İnsanlara hürriyət, millətlərə istiqlal!

Zavallı Navalnı - Butında dünyaya gəldi, Putinin güdazına getdi

Onun haqqında vikipediya məlumatının ilk sətirləri belədir: “Aleksey Anatolyeviç Navalnı 1976-cı ilin iyun ayının 4-də RSFSR-in Moskva vilayətinin Odintsovo rayonunun Butın kəndində doğulub, 2024-cü ilin fevral ayının 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki həbsxanada ölüb”.

Ancaq iki il öncə bu günlər Rusiyanın əsas müxalifət qüvvələrinin lideri Aleksey Navalınının həbsxanada öldüyü barədə xəbər gələndə heç kəs şübhə etmədi ki, o, öz əcəli ölməyib, öldürülüb.

Gerçəkdən də buna şübhə edən yox idi, sadəcə, inkar edənlər, Navalnıya qarşı qəsd olduğunu boynuna almayanlar vardı. Onlar işin içində olanlar və onların tərəfdarlarıydı.

İndi ABŞ-nin dövlət katibi Marko Rubio da Avropa ölkələrinin Navalnının epibatidin maddəsi zəhərlənməsi ilə bağlı hesabatını real sayır. Bu, o deməkdir ki, Tramp administrasiyası 1 ildən artıqdır hər vəchlə yola gətirməyə, bəzi hallarda yarınmağa çalışdığı Putin administrasitasının Navalnının həyatına sui-qəsd törətdiyini etiraf edir.

Bununla belə, ABŞ tərəfi bu faktdan çıxış edərək Kremlə qarşı hər hansı bir ittiham səsləndirmək niyyətində deyilmiş kimi görünür. Bu, təxminən belə bir mövqedir: “Düzdür, Navalnı öldürülüb, amma biz Moskva ilə əməkdaşlığa davam edəcəyik”.

Yəni Navalnının ölüm işi bir zamanlar Rusiyanın polis sistemindəki korrupsiyanı ifşa edən və buna görə də öldürülən hüquqşünas Sergey Maqnitski ilə bağlı ABŞ-də qəbul edilmiş “Maqnitski qanunu” kimi bir qanunun hazırlanmasına səbəb olmayacaq. 2012-ci ilin sonlarında “Maqnitski aktı” ABŞ Konqresi tərəfindən qəbul edilib və o vaxtkı ABŞ prezidenti Barak Obama tərəfindən imzalanıb.

Bu xüsusda Avropanın qüdrətli ölkələri (Birləşmiş Krallıq, İsveç, Fransa, Almaniya və Hollandiya) fərqli mövqedədirlər. Onlar məşhur siyasi xadimlərə, jurnalistlərə və keçmiş kəşfiyyatçılara qarşı Rusiya dövləti tərəfindən həyata keçirilən sui-qəsd işlərinin araşdırılması və cəzalandırılması məsələsində prinsipialdırlar.

Böyük Britaniya sığınacaq verdiyi keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun Londonda zəhərlənərək öldürülməsi məsələsinin üstündən hələ də keçməyib. London bu qəsdi törədən, sonradan Rusiyaya qayıdaraq mükafat alan şəxslərin ekstradisiyasını tələb etməkdədir.

Navalnının daha bir sui-qəsdə məruz qalacağı onun Almaniyada müalicə aldığı vaxtdan bəlliydi. Çünki 2020-ci ilin 20 avqustunda Navalnı Sibirdə “Noviçok” preparatı ilə zəhərlənmiş, komaya düşmüş, daha sonra Berlindəki “Şarit” xəstəxanasında müalicə olunmuş, ölməmişdi. Necə deyərlər, Kremlin işi yarımçıq qalmışdı və Navalnının qətl fərmanı ləğv edilməmişdi.

Ona görə də Navalnı bütün xəbərdarlıqlara, həyatına dair təhdidlərin real olmasına baxamayaraq, Almaniyadan 17 yanvar 2021-ci ildə Moskvaya qayıdanda elə pasport nəzarəti məntəqəsində həbs olunarkən aydın idi ki, adamın axırına çıxmamış ondan əl çəkməyəcəklər.

Əslində Navalnı özündən əvvəl düz Moskvanın mərkəzində, Kremlin 5 addımlığında güllələnərək öldürülmüş dostu Boris Nemtsovun (Rusiya baş nazirinin keçmiş 1-ci müavini, 1959-2015) aqibətindən dərs çıxarmalı, anlamalıydı ki, NKVD-DTK məktəbinin müdavimləri hələ də “ən yaxşı rəqib ölü rəqibdir” prinsipi ilə işləyirlər. Mübahisə predmeti hakimiyyət, mənsəb, sərvət məsələsi olursa, onlar üçün heç bir mənəvi kateqoriya, heç bir insani dəyər önəm daşımır.

O qədər informasiyalı, savadlı adamın bunları, başına gələ biləcək hadisələri bilə-bilə qurdlar vadisinə qayıtması hələ də inanılmazdır. Söz yox, bu, Navalnının cürətli biri olmasını göstərirdi, amma Almaniya kansleri Angela Merkel uzaqdaydı, bu dəfə onu xilas edə bilməyəcəkdi.

Siyasi rəqiblərin açıq-aşkar, heç bir utanıb-çəkinmə olmadan fiziki baxımdan aradan götürülməsi Rusiyanı Şərq satraplıqları ilə bir cərgəyə qoysa da, bu, Kremldə oturanların vecinə deyildi. Onlar əmin idilər ki, Rusiya qüdrətli və nəhəng nüvə dövləti olduğu üçün onun karbohidrogen ehtiyatlarından asılı olan Qərb dövlətləri sui-qəsdə məruz qalmış siyasi xadimlərlə bağlı dərin araşdırmalara getməyəcəklər, bir-iki qınayıcı bəyanat verib sakitləşəcəklər.

Hazırda isə yuxarıda adı çəkilən dövlətlərin mütəxəssisləri uzun müddət araşdırma apararaq Navalnının məhz hansı zəhərlə öldürüldüyünü sübut ediblər.

Ancaq nə əhəmiyyəti var? Bir zamanlar Moskva meri seçkilərində ikinci yeri tutan, prezident Putinin əsas alternativi, Rusiyanın gələcək prezidenti hesab edilən Navalnı artıq iki ildir həyatda yoxdur.

Düzdür, o, rus millətçisiydi, amma demokrat idi. Rusiya elə bir ölkədir ki, orada rus patriotu olmadan hakimiyyətə gəlmək, İranda mömin olmadan hansısa seçkili orqana seçilmək qədər mümkünsüzdür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Avqust 2026

22 Avqust 2026

21 Avqust 2026

18 Avqust 2026

14 Avqust 2026

12 Avqust 2026

06 Avqust 2026

04 Avqust 2026

02 Avqust 2026

31 Iyul 2026

28 Iyul 2026

26 Iyul 2026

23 Iyul 2026

21 Iyul 2026

18 Iyul 2026

14 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

07 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

26 Iyun 2026

24 Iyun 2026

22 Iyun 2026

20 Iyun 2026

17 Iyun 2026

15 Iyun 2026

13 Iyun 2026