Onlayn ictimai-siyasi qəzet
Son günlər Azərbaycan-İran arasında nəqliyyat və humanitar əlaqələrin bərpası istiqamətində mühüm müzakirələr aparılır. Bu proses çərçivəsində uzun müddətdir bağlı qalan quru sərhədi boyunca sərnişin daşımalarının yenidən açılması məsələsi gündəmə gətirilib.
İran rəsmilərinin açıqlamaları göstərir ki, tərəflər bu istiqamətdə real imkanları və mexanizmləri nəzərdən keçirir. Xüsusilə turizm, regional iqtisadi canlanma və qarşılıqlı insan əlaqələri baxımından böyük əhəmiyyət daşıyan bu məsələ son illər tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ehtimalını gündəmə gətirir. İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmirinin son açıqlamaları diqqəti məhz bu istiqamətə yönəldir.
2020-ci ilin mart ayından bağlı qalan Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı müzakirələr həm ictimai maraq doğurur, həm də Bakı–Tehran münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, bu, olduqca maraqlı və diqqətəlayiq bir ideya və təklifdir:
"Açıq demək lazımdır, mən də belə düşünürəm ki, bu təşəbbüs Azərbaycanda da müsbət qarşılanacaq. Məlumdur ki, sərhədlərin bağlanması ilkin mərhələdə pandemiya ilə əlaqələndirildi, daha sonra isə təhlükəsizlik amilləri ön plana çəkildi. Regionda və dünyada baş verən proseslər də göstərdi ki, bu qərarlar təsadüfi deyildi, onların arxasında real risklər və əsaslandırılmış məqsədlər dayanırdı.
Lakin bu gün Azərbaycan güclü dövlətdir və hüquq-mühafizə, eləcə də təhlükəsizlik orqanları yüksək peşəkarlıqla fəaliyyət göstərir. Artıq ölkəmiz təhlükəsizlik məsələlərini öz imkanları daxilində effektiv şəkildə təmin etmək və mövcud problemləri operativ həll etmək gücünə malikdir. Bu baxımdan xüsusilə sərhəd bölgələri üçün mərhələli və nəzarətli açılış modeli həm dövlət, həm də əhali üçün faydalı ola bilər”.
Siyasi şərhçi hesab edir ki, ən azı sərhəd rayonlarında yaşayan insanların gediş-gəlişi üçün müəyyən məhdudiyyətlər və xüsusi qaydalar çərçivəsində məhdud ərazilərə icazənin verilməsi məqsədəuyğun görünür:
“Bu, tədricən ümumi açılışa keçid üçün ilkin addım rolu oynaya bilər. Eyni zamanda, bölgələrdə iqtisadi fəallığın artmasına şərait yaradar. Hazırda sərhəd ərazilərində yaşayan əhali üçün bu məsələ xüsusilə həyati əhəmiyyət daşıyır. Həmçinin, turizmin, xüsusən də ailə turizminin inkişafı üçün yeni imkanlar açıla bilər. Bu yanaşma həm sosial, həm də iqtisadi baxımdan müsbət nəticələr verə bilər. Yekun etibarilə Azərbaycanla İran arasında sərhəd məsələsində daha çevik, fərqli və yenilikçi yanaşma tətbiq etməklə, qarşılıqlı fayda doğuran bir həll modelinə nail olmaq mümkündür”.
Cavanşir ABBASLI,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ