Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır.
Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Hindistan Rusiya ilə iqtisadi və hərbi-texniki əməkdaşlığı davam etdirəcək. Dehli eyni zamanda Vaşinqtonla da dialoqu genişləndirməyə çalışacaq.
![]()
Politoloq bildirib ki, Putinin Dehliyə səfəri ərəfəsində Almaniya, Fransa və Böyük Britaniyanın Hindistandakı səfirlərinin yerli mətbuat üçün yazdıqları məqalə yayımlanıb:
"Məqalə dekabrın 1-də Hindistanın "Times of India" qəzetində yayımlanıb. Həmin məqalədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilib. Almaniyanın "Spiegel" dərgisinə görə, məqalə Hindistan rəsmilərinin narazılığına səbəb olub. Həmin məqalə Hindistanın daxili işlərinə qarışması kimi qiymətləndirilib.
Avropalı dilomatların məqaləsinə cavab olaraq Rusiyanın Hindistandakı səfiri də eyni dərgidə məqalə yayımlayıb. Bu məqalədə isə əksinə, Rusiyanın Ukraynaya qarşı müharibəsi "haqlı" qiymətləndirilərək Qərbin mövqeyi tənqid olunub".
Elxan Şahinoğlu vurğulayıb ki, Vladimir Putin Hindistan səfərinə çoxdan hazırlaşırdı. Bunun isə iki səbəbi var idi:
"Birincisi, Putin bu səfərlə Dehliyə göstərmək istəyirdi ki, Rusiya Çinlə strateji tərəfdaşlıq münasibətləri qurmasına baxmayaraq, Kreml Hindistanla da əlaqələri gücləndirmək istəyir. İkincisi, Rusiyanın Hindistan bazarına böyük ehtiyacı var. Rusiya Qərb ölkələrinə sata bilmədiyi neftin önəmli hissəsini əvvəlki kimi Hindistana satmaq istəyir. Ancaq bu məsələnin həlli Dehlidən asılı deyil. Hindistanın neftayırma zavodları neftin hansı ölkələrdən alınması məsələsində müstəqil qərar verirlər və Hindistan hökuməti onların qərarlarına təsir etmir.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Hindistan Rusiyadan neft almırdı. Rusiya Qərbin sanksiyalarıyla üzləşdiyinə görə Hindistana ucuz neft təklif etmək məcburiyyətində qaldı və bu, Hindistanın neftayırma zavodları üçün cəlbedici oldu. Hindistanın neftayırma zavodları əgər nefti əsasən körfəz ölkələrindən alırdılarsa, son illərdə diqqəti ucuz Rusiya neftinə yönəltdilər.
Ancaq ABŞ Rusiyanın iri neft şirkətlərinə və bu şirkətlərlə əməkdaşlıq edənlərə qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Hindistanın neftayırma zavodları yenidən diqqətlərini körfəz ölkələrinə yönəldiblər. Buna baxmayaraq, Kreml sahibi Hindistanın Rusiyanın ucuz neftindən imtina etməyəcəyinə ümidlidir".
Xalidə Gəray
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ