol azarkeşləri bu oyun üçün “Qarabağ”ın hesabına 0 xal yazmış olar. Amma necə deyərlər, bu, möcüzələr yaradan, futbolu olmayan bir ölkədə “yoxdan var yaradan” Qurban Qurbanovun klubudur...
Bütün bunlardan çıxış etsək, ilk 24-lük şanslarımız göründüyü kimi kifayət qədər yüksəkdir. Amma oyun da oynamaq lazımdır. Bunu da hamıdan daha çox Qurban Qurbanov və “əsgərləri” yaxşı anlayır...

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirib ki, “Qarabağ” minimum hədəfin öhdəsindən gəlib:
“Komanda gözlənildiyindən daha çox xal yığıb, ciddi rəqib olduğunu sübut edib. Bütün dünyaya səs salan təmsilçimizə artıq hər kəs hörmətlə yanaşır. Bundan sonrakı hədəf 24-lüyə düşməkdir.
Düşünürəm ki, “Qarabağ" bunu bacaracaq. Hazırkı Çempionlar Liqasının mövsümünün gedişatı elədir ki, 8-9 xalla da buna nail olmaq olar. Cəmi 1 qələbə ilə yeni tarix yazıla bilər. “Napoli” çox çətin rəqibdir, xüsusilə də evdə qarşısıalınmazdır. Bu səfərdən 1 xal belə gətirsək, bizim üçün böyük uğur sayıla bilər.

Məncə, “Çelsi” ilə son matçımızdakı taktika ilə oynasaq, topu özümüzdə saxlayaraq uzun ötürmələrlə rəqibin cinahlarındakı boşluqlardan istifadə edə bilsək, istəyimizə nail ola bilərik.
“Qarabağ” həm də səfərdə yaxşı oynayan komandadır və bu da bizim xeyrimizə olan amildir. İtaliyadan xalsız dönsək belə, evdə yaxşı günlərini yaşamayan “Ayaks”, yaxud müdafiədə problemləri olan “Ayntraxt”dan xallar qazana, hədəfə çata bilərik. Qurban Qurbanov və yetirmələrinin potensialı böyükdür. İnanmaq və dəstəyimizi davam etdirməyimiz lazımdır”.
Cavanşir ABBASLI
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ