Onlayn ictimai-siyasi qəzet
Özünü vacib persona və fikir adamı sayan bəzi həmkarlarımın sözü olmasın, son vaxtlar tez-tez məndən baş verən hadisələrə münasibətimi soruşurlar...
Zarafat edirəm, soruşub-eləyən yoxdur. Namxuda, hamı hər şeyi bilir. Ölkədə taksi sürücüsündən çox politoloq var. Bu şəraiti yaratdığına görə Mark Zukerberqin əmvatına bir salavat zikr edək və mətləbə keçək.
Bu yaxınlarda bir hüzr yerində simsar adamlardan biri sırf sözgəlişi olaraq, aralığa söhbət salmaq üçün “bu işlərin axırı necə olacaq” deyə ritorik-ritorik soruşdu, mən də “elə axırıdır” deyə cavab verərkən, molla sağolmuş “fatihə” (yəni “the end”) verdi, qalxıb getdik.
Gerçəkdən də, adama elə gəlir ki, ta dünyanın axırıdır. Baxırsan şimala, xirtdəyəcən Ukraynadakı bataqlığın çabalayan solovyovlar Qafqaza, Asiyaya cummaqdan danışırlar, çönürsən cənuba, üləmalar qırrıya-qırrıya gedirlər, hələ o biri ölkələrə “vursanız, vurarıq” deyirlər, o tərəfdə Tramp “dünya mənim, dünya mənim, başqa heç kimin” bağırır, bu tərəfdə revanşistlər Paşinyanı devirmək, silah götürüb üzü bəri gəlmək istəyirlər və s. Hələ İsrail-Qəzza, Suriya-Hələb, Çin-Tayvan, Kamboca-Tayland, ABŞ-Qrenlandiya, Yəmən-Yəmən haqq-hesabları da var.
Bircə İsrafilin sur düdüyünün səsi gəlmir. Rəvayətə görə, o da olmalıdır ki, müvafiq mühit yaransın. Yoxsa planetdə tam bir qiyamət havası var. Hamı 3-cü dünya müharibəsindən danışır. Əslində onlarla ölkə savaşırsa, üç o qədər ölkə də bu və ya digər şəkildə o müharibələrdə iştirak edirsı (silahla, canlı qüvvəylə, ən azı kolbasa-konservlə), ta böyük müharibə necə olur ki? Bircə nüvə başlığı daşıyan raketlərin buraxılması qalıb, onu da, inşallah, çox ləngitməzlər, hamının canı dincələr.
Oxumuş adamlar da dönüb-dolaşıb deyirlər, o vaxt Jirinovski bütün bunların belə olacağını demişdi. Video paylaşırlar, görürsən ki, o yaramaz adam gerçəkdən də həmin mövzuda mütləq hirsli-hirsli nəsə zəvzəyib. “hələ 10 (7, 5) il əvvəl peyğəmbərcəsinə deyib ki, Venesueala, İran, Ukrayna...”
Əslində, Jirinovski nə Nostradamusdur, nə də ona hər hansı vergi-zad verilmişdi. Adam rus millətçisiydi, oturub-durub öz dövlətinin mənafeyini düşünür, Rusiyaya düşmən olan ölkələrə ağız atır, Moskvaya rəğbət bəsləməyən, itaət etməyən dövlətlərə ilişir, elə hey çərənləyirdi. Kubadan tutmuş ta Tacikistana, Şimali Koreyadan Nikaraquaya qədər bütün ölkələrdən danışırdı: “Elə olacaq, belə olacaq”.
Jirinovskinin dediklərinin içində N qədər yanlışlıqlar da var, amma onların videosunu paylaşan yoxdur.
Eləsinin biri bizdə də vardı, hey nəhs-nəhs proqnozlar verirdi: “Erməni Qarabağı qaytarmayacaq”; “Rusiya sülh danışıqlarını pozacaq”; “ABŞ heç nə edən deyil” və s. İnsafən, müəllimin dediyi həmişə düz çıxırdı. Ta 2020-yə qədər. Həmin il bütün bəd proqnozlar fıs çıxdı. Hətta ona qoşulan gənc proqnozçular da vardı, deyirdilər, bizdə erməni ilə vuruşmağa... (biz “hünər” deyək) yoxdur, müharibə ən çox 4 gün çəkəcək. Görünür, onlar ikinci 4-ü görə bilməmişdilər. Bu, heç.
Mətləbdən uzaqlaşmayaq. Söhbət ondan gedir ki, sanasan, dünyanın axırıdır və qiyamət qopacaq.
O biri ölkələrin XX (İks-İks) əsrdəki yaxın tarixinə aid materialları oxuyursan, görürsən ki, əslində həmişə belə olub, sadəcə, bizim real vəziyyətdən xəbərimiz olmayıb. Məsələn, ABŞ Vyetnama girib qırğın törədəndə və hər iki tərəfdən yüz minlərlə adam öləndə biz “bir beşilikdə iki beşillik plan yerinə yetirmək üçün” çalışmışıq və müəssisəmizin “keçici qırmızı bayraq” almasıyla fəxr etmişik. Pol Pot Kambocada 2-3 milyon soydaşını “çoxdurlar, dolandırmaq olmur” deyə qırıb-çatanda bizim zəhmətkeşlər günəşin doğuşunu plantasiyada seyr edər, batışına tarlada şahid olar, evə gələr, gecə saat 12-də “Səhər görüşləri” verilişinin təkrarına baxardılar.
Biz indi o günləri “dünyanın düz vaxtı” adlandırırıq. Amma həmin vaxtların necə düz olduğunu 10 il boyunca “şurəvi”lərlə qırğına çıxan əfqanlardan, gündə bir çevriliş edən və qətliamlar yaşayan afrikalılardan, marksist partizanların, nakokartellərin at oynatdığı cənubi amerikalılardan soruşmaq lazımdır. Yəni “dünyanın düz vaxtı”-filan deyilən bir şey olmayıb. Dünya həmişə bu cür müharibələrlə, inqilablarla, üsyanlarla, çevrilişlərlə, qətliamlarla dolub-daşıb. Sadəcə, o qovğa-mərəkələr bizdən uzaqda olub və informasiyalar bugünkü kimi bol-bol gəlməyib. İndi isə həm qırğınlar qulağımızın dibindədir, həm də xəbərlər ovcumuzun içindədir.
Amma yenə də qlobal əndişə adamın beynini tərk etmir, elə bilirsən, dünua qopur. (Görünür, yazıçı Əbülhəsən 90 il öncə “Dünya qopur” romanını bənzər ruh halında yazıb).
Əlac ona qalır ki, mürtəd Jirinovskinin videotekasını incələyək, görək, o, bu işlərin axırının necə olacağına dair nə deyib. Yoxsa elə mən deyəndir?
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ