İnsanlara hürriyət, millətlərə istiqlal!

8 noyabr, yoxsa 8 avqust: hansı zəfərimiz daha böyükdür? - Rauf Arifoğlunun təhlili

2025-ci il avqustun 8-də Vaşinqtonda baş verənlərdən bir il keçir. Bir il tarix üçün böyük zaman deyil. Ancaq hadisənin üstündən müəyyən məsafədən baxmaq, onun zahiri görüntüsü ilə həqiqi siyasi məzmununu bir-birindən ayırmaq üçün yetərlidir. İndi daha aydın görünür ki, Ağ Evdə keçirilən mərasim sadəcə Azərbaycan və Ermənistan rəhbərlərinin Donald Trampın iştirakı ilə bir masa arxasında oturması, xarici işlər nazirlərinin sülh sazişinin razılaşdırılmış mətnini paraflaması və üç liderin Birgə Bəyannaməyə imza atması deyildi. 8 avqust Azərbaycanın müharibədə yaratdığı yeni reallığın beynəlxalq siyasi müstəviyə daşındığı gün idi. Bəziləri o vaxt bunu “sülh uğrunda savaşın udulması” adlandırmışdı. Bir il sonra həmin ifadənin hadisənin mahiyyətini daha dəqiq ifadə etdiyini düşünürəm.

Vaşinqton görüşü dünyada yeni prosesin başlanğıcıdır | Modern.az

Əlbəttə, faktı dəqiq qoymaq lazımdır: 8 avqust 2025-ci ildə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadı. Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. İlham Əliyev və Nikol Paşinyan isə Donald Trampın şahidliyi ilə Vaşinqton Birgə Bəyannaməsini imzaladılar. Elə həmin gün iki ölkə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün ATƏT-ə birgə müraciət etdi.

Amma siyasi tarix yalnız sənədin hüquqi adından ibarət deyil. Əsas məsələ həmin sənədə hansı nöqtədən gəlib çıxıldığıdır.

Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir

Azərbaycan 2020-ci ildə 30 ilə yaxın mövcud olmuş hərbi-siyasi status-kvonu 44 gün ərzində dağıtdı. 2023-cü ilin sentyabrında ölkənin bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Bundan sonra əsas mübarizə cəbhədən diplomatiya masasına keçdi. Məncə, İlham Əliyevin ən böyük siyasi uğurlarından birini məhz bu mərhələdə axtarmaq lazımdır. Azərbaycan müharibədə qazandığı nəticənin sülh danışıqlarında aşınmasına, başqa formatda geri alınmasına imkan vermədi.

Bu, göründüyündən daha mürəkkəb məsələdir. Tarixdə döyüş meydanında qələbə qazanıb diplomatiya masasında onun bir hissəsini itirən dövlətlər az olmayıb. Azərbaycana da uzun illər müxtəlif formulalar təqdim edilmişdi: status, referendum, keçid modeli, qeyri-müəyyən gələcək, Minsk qrupunun bitib-tükənməyən vasitəçiliyi. Bu mexanizmlərin ortaq cəhəti vardı: Azərbaycan öz ərazisi üzərində suverenliyini tam bərpa etmədən münaqişənin bağlanmasına razı salınmalı idi.

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV: “44 günlük müharibənin hər bir günü  Qələbə, Zəfər günüdür”

Azərbaycan buna razı olmadı.

Sonra artıq Azərbaycan özü şərtlər qoymağa başladı.

Ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, bir-birinin ərazisinə iddialardan imtina, gücdən istifadə etməmək, dövlətlərarası münasibətlərin normal hüquqi çərçivəyə keçirilməsi – bunlar Vaşinqtonda bir gecədə yaranmış müddəalar deyildi. Bunlar Bakının postmüharibə dövründə ardıcıl şəkildə müdafiə etdiyi prinsiplər idi. Paraflanmış saziş mətnində də tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıması, ərazi iddialarından imtina etməsi və gücdən istifadəyə yol verməməsi təsbit edildi.

Burada Vaşinqtonun və Donald Trampın rolunu nə kiçiltməyə, nə də şişirtməyə ehtiyac var. ABŞ dünyanın ən güclü dövlətidir. Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evə dəvət etdi, əldə olunmuş nəticəyə Amerika siyasi çəkisini əlavə etdi, prosesə beynəlxalq təminat və böyük media-siyasi effekt verdi. Ağ Ev bunu Tramp administrasiyasının tarixi diplomatik nailiyyəti kimi təqdim etdi. Associated Press həmin görüşü təxminən dörd onillik davam etmiş qarşıdurmanın sona çatması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirirdi; Reuters isə hadisəni tək Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, Cənubi Qafqazda geosiyasi qüvvələr balansının dəyişməsi kontekstində təqdim edir, Rusiyanın ənənəvi dominant rolunun zəifləməsinə diqqət çəkirdi.

   Tramp Vaşinqton görüşü ilə bağlı daha bir paylaşım etdi - Video

Bunların hamısı doğrudur.

Amma bir sual var: Ağ Evdə masanın üzərinə nə qoyulmuşdu? Vaşinqton Azərbaycan üçün yeni Qarabağ modeli hazırlamamışdı. Azərbaycana yeni status formulu təqdim edilmirdi. Söhbət Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdan getmirdi. Minsk qrupu yenidən işə salınmırdı. Əksinə, onun bağlanması üçün Ermənistanla Azərbaycan birlikdə müraciət edirdi. Danışıqların əsasında Azərbaycanın müharibədən sonra elan etdiyi dövlətlərarası münasibətlər modeli dayanırdı.

Ona görə mən bu hadisəyə belə baxıram: Vaşinqton sülhün müəllifi deyil, onun ən güclü beynəlxalq şahididir.

Meydan Amerika idi, Trampın rolu mühüm idi, amma oyunun siyasi məzmununu Bakı illər ərzində formalaşdırmışdı.

Bu, Azərbaycanın diplomatik suverenliyinin də göstəricisidir. Otuz ilə yaxın bizə deyilirdi ki, Qarabağ münaqişəsi elə mürəkkəb problemdir ki, onu yalnız böyük dövlətlər həll edə bilər. ABŞ, Rusiya, Fransa, ATƏT, Minsk qrupu – bütün beynəlxalq arxitektura həmin düşüncə üzərində qurulmuşdu. Nəticə isə ortada idi: onilliklər keçirdi, işğal qalırdı, danışıqlar davam edirdi, vasitəçilər gəlir-gedir, vəziyyət dəyişmirdi.

CROSSMEDIA - ATƏT-in Minsk qrupu ömrünü başa vurmaqdadır -TƏHLİL

Azərbaycan 2020-ci ildə bu modeli dağıtdı. Dünyanın həll edə bilmədiyi problemi Azərbaycan özü həll etdi.

Bundan sonra dünya Azərbaycanın yaratdığı reallığı tanımaq mərhələsinə keçdi. 8 avqustun mənası məhz burada başlayır.

Vaşinqtona gedən İlham Əliyev 1990-cı illərin Azərbaycanın rəhbəri deyildi. Qarşısında ərazisinin 20 faizi işğalda olan, beynəlxalq vasitəçidən ədalət gözləyən, hər görüşdən sonra “danışıqlar davam etdiriləcək” açıqlaması verən bir dövlət yox idi. Vaşinqtona ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etmiş, Ermənistanı yeni reallığı qəbul etməyə məcbur etmiş, indi isə müharibənin nəticəsini davamlı sülh sisteminə çevirmək istəyən dövlətin rəhbəri gedirdi.

Bu fərq çox böyükdür.

Əslində, 8 avqustu 8 noyabrdan ayırmaq mümkün deyil. 8 noyabr olmasaydı, 8 avqust olmazdı. Şuşadakı qələbə olmasaydı, Ağ Evdəki masa da bu məzmunda qurulmazdı. 2023-cü ilin sentyabrında Xankəndidə separatçı rejimin mövcudluğuna son qoyulmasaydı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü heç bir qeyd-şərtsiz qəbul edən sənədə gəlib çıxmazdı.

WhatsApp Image 2026-08-08 at 11.52.52.jpeg (321 KB)

Deməli, burada ardıcıl dövlət strategiyası var: əvvəl hərbi-siyasi reallığı dəyişmək, sonra suverenliyi tam bərpa etmək, bundan sonra həmin reallığı diplomatik və hüquqi çərçivəyə salmaq.

Buna görə mənim üçün formul dəyişmir: Azərbaycan əvvəl müharibəni uddu. Sonra sülh uğrunda mübarizəni uddu.

8 avqust: Yeni mərhələ — Azərbaycan üçün diplomatik və strateji dönüş

8 noyabr Azərbaycanın torpağını geri aldığı tarixdir. 8 avqust isə qazandığı reallığı dünya siyasətinə qəbul etdirdiyi tarixdir.

Bu iki tarix eyni siyasi epopeyanın iki ayrı mərhələsidir.

Bu gün yaxın tariximizdəki hadisələrə bir qədər diqqətlə baxanda İlham Əliyevin son beş-altı ildə həyata keçirdiyi siyasətin daxili məntiqi daha aydın görünür. Çünki çoxları bu prosesi ayrı-ayrı hadisələr kimi izləyirdi: 44 günlük müharibə, 2023-cü ilin antiterror əməliyyatı, Brüssel danışıqları, Moskva görüşləri, Vaşinqton prosesi… Əslində isə bunların hamısı vahid dövlət strategiyasının mərhələləri idi.

Əliyevlə Paşinyanın Brüssel danışıqları: İrəvan bir sıra addımlara təhrik  ediləcək - TƏHLİL - Oxu.az

Bu strategiyanın birinci mərhələsi hərbi idi. Azərbaycan otuz il ərzində dəyişdirilə bilməyən status-kvonu dəyişdirdi. Dünyanın ən mürəkkəb hesab etdiyi münaqişəni öz hərbi gücü ilə həll etdi. Bununla yalnız torpaqları azad etmədi. Bütün regional siyasi sistemi dəyişdirdi.

İkinci mərhələ suverenliyin tam bərpası idi.

2023-cü ilin sentyabrında Azərbaycan öz ərazisində ikinci silahlı mərkəzin mövcudluğunu aradan qaldırdı. Bununla Qarabağ məsələsi beynəlxalq vasitəçilik predmetindən çıxaraq Azərbaycanın daxili məsələsinə çevrildi.

Üçüncü mərhələ isə diplomatik idi.

Ən çətin mərhələ də məhz buradan başlayırdı. Çünki müharibə bitmişdi, amma onun siyasi nəticələrinin beynəlxalq hüquqa çevrilməsi hələ qarşıda idi.

Mən hesab edirəm ki, İlham Əliyevin əsas dövlət uğuru məhz burada ortaya çıxdı.

Azərbaycan nə 2020-ci ildə, nə də 2023-cü ildə əldə etdiyi nəticələrin masa arxasında yumşaldılmasına imkan verdi.


Əksinə, Ermənistan tədricən Azərbaycanın irəli sürdüyü siyasi formulun içərisinə daxil oldu.

Bu, çox mühüm fərqdir.

Uzun illər danışıqların gündəliyini vasitəçilər müəyyən edirdilər. 2025-ci ildə artıq gündəliyi Azərbaycan müəyyən edirdi.

Bu, diplomatik təşəbbüsün tam şəkildə Bakının əlinə keçməsi demək idi. Məhz buna görə mən Vaşinqtonu diplomatik qələbənin məkanı hesab edirəm. Azərbaycan oraya güzəşt etməyə yox, yaratdığı reallığı rəsmiləşdirməyə getmişdi.

Bu prosesin ən parlaq nəticələrindən biri ATƏT-in Minsk qrupunun tarixə qovuşması oldu.

Otuz ilə yaxın Azərbaycan cəmiyyətində belə bir təsəvvür vardı ki, Minsk qrupu əbədi yaşayacaq. Onun həmsədrləri dəyişəcək, bəyanatlar veriləcək, görüşlər keçiriləcək... Amma problem həll olunmayacaq.

Azərbaycan bu mənzərəni dəyişdi. Əvvəl problemi həll etdi.

Sonra həmin problemi həll etmək üçün yaradılmış beynəlxalq institutun ləğvinə nail oldu.

Bu, təsadüfi hadisə deyil. Bu, geosiyasi simvoldur.

Bir vaxtlar Azərbaycanın taleyini müəyyən etməyə çalışan mexanizm sonda Azərbaycanın təşəbbüsü ilə tarixə çevrildi.

Düşünürəm ki, bu məqam gələcəkdə Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi tarixdə qalacaq və qiymətləndiriləcək.

Çünki söhbət təkcə bir təşkilatdan getmir. Söhbət otuz il ərzində formalaşmış beynəlxalq siyasi modelin dağılmasından gedir.

Vaşinqton Bəyannaməsinin başqa bir mühüm nəticəsi isə Ermənistan daxilində revanşizm siyasətinin hüquqi və siyasi baxımdan əhəmiyyətli şəkildə zəifləməsi oldu.

Vaşinqton Bəyannaməsi: Cənubi Qafqazda Sülhün Yeni Səhifəsi | Azərbaycan  Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İndiyə qədər Ermənistan daxilində müxtəlif qüvvələr “uyğun şərait yaranarsa, hər şey yenidən başlaya bilər” düşüncəsini diri saxlamağa çalışırdılar. Vaşinqton sənədləri bu yanaşmanın imkanlarını daraltdı, hətta geriyədönməz şəkildə dağıtdı. Çünki ilk dəfə olaraq Ermənistan beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü qəbul edən siyasi çərçivənin iştirakçısına çevrildi.

Ərazi iddialarından imtina, sərhədlərin toxunulmazlığı, gücdən istifadənin yolverilməzliyi, revanşın rədd edilməsi... Bunlar sadəcə diplomatik ifadələr deyil.
Bunlar gələcək müharibənin qarşısına çəkilən siyasi sərhədlərdir.

Azərbaycan bununla yalnız keçmiş müharibəni bağlamağa çalışmır. Azərbaycan gələcək müharibənin hüquqi əsaslarının yaranmasına imkan verməməyə çalışır. Bu, dövlət düşüncəsidir.

Vaşinqton prosesinin ikinci böyük istiqaməti kommunikasiyalar idi.

Uzun illər Zəngəzur yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tərkib hissəsi kimi təqdim olunurdu.

İrandan gözlənilməz Zəngəzur cavabı – 9 illik PLAN üzə çıxdı - Globalinfo.az

Vaşinqtondan sonra məsələ dəyişdi. Kommunikasiya artıq regional məsələ deyil; qlobal geosiyasi layihəyə çevrilib.

ABŞ prosesə siyasi iştirakçı kimi daxil olub. TRIPP layihəsinin ortaya çıxması bunun göstəricisidir. Burada məsələ yalnız Naxçıvana yolun açılması da deyil. Məsələ Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi arteriyanın formalaşmasıdır.

Bəli, Azərbaycanın coğrafiyası dəyişməyib. Amma Azərbaycanın geosiyasi çəkisi dəyişib.

Əgər əvvəllər Azərbaycan əsasən enerji ölkəsi kimi tanınırdısa, indi onun üzərinə yeni missiya gəlir. Azərbaycan həm də Avrasiya nəqliyyat sisteminin əsas qovşaqlarından birinə çevrilir. Bu isə tamamilə yeni siyasi reallıq yaradır.

SENSASİYA! Zəngəzur onların NƏZARƏTİNƏ KEÇİR - Yalnız bu halda...

Əslində, Zəngəzur dəhlizi barədə mübahisələrin arxasında da məhz bu dayanır. Mübahisə bir yol üstündə getmir. Mübahisə gələcək geosiyasi xəritə üstündə gedir: Kim və ya kimlər

Avrasiyanın əsas tranzit xəttinə nəzarət edəcək?

Kim Türk dünyasının fiziki bağlantısını təmin edəcək?

Kim Orta Dəhlizin əsas halqasına çevriləcək?

Bu sualların cavabı artıq təkcə Bakı ilə İrəvan arasında deyil.

Vaşinqtonda, Ankarada, Brüsseldə, Pekində və Moskvada da müzakirə olunur.

Azərbaycan məhz buna görə yeni geosiyasi mərhələyə daxil olur.

Azərbaycan üçün yeni geosiyasi və geoiqtisadi imkanlar yaranır

Xatırlayıram, qlobal informasiya oyunçuları Reuters və Associated Press həmin günlərdə əsas diqqəti Vaşinqtonun beynəlxalq nəticələrinə yönəltmişdilər.

Mən isə hesab edirəm ki, Azərbaycanın daxilindən baxanda hadisənin mahiyyəti daha dərindir. Əsas məsələ ABŞ-ın prosesə qoşulması deyil. Əsas məsələ odur ki, dünyanın aparıcı dövləti artıq Azərbaycanın yaratdığı geosiyasi reallıqla işləməyə başlayıb.

Bu, keyfiyyətcə tamam başqa mərhələdir.

Otuz il Azərbaycan böyük dövlətlərin hazırladığı layihələri müzakirə edirdi. İndi böyük dövlətlər Azərbaycanın yaratdığı reallıq üzərində öz siyasətlərini qururlar.

Mənə görə, bu, son otuz ilin ən ciddi geosiyasi dəyişikliklərindən biridir. Bu dəyişiklik təkcə Qarabağ məsələsinin bağlanması deyil. Bu, Azərbaycanın regionun siyasi mərkəzinə çevrilməsinin başlanğıcıdır.

Bu gün – 2026-cı ilin 8 avqustunda geriyə baxanda artıq bütöv mənzərə görünür. Vaşinqton sənədi nə müharibənin başlanğıcı idi, nə də onun son akkordu. O, beş il ərzində həyata keçirilən dövlət strategiyasının siyasi nəticəsi idi. Təkrarən özətləyirəm: əgər 2020-ci ilin Zəfəri olmasaydı, 2023-cü ilin sentyabrında suverenlik tam bərpa edilməsəydi, 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanacaq sənəd də olmazdı. Bu səbəbdən mən 8 avqustu ayrıca hadisə kimi deyil, 2020-ci ilin 27 sentyabrında başlayan yeni Azərbaycan tarixinin məntiqi davamı kimi qiymətləndirirəm. Hadisələri bir-birindən ayırmaq olmaz. Onlar vahid siyasi xəttin müxtəlif mərhələləridir.

İlham Əliyev: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə ...

Bu gün artıq dünya da həmin xəttə uyğun davranır. Reuters, Associated Press, The New York Times, The Washington Post, The Guardian, L'Humanité və Le Monde və digər Qərb agentliklərinin son bir ildə yazdıqlarına diqqət yetirəndə görürsən ki, onlar artıq Qarabağın statusundan, separatçı qurumdan, vasitəçilik formatlarından deyil, Cənubi Qafqazın gələcəyindən, yeni nəqliyyat marşrutlarından, enerji təhlükəsizliyindən, Orta Dəhlizdən və Azərbaycan-Ermənistan münasibətlərinin gələcək modelindən danışırlar. Başqa sözlə, dünyanın baxışı da dəyişib. Əvvəllər Azərbaycan münaqişənin tərəfi kimi təqdim olunurdu. Bu gün isə Azərbaycan regionun siyasi və iqtisadi gələcəyini müəyyən edən əsas aktor kimi qəbul edilir. Bu, çox ciddi dəyişiklikdir.

Mənə görə, son altı ilin ən böyük geosiyasi nəticəsi məhz budur. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməyib. Azərbaycan Cənubi Qafqazın siyasi gündəliyini dəyişib. Uzun illər regionun gündəliyini münaqişə müəyyən edirdi. İndi isə gündəliyi kommunikasiya layihələri, enerji marşrutları, iqtisadi inteqrasiya, Orta Dəhliz, Türk dünyasının əlaqələri və yeni ticarət yolları müəyyən edir. Bu dəyişiklik öz-özünə baş verməyib. Onun müəllifi də, əsas hərəkətverici qüvvəsi də Azərbaycandır, onun Prezidentidir, İlham Əliyevin Zəfər komandasıdır.


Bu gün Zəngəzur məsələsinə də həmin prizmadan baxmaq lazımdır. Məsələ təkcə Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təmin olunması deyil. Bu, əlbəttə, Azərbaycanın milli marağıdır və gec-tez həyata keçəcək. Amma məsələ bununla bitmir. Əslində söhbət Asiyanı Avropa ilə birləşdirəcək yeni geosiyasi xəttdən gedir. Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa arasında formalaşan yeni iqtisadi məkan artıq yalnız region ölkələrinin deyil, ABŞ-ın, Avropa İttifaqının, Çinin və digər böyük güclərin də diqqət mərkəzindədir. Vaşinqton prosesi bunu bir daha göstərdi. Deməli, Azərbaycan artıq regional siyasətin iştirakçısı deyil, onun istiqamətini müəyyən edən dövlətlərdən biridir.

Bu gün İlham Əliyevin fəaliyyətinə də yalnız son bir ilin prizmasından baxmaq düzgün olmaz. Onun son iyirmi ildən artıq dövrdə həyata keçirdiyi siyasətin kulminasiya nöqtəsi məhz 2020–2025-ci illər oldu. Dövlətlər tarixində elə mərhələlər olur ki, müxtəlif illərdə atılan addımlar sonradan vahid mənzərə yaradır. Mənə görə, burada da məhz belə oldu. Güclü iqtisadiyyat quruldu. Güclü ordu yaradıldı. Enerji diplomatiyası inkişaf etdirildi. Beynəlxalq əlaqələr şaxələndirildi. Türk dünyası ilə münasibətlər yeni mərhələyə qaldırıldı. Müdafiə sənayesi formalaşdırıldı. Nəticədə Azərbaycan təkcə hərbi qələbə qazanmadı, həmin qələbəni beynəlxalq siyasətdə davamlı üstünlüyə çevirməyi bacardı. Dövlət idarəçiliyinin əsl uğuru da budur. Müharibəni qazanmaq vacibdir. Amma müharibədən sonrakı siyasi sistemi öz maraqlarına uyğun qurmaq ondan da çətindir.

Vaşinqton görüşü: sülh üçün hansı gözləntilər var?

Bir məsələni də xüsusi vurğulamaq lazımdır. Bu gün hələ yekun sülh müqaviləsi imzalanmayıb. Bu, faktdır. Azərbaycan Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları yaradan müddəaların dəyişdirilməsini tələb edir və bu mövqe tam məntiqlidir. Çünki hüquqi ziddiyyət qalırsa, gələcəkdə yeni problemlərin yaranması ehtimalı da qalır. Deməli, Vaşinqton prosesi mühüm mərhələ olsa da, son nöqtə deyil. Qarşıda yekun hüquqi sənədin imzalanması dayanır. Ancaq bu da artıq tamamilə başqa mərhələdir. Bir il əvvəl danışıqlar müharibənin nəticəsini müəyyən edirdi. İndi isə danışıqlar artıq yaranmış sülhün hüquqi formasını tamamlayır. Bunlar tamamilə fərqli situasiyalardır.

Mən bəzən düşünürəm ki, tarix gələcəkdə bu dövrü necə qiymətləndirəcək? Çox güman ki, gələcək nəsillər 2020-ci ilin Zəfərini Azərbaycanın hərbi dönüş nöqtəsi, 2025-ci ilin 8 avqustunu isə həmin Zəfərin siyasi və diplomatik möhkəmlənməsi kimi öyrənəcəklər. Çünki dövlətlərin tarixində yalnız döyüşlər deyil, onların nəticəsini rəsmiləşdirən siyasi qərarlar da həlledici rol oynayır. Hərbi qələbə dövlətə imkan yaradır. Diplomatik qələbə isə həmin imkanı tarixə çevirir.

Mənim üçün 8 avqustun əsas mənası da elə budur. Həmin gün Vaşinqtonda sülh yaranmadı. Sülhə aparan yolun əsas siyasi mərhələsi rəsmiləşdirildi. Həmin gün Amerika Cənubi Qafqaz üçün yeni reallıq yaratmadı. Amerika Azərbaycanın yaratdığı reallığı qəbul etdi və ona qlobal siyasi legitimlik qazandırdı. Bu, mahiyyət etibarilə fərqli məsələlərdir. Bunu bir-birinə qarışdırmaq olmaz.

44 günlük Vətən müharibəsinin xronikası:

Azərbaycan əvvəl müharibəni uddu. Sonra sülh uğrunda mübarizəni uddu. Əvvəl döyüş meydanında qalib gəldi. Sonra diplomatiya masasında qalib gəldi. Əvvəl torpaqlarını azad etdi. Sonra həmin torpaqlar üzərində qurduğu yeni siyasi reallığı dünyaya qəbul etdirdi.

Əgər 8 noyabr Azərbaycan əsgərinin qəhrəmanlığını tarixə yazdısa, 8 avqust Azərbaycan dövlətinin strateji ağlını və siyasi iradəsini tarixə yazdı. Məhz buna görə bu iki tarix bir-birindən ayrılmır. Onlar eyni dövlət strategiyasının, eyni milli iradənin və eyni tarixi məqsədin iki mühüm zirvəsidir.

Mənə görə, artıq heç bir şübhə yoxdur: Azərbaycan XX əsrin sonunda itirdiyini XXI əsrin ilk rübündə geri aldı.

Təkcə torpaqlarını deyil, öz siyasi iradəsini, dövlət nüfuzunu və regional liderlik statusunu da bərpa etdi. Bu, bir dövlətin taleyində nadir hallarda baş verən hadisələrdəndir. 8 avqust isə həmin böyük tarixi dönüşün beynəlxalq siyasətdə rəsmən tanındığı gündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR