İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qaranlıq dövr qayıdır: Telefonlar susdurulur, kartlar bağlanır

Rusiya Dövlət Dumasında telefon dələduzluğuna qarşı mübarizə məqsədi ilə hazırlanmış hökumət qanun paketi birinci oxunuşda müzakirə olunur.

Musavat.com xəbər verir ki, bir çox ekspert layihənin ciddi sistemli səhvlərlə dolu olduğunu bildirir.

Onların fikrincə bu qanun məhz qorunmalı olan sosial qruplara - pensiyaçılara və uşaqlara zərbə vurur.

Qanun layihəsi hətta hakim “Vahid Rusiya” partiyasının deputatı Sergey Boyarskinin rəhbərlik etdiyi profil komitənin də narazılığına səbəb olub. Sənəd Ali Məhkəmə və parlament hüquqşünasları tərəfindən də kəskin tənqid edilib.

Deputatların diqqət çəkdiyi əsas problemlər bunlardır:

Pensiyaçılar xaricdəki yaxınları ilə əlaqəsiz qala bilər

Layihəyə əsasən, bütün beynəlxalq zənglər — o cümlədən ev telefonlarına gələn zənglər — avtomatik bloklanacaq. Hökumət bunu yaşlı insanların “həddindən artıq sadəlövh olması” ilə əsaslandırır.

Lakin qanunda etibarlı nömrələr üçün “ağ siyahı” mexanizmi nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, nənə xaricdə yaşayan nəvəsindən gələn zəngi belə ala bilməyəcək.

Uşaqların şəxsi məlumatları təhlükə altına düşür

Valideynlərdən uşaqlara verdikləri SIM-kartlar barədə mobil operatorlara məlumat vermələri tələb olunacaq. Bunun hansı məqsədə xidmət etdiyi izah edilmir.

Deputatlar hesab edirlər ki, nəticədə uşaqların əlaqə məlumatları üçüncü şəxslərin əlinə keçə və dələduzların bazalarına düşə bilər.

Proqramlara “əmr vermək səlahiyyəti” tanınır

Qanun layihəsində dövlət informasiya sisteminə mobil operatorlara birbaşa göstəriş vermək hüququ tanınır.

Deputatlar bildiriblər ki, hüququn əsas prinsiplərinə görə “kompüter proqramı” hüquqi subyekt deyil və insanlara və şirkətlərə əmr verə bilməz.

Real həyat nəzərə alınmır

Layihə faktiki olaraq fövqəladə hallarda dostun telefonuna SIM-kart taxmağı və ya ailə daxilində kredit kartlarından sərbəst istifadəni qadağan edir.

Bu isə vətəndaşların şəxsi həyatına əsassız müdaxilə kimi qiymətləndirilir.

Qanun öz-özü ilə ziddiyyət təşkil edir

Sənədin bir maddəsində bank kartlarının sayına məhdudiyyəti Mərkəzi Bankın müəyyən edəcəyi yazılır, digər maddədə isə əvvəlcədən maksimum 20 kart limiti qoyulur.

Bu, qanunun daxili məntiqinin pozulduğunu göstərir.

Ali Məhkəmədən sərt xəbərdarlıq

Ali Məhkəmə və Dövlət Dumasının Hüquq İdarəsi də layihəni tənqid edib. Onlar hüquqi xaos yaranacağı barədə xəbərdarlıq ediblər.

Xüsusilə qeyd olunur ki, SIM-kartların qeydiyyatındakı pozuntularla Cinayət Məcəlləsinin 274.6-cı maddəsi arasında səbəb-nəticə əlaqəsi göstərilməyib. Halbuki məhz bu maddə ilə rabitə salonlarının əməkdaşlarını cəzalandırmaq planlaşdırılır.

Mütəxəssislərin fikrincə, bu qanun dələduzluqla mübarizədən çox vətəndaşların həyatına total nəzarətin qurulmasına xidmət edir.

Yeni qaydalar qəbul edilərsə, milyonlarla insan - xüsusilə pensiyaçılar və uşaqlar - rabitədən və maliyyə xidmətlərindən faktiki olaraq məhrum ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR