İnsanlara hürriyət, millətlərə istiqlal!

İkarusun qanadları

“Mən gözəlliyi tapmışam. Mən səhər küləyində uçmuşam. Mən aşağıdakı bütün yatan evləri və bağları seyr etmişəm”

(Rey Bredberi, “Qanadlı adam” hekayəsindən)

Bəzən əhalinin hökumətdən tələbləri olur. Misal üçün, uşaq pulu, pensiya, nə bilim, ət, yağ, pendir... Lakin hökumət də əhalidən tələb etməlidir. Biz bəzən bu ikibaşlı tələb-təklif tərəzisinin o biri tayını unuduruq, nəticədə ölkədə disbalans yaranır.

Halbuki, bu cür hökumət hələm-hələm hansısa xalqa qismət olmur. Niyə biz, çox demirəm, hərdənbir, 20-30 ildə bir dəfə onun hansısa istəyini, arzusunu yerinə yetirməyək? Hərçənd, təvazökar və duyğusal, səmimi və humanist məmurlarımız adətən xalqdan nə istədiklərini birbaşa demirlər. Ancaq arifə işarə də yetməzmi?

Bakı metrosunda islahatlar davam edir, bunu bilirsiniz. Həmin proseslər nəticəsində “Nizami” metrosu “28 may”a əvvəlki kimi 1 deyil, 2 xətlə birləşəcəkdir. “Avtovağzal” stansiyasından “Ulduz”a 3, “Gənclik”dən “Azadlıq prospekti”nə 5, “Qara Qarayev”dən Pirşağıya 7 çıxış olacaqdır, açılışda müğənnilərin çıxışları da olacaqdır.

Yəni, görünməmiş islahat paketidir, nə desən, ola bilər. Bəlkə də arada Şəkiyə qədər metro çəkildi. Ancaq bugünlərdə rəhbərlik Bakı metro idarəsinə tam yeni, orijinal, qeyri-adi tapşırıq verdi: kanat yollarının çəkilməsi!

Möhtəşəm tədbirdir. Vaxtında verilmiş, hətta bir qədər gecikmiş qərardır. Çünki yerüstü və yeraltı nəqliyyatımızda basabas, tıxac dözülməz hal almışdır. Ona görə kanat yollarına böyük ehtiyac yaranıb. Əgər hazırda 1 manatlıq taksilərə ehtiyac varsa, kanat yolu olanda “20 yanvar”dan birbaşa Xırdalana, “Sahil”dən Badamdara, nə bilim, “Əcəmi”dən “Əhmədli”yə uçmaq mümkün olacaqdır. İnşallah, kanat kabinləri şəhərin müəyyən nöqtələrində havada asılı qalıb yerüstü sakinlərə narahatlıq yaratmaz.

Ancaq mən şəxsən bu qərarın verilməsində müəyən inciklik hiss elədim. Bəli, hökumətimiz xalqdan incimişdir, buna haqqı da tamamilə çatır! Niyə biz bu qədər müstəqillik dövründə uçmağı öyrənməmişik? Əgər özümüz uça bilsəydik, kanat yolu nəyə lazım gələrdi? (Əslində qazmağı və eşməyi də öyrənməyə kifayət qədər vaxtımız olub, yeraltı yollar düzəldərək metronun pik saatlarında basabası azaldardıq, lakin bu, başqa temadır).

Əlbəttə, təkamül prosesinə görə biz qanadlardan məhrumuq, bəzi vətəndaşlarımız və məmurlar özlərini toyuq, qartal, çalağan, dəvəquşu, pinqvin, ördək kimi aparsa da, quş deyilik. Ancaq ağlımız var, qanad düzəldərək uçmalıyıq. Yuxarıda qeyd elədiyim kimi, hökumət də daim bizi qanadlandırır, aparılan işlər bizi uçmağa həvəsləndirir. Lakin heç kim uçmur. Bu bir bədbəxtçilikdir, xalqımızı basmışdır. Eləcə hamı oturub pensiya-filan istəyir.

İnanıram ki, mənim bu təşəbbüsümdən sonra əhalidə uçuş meylləri güclənəcək, bəlkə heç kanat yolu lazım olmadı. Ancaq qanad qayırıb uçmağa başlayanda müəyyən təhlükəsizlik tədbirlərinə əməl etməliyik. Bunun pritçası var.

Qədim yunan mifologiyasına görə Dedal adlı memar və onun oğlu İkarı qalada təcrid edirlər. (Belə ehtimal var ki, o vaxt da koronavirus pandemiyası yayılıbmış – Z.H.). Dedal quş lələklərindən özünə və oğluna qanad qayırır, Balıq Hafiz demişkən, “aradan cırırlar”. Uçuşdan öncə isə Dedal oğluna deyir: “Nə çox aşağıdan, nə çox yüksəkdən uçma. Aşağıdan uçsan dənizin rütubəti lələkləri isladar, yüksəyə də qalxsan Günəşin hərarəti lələkləri yapışdırdığım mumu əridər”. İkar məsləhəti unudur, uçuşdan sərməst olaraq daha hündürə qalxır və mumlar əriyir... Sonrasını yazmağıma ehtiyac yoxdur, qəzeti bəzən məktəbli uşaqlar da oxuyur.

Gərək biz də çox yuxarıdan uçmayaq lazım gələndə.

P.S. Başlıqdakı İkarın əsl yunanca adıdır, biz sovet vaxtı ruslardan İkar kimi götürüb işlətmişik və uzaq məsafələr avtobusumuz olan bərbad “İkarus”lar məhz o adı daşıyırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR