Onlayn ictimai-siyasi qəzet
Çexiyanın Baş naziri Andrey Babiş Ukrayna-Rusiya münaqişəsinin başlanğıc dövrü ilə bağlı qalmaqallı bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, "TN.cz" portalına müsahibə verən Babiş, 2022-ci ilin aprelində tərəflərin sülhə çox yaxın olduğunu, lakin bu prosesin qəsdən pozulduğunu iddia edib.
Çexiya hökumət başçısının sözlərinə görə, həmin dövrdə İstanbul danışıqları çərçivəsində diplomatik həll yolu demək olar ki, əldə edilmişdi:
"Əgər Boris Conson olmasaydı, Rusiya və Ukrayna arasında sülh hələ 2022-ci ildə imzalana bilərdi. Saziş demək olar ki, hazır idi. Lakin sonra Conson ortaya çıxdı – 'Ukrayinska Pravda'nın yaydığı məlumatlara görə, o, münaqişənin davam etməsində maraqlı idi. İstənilən müharibə pisdir, on minlərlə əsgər ölür, qeyri-müəyyənlik artır. Bütün bunlar çoxdan bitməli idi".
"Avropa Trampsız bacarmayacaq"
Babiş hazırkı sülh danışıqları prosesini də şərh edərək, əsas həlledici fiqurun ABŞ Prezidenti Donald Tramp olduğunu vurğulayıb. O hesab edir ki, Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri və müharibənin dayandırılması məhz Vaşinqtonun aktiv iştirakı ilə mümkündür: "Danışıqlar intensivdir və elə təəssürat yaranır ki, uzunmüddətli həllə yaxınıq. Lakin Avropa Donald Tramp olmadan bunu bacarmayacaq".
Arxa fon: İstanbul danışıqları barədə "Conson iddiası"
Andrey Babişin istinad etdiyi məlumat uzun müddətdir ki, siyasi müzakirələrin mərkəzindədir. İddialara görə, 2022-ci ilin aprelində Böyük Britaniyanın o zamankı Baş naziri Boris Conson Kiyevə gözlənilməz səfər edərək, Ukrayna rəhbərliyini Rusiya ilə razılığa gəlməməyə və döyüşməyə çağırmışdı.
Lakin həm Boris Consonun özü, həm də Ukrayna rəsmiləri bu iddiaları dəfələrlə təkzib ediblər. Onlar bildiriblər ki, danışıqların pozulmasının əsas səbəbi Buça və digər bölgələrdə Rusiya ordusu tərəfindən törədilən hərbi cinayətlərin üzə çıxması və Moskvanın qəbulolunmaz ultimatumları olub.
Babişin bu çıxışı Çexiyanın daxilində və Avropa İttifaqında böyük rezonans doğurub. Bir çox siyasətçi Baş naziri Moskvanın ritorikasını təkrarlamaqda ittiham edib.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ