İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan dəyişir, region dəyişir: İlham Əliyevin vizyonu ilə Avrasiyanın yeni güc mərkəzi yaranır

"Əsrin rübünə yaxın bir müddətdə formalaşan yeni dövlətçilik konsepsiyası, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin bütün ərazimizdə tam və qətiyyətlə bərqərar olunmasından sonra regionun yalnız təhlükəsizlik paradiqmasını deyil, həm də transkontinental kommunikasiya, geoiqtisadiyyat və hüquq xəritəsini yenidən müəyyənləşdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfərləri məhz bu prizmadan regionun yaxın və uzaq perspektivdəki inkişaf trayektoriyasını müəyyənləşdirən tarixi dönüş nöqtəsi oldu".

fyzSdsl4c8Mnwpl3iUQHEIWZQy335Ov08vO5fLDX_1200.jpg (218 KB)

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

BEHRUZ.jpg (80 KB)

Onun fikrincə, bu səfərlər sadəcə cari infrastruktur obyektlərinin açılışı və ya təməlqoyma mərasimi xarakteri daşımır, muxtar respublikanın unifikasiya olunmuş dövlət idarəçiliyinə keçidini, geoiqtisadi mərkəzə çevrilməsini və milli təhlükəsizlik arxitekturasındakı yerini tam təsbit edir:

"Prezident İlham Əliyevin yaratdığı yeni inkişaf paradiqması, qəbul edilən xüsusi Dövlət Proqramları və birbaşa diqqəti sayəsində Naxçıvan özünün infrastruktur, sənaye, yaşıl enerji və nəqliyyat potensialını maksimum reallaşdıraraq Ulu Öndərin arzuladığı qüdrətli, təhlükəsiz və çiçəklənən diyara çevrilib. Vətən müharibəsində və antiterror əməliyyatlarında düşmənin hərbi maşınının darmadağın edilməsi, işğal altında olan 132 kilometrlik Arazboyu dövlət sərhədinin tam nəzarətə götürülməsi Naxçıvanın şərq cinahında illərlə mövcud olan birbaşa təhlükəsizlik risklərini və hərbi spilover təhdidlərini sıfıra endirib. Müzəffər Ali Baş Komandanın yaratdığı bu yeni hərbi-siyasi reallıq Naxçıvanın milli müdafiə sistemini Azərbaycanın vahid təhlükəsizlik arxitekturası ilə üzvi şəkildə qovuşdurub. Milli təhlükəsizlik və hərbi doktrina müstəvisində Naxçıvanın geostrateji konfiqurasiyası — ölkənin əsas ərazisi ilə birbaşa quru bağlantısının olmamasından irəli gələn eksklav spesifikası — onun müdafiə konsepsiyasının daim ən yüksək operativ-taktiki hazırlıq səviyyəsində saxlanılmasını imperativ tələb kimi qarşıya qoyur. Məhz Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığı və birbaşa diqqəti ilə Əlahiddə Ümumiqoşun Ordunun yaradılması, onun müasir Komando strukturları ilə zənginləşdirilməsi və son nəsil hərbi-texniki arsenal, o cümlədən yüksək dəqiqlikli raket-artilleriya və havadan müdafiə sistemləri ilə təchiz olunması yalnız muxtar respublikada yox bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin çevik müdafiə və çəkindirmə imkanlarını mütləq səviyyəyə çatdırıb. Bu mənada Əlahiddə Ümumiqoşun Ordunun yeni yaradılmış Əməliyyat hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi dövlət başçısının Naxçıvanın müdafiə qabiliyyətinə verdiyi müstəsna prioritetin bariz təzahürüdür. Vətən müharibəsində özünü tam doğruldan və mürəkkəb dağlıq relyefdə operativ döyüş tapşırıqlarını maksimum dəqiqliklə icra edən Komando konsepsiyasının muxtar respublikada genişləndirilməsi regionda strateji çəkindirmə gücünü artırır. Naxçıvanın hərbi infrastrukturasının rəqəmsallaşdırılması və xüsusi təyinatlı qüvvələrlə möhkəmləndirilməsi "Naxçıvan Qalası" strateji konsepsiyasını daha da sarsılmaz edərək istənilən xarici asimmetrik riskləri tam sığortalayır və Cənubi Qafqazda sülhün, sabitliyin və strateji güc balansının Azərbaycanın xeyrinə saxlanılmasında həlledici rol oynayır. Məhz dövlət başçısının konseptual doktrinası əsasında Naxçıvan təkcə unitar dövlət quruluşunun lokallaşdırılmış inzibati-ərazi vahidi kimi deyil, Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya geoiqtisadi areallarının kəsişməsində yerləşən xüsusi geostrateji, enerji və multi-modal nəqliyyat-logistika habı kimi idarə olunmağa başlayıb".

WLL5lXox1pWSqgDDZ9ifWgD3RVwAwEMd76oC9TMM_1200.jpg (370 KB)

Deputat onu da diqqətə çatdırıb ki, Ermənistanla dövlət sərhədinə doğru uzanan 7 kilometrlik dəmir yolu xəttində tikinti işlərinə başlanılması məhz Azərbaycanın beynəlxalq hüquqdan doğan tranzit hüquqlarını de-fakto icra etdiyini sübut edir:

"Bundan başqa, 194,2 kilometrlik Naxçıvan dəmir yolu şəbəkəsinin tam yenidən qurulması, illik yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması və layihəyə xarici investorları cəlb edəcək konsorsium modelinin təklif olunması milli maraqlarla qlobal kapitalın mükəmməl hüquqi-iqtisadi sintezi olsa da prosesdə nəzarət paketinin Azərbaycan dövlətində qalması istiqamətində cənab İlham Əliyevin qəti mövqeyi hüquqi suverenliyin və milli təhlükəsizliyin dəyişməz prioritet kimi qaldığını göstərir. Həmçinin, Sədərəkdən Türkiyənin Qars–İğdır–Dilucu xəttinə inteqrasiya planı Naxçıvanı onilliklər boyu davam edən təcrid olunmuş blokada subyekti statusundan çıxararaq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat arteriyalarının, xüsusən Mərkəzi Asiya, Azərbaycan və Türkiyəni birləşdirən Orta Dəhlizin əsas logistik qovşağına yüksəldir. Azad İqtisadi Zonanın və müasir tədarük-logistika habının təməlinin qoyulması, Sədərək, Culfa və Poldəşt/Şahtaxtı keçid məntəqələrində gömrük prosedurlarının rəqəmsallaşdırılaraq "yaşıl dəhliz" rejiminin tətbiqi, habelə Naxçıvan Beynəlxalq Hava Limanının Kargo terminalının genişləndirilməsi regionu Trans-Qafqaz nəqliyyat sisteminin mərkəzinə çevirmək daha korrekt formada desək avtomobil və dəmir yolu xətlərinin inteqrasiyası yükdaşımaların maya dəyərini və vaxtını kəskin azaldacaq. Cənab İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsindən də bir daha göründüyü kimi Zəngəzur dəhlizi təkcə avtomobil və dəmir yollarını deyil, həm də yüksək gərginlikli elektrik ötürücü xətlərini, fiber-optik kommunikasiya infrastrukturlarını və gələcək boru kəmərlərini özündə birləşdirən multi-modal geoiqtisadi arteriyadır. Nəticə etibarilə Türkiyə, İran və Ermənistanla həmsərhəd olan muxtar respublika təxminən 200 milyonluq əhalisi olan nəhəng bir regional bazara birbaşa çıxış imkanı qazanmış olur. Bu proses BMT Konvensiyaları və beynəlxalq tranzit hüququ çərçivəsində regionun iqtisadi suverenliyinin tam bərpası və Avrasiyada nəqliyyat xəritəsinin Azərbaycanın xeyrinə yenidən cızılması deməkdir. Enerji təhlükəsizliyi, resurs idarəçiliyi və "yaşıl enerji"yə keçid sahəsində Naxçıvanda həyata keçirilən transformasiya isə Muxtar Respublikanı xarici asılılıqdan tam azad edərək net-ixracatçı mərkəzə çevirməkdədir. Vaxtilə həyata keçirilən qaz svop sazişləri və daxili qazlaşdırmanın 100 faizə çatdırılması fiziki enerji təhlükəsizliyini təmin etmişdisə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə 300 meqavatlıq yeni istilik elektrik stansiyasının, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik Stansiyalarının inşası bərpaolunan enerji payını 158 MVt-a yüksəldib".

Parlamentarinin sözlərinə görə, tam əminliklə demək mümkündür ki, Naxçıvanın "Yaşıl Enerji Zonası" elan olunması regionun iqtisadi simasını dəyişən əsas drayverlərdən biridir:

"Muxtar respublikanın yüksək günəş radiasiyası və külək potensialı nəzərə alınaraq, bərpaolunan enerji mənbələri üzrə iri miqyaslı günəş və külək elektrik stansiyalarının tikintisi həyata keçirilməsi, bu layihələrin təkcə ekoloji baxımdan illik 52 min ton karbon qazı emissiyasının qarşısını almaqla kifayətlənməyərək həm də 24 milyon kubmetr təbii qaza qənaət etməyə imkan yaratması daxili iqtisadi səmərəliliyi maksimallaşdırır. Cənab İlham Əliyevin müsahibəsində günəş enerjisi potensialının 500-1000 meqavat həcmində qiymətləndirilməsi və mərhələli şəkildə batareya saxlanc sistemlərinin qurulması Naxçıvanı Türkiyə, İran və nəhayət Avropa bazarlarına "yaşıl elektrik enerjisi" nəql edən transregional enerji dəhlizinə çevirməklə bu böyük transformasiya "Xəzər-Avropa yaşıl enerji dəhlizi" və "Qara dəniz kabeli" kimi qlobal layihələrlə tam uzlaşaraq Azərbaycanın planetar miqyaslı enerji siyasətinə birbaşa töhfə verir.

Kb0qy3RHNXTcdrVB3TAiXrSW4u9lwjt8PkqSLbqp_1200.jpg (377 KB)

Dövlət başçısının muxtar respublikaya səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi strateji fikirlər Naxçıvanın gələcək inkişaf paradiqmasını aydın şəkildə ehtiva edir. Prezident İlham Əliyev regionun gələcək inkişaf vektorunu xarakterizə edərək Naxçıvanın gələcək inkişafı ilə bağlı çox aydın təsəvvürümüz və konseptual proqramlarımızın olduğunu deməsi, muxtar respublikanı Avrasiyanın ən müasir nəqliyyat, logistika və yaşıl enerji mərkəzlərindən birinə çevirməkdə qərarlıq ifadə edilməsi əslin dövlət başçısının bu istiqamətdə çox aydın, regional inteqrasiya və iqtisadi sıçrayışın dayanıqlığını təmin edəcək yol xəritəsinə malik olduğunu göstərdi. Düstur isə çox sadədir - "Həyata keçirilən institusional islahatlar, yaradılan azad iqtisadi zona və bərpaolunan enerji layihələri Naxçıvanın iqtisadi müstəqilliyini sarsılmaz edəcək, buraya böyük investisiya axınını təmin edəcək". Məhz bu çərçivədə iqtisadiyyatın şaxələndirilməsi, sənaye potensialının artırılması və daxili resursların optimallaşdırılması müstəvisində 310 hektar sahəni əhatə edən Naxçıvan Sənaye Parkının təməlinin qoyulması sözsüz ki, regionun istehsal imkanlarını kökündən dəyişdirəcək. Bu iqtisadi sıçrayışın və xarici və daxili investisiya axınının hüquqi zəminini dövlət başçısının qərarları ilə tətbiq edilən misilsiz vergi, gömrük və sosial sığorta imtiyazları təşkil edir.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərlə eyni güzəştli hüquqi rejimə malik bu sistem çərçivəsində Naxçıvan rezidentləri 10 il müddətinə mənfəət, əmlak, torpaq, sadələşdirilmiş vergilərdən və dividend gəlirləri vergisindən tam azad olunur ki, sənaye və texnologiya parklarının rezidentlərinə xammal, texnika və avadanlıqların idxalı zamanı tətbiq edilən ƏDV və gömrük rüsumu azadolmaları istehsalın maya dəyərini kəskin şəkildə aşağı salır. Bundan başqa, sosial dövlət prinsipinin parlaq təzahürü olaraq, qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta haqlarının 2036-cı ilədək dövlət büdcəsi hesabına subsidiyalaşdırılması işəgötürənlərin maliyyə yükünü yüngülləşdirir, leqal məşğulluğu stimullaşdırır və muxtar respublikanın mərkəzi büdcə dotasiyalarından asılılığını addım-addım minimuma endirir. Bu təşviq mexanizmləri təbii sular, duz, əlvan metallar qismində mineral resursların xammal kimi deyil, yüksək əlavə dəyər yaradan dərin emal sənayesi kimi inkişafına, eləcə də Arazboyu, Əshabi-Kəhf, Duzdağ və Batabat üzrə klasteral və tibbi turizmin sürətli yüksəlişinə zəmin yaradır".

Bəhruz Məhərrəmovun sözlərinə görə, dövlət siyasətinin və həyata keçirilən bütün institusional islahatların mərkəzində isə ali konstitusion məqsəd və niyyətlərimizə, habelə İlham Əliyev siyasətinə müvafiq olaraq bilavasitə insan amili, sosial ədalət və vətəndaşların rifahı dayanır:

"Naxçıvan Regional DOST Mərkəzinin açılışı və vətəndaşlara 164 sosial xidmətin "Bir pəncərə" prinsipi ilə təqdim edilməsi, 518 mənzilli Sosial Evlər kompleksinin təməlinin qoyulması, şəhər ictimai nəqliyyatının ekoloji baxımdan təmiz BYD markalı elektrik avtobusları ilə yenilənməsi və 420 kilometrlik yol şəbəkəsinin bərpa olunması da məhz ilk növbədə vətəndaşların sosial-hüquqi rifahına xidmət edir. Eyni zamanda, iqlim dəyişiklikləri və regional su qıtlığı fonunda Naxçıvanda irriqasiya sistemlərinin yenidən qurulması, magistral kanalların modernləşdirilməsi, ənənəvi suvarma üsullarından damcılı və çiləmə sistemlərinə keçidin təşviq edilməsi, Araz və Arpaçay su resurslarından istifadənin optimallaşdırılması, subartezian quyularının bərpası və şoranlaşmış torpaqların təsərrüfat dövriyyəsinə qaytarılması regionda aqrar sektorun dayanıqlığını və ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin edir.

Naxçıvana səfər fonunda eyni zamanda o da bir daha müşahidə olundu ki, müasir şəhərsalma, ekologiya və mədəni irsin qorunması strategiyası da dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair yeni Baş Planı şəhərin məskunlaşma ərazisinin 44 faiz genişləndirilməsini, adambaşına düşən yaşayış sahəsinin 30 kvadratmetrə, yaşıllıq zonasının isə 27 kvadratmetrə çatdırılmasını hədəfləyir. "Chapman Taylor" beynəlxalq şirkətinin iştirakı ilə hazırlanan bu plan Naxçıvanı müasir "Smart City" standartlarına tam uyğunlaşdırır. Cənab İlham Əliyevin rəhbərliyi altında, Mehriban xanım Əliyevanın birbaşa nəzarətində reallaşan prosesin ən diqqətçəkən tərəfi odur ki, modernləşmə milli ruh, milli kimlik və tarixi köklərlə sıx şəkildə bağlıdır. Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin 900 illik yubileyi çərçivəsində abidəsinin ucaldılması və Möminə xatun türbəsinin beynəlxalq bərpa standartlarına uyğun olaraq Avstriya mütəxəssisləri tərəfindən konservasiya olunması Azərbaycan dövlətinin öz milli-mədəni köklərinə, UNESCO səviyyəsində qorunan irsinə sahib çıxdığının aydın nümunəsidir.

4E2x2tTyk7T0DLUuUSCfoWwslw3tFGSiiHsIesh8_1200.jpg (281 KB)

Görünən odur ki, Naxçıvan Muxtar Respublikası məhz cənab İlham Əliyevin Ulu Öndər kursuna əsaslanan müdrik siyasəti nəticəsində onilliklərin blokada çətinliklərindən tam çıxaraq Türk Dünyasının birləşdirici qapısına, Avrasiyanın nəqliyyat, logistika və "yaşıl enerji" mərkəzinə, eləcə də müasir şəhərsalma və sosial rifah modelinə çevrilərək Bütöv Azərbaycanın qüdrətini və regionun dinc, təhlükəsiz gələcəyini simvolizə edir".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR