İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrəvanda HAKİMİYYƏT ÇEVRİLİŞİ edir, Paşinyan TƏMİZLƏMƏ ƏMƏLİYYATINA gedir - TV Musavat - Canlı debat 

“Rusiya parlament seçkilərindən istifadə edərək Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində idi, amma bu planı uğursuz oldu. Çünki əhalinin əksəriyyəti sülh gündəliyini dəstəkləyir”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Edqar Vardanyan deyib.

“Rusiya hökuməti reallığı görmür. Çünki Putinə yaltaqlanmaq üçün yalan məlumat veriblər, Paşinyanın reytinqinin kəskin şəkildə aşağı düşdüyünü, ölkədə böyük narazılıqların olduğunu söyləyiblər. Amma Moskvanın B planı da var, bu, rusiyapərəst qüvvələrin mandatları götürüb parlamentə daxil olmasıdır. Bu kontekstdə vaxtaşırı seçkilərin saxtalaşdırıldığını iddia etməyi vacib hesab edirlər. Rusiyapərəst qüvvələr Putinin kömək edəcəyinə, vəziyyətin dəyişəcəyinə ümidini itirmirlər”, - o bildirib.

Vardanyan çıxılmaz vəziyyətdə olan Rusiyanın kəskin addımlar ata, Ermənistana təzyiq göstərə biləcəyini istisna etmir: “Amma Moskvanın addımları Ermənistanın Avropa İttifaqına inteqrasiyasına töhfə verir və ölkədə Rusiya əleyhinə atmosferi qızışdırır”.

Ekspert radikal müxalifətin küçələrə çıxa biləcəyini istisna etmir, bunun hakimiyyəti ələ keçirmək üçün uğursuz cəhd olacağını vurğulayıb. Amma Vadranyan əlavə edib ki, yekunda Vladimir Putin Nikol Paşinyanı qələbəsi münasibətilə təbrik edəcək və gərginlik zamanla səngiyəcək.

Ermənistanda hakimiyyət dövlət qurumlarında seçki sonrası "təmizləmə" prosesinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Məlumata görə, iyunun 5-də "Mülki Müqavilə" partiyasının yekun mitinqinə inzibati resurslar səfərbər edilib.

Dövlət qulluqçularına istisnasız olaraq hamının Respublika meydanındakı aksiyada iştirak etməsi barədə ciddi tapşırıq verilib. Bundan əlavə, əməkdaşlara mitinqi vaxtından əvvəl tərk etməmək və sona qədər orada qalmaq barədə xəbərdarlıq olunub. Buna səbəb kimi isə meydana xüsusi "nəzarətçilər"in təyin edilməsi və onların iştirak edənlərlə etməyənlərin siyahısını tutaraq yoxlama aparacağı göstərilib.

Qəzetin əldə etdiyi məlumatlara görə, həmin nəzarətçilər artıq bir neçə gündür ki, mitinqə getməyə cürət etməyən və ya gedib vaxtından əvvəl ayrılan əməkdaşlardan izahat tələb edirlər. Bildirilir ki, hazırda növbəti mərhələdə addım atmaq üçün "özünkülər" və "müxalifətçilər"in siyahısı tərtib olunur. Əgər öz hüquqlarını bilməyən işçi tapılarsa, onu işdən çıxma barədə ərizə yazmağa məcbur edəcəklər, digərlərini isə mükafatlardan ("premiya"lardan) məhrum etməklə cəzalandıracaqlar. Lakin ekspertlər qeyd edir ki, əgər insanlar az da olsa dirəniş göstərsələr, hakimiyyət heç bir tədbir görə bilməyəcək.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR