Onlayn ictimai-siyasi qəzet
Baş Prokurorluğun beynəlxalq axtarışda olan Ruslan Əli oğlu Əsgərovun Moldovadan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı yaydığı məlumat illərdir davam edən səs-küylü cinayət işini yenidən gündəmə gətirib.
Musavat.com xəbər verir ki, istintaqın versiyasına görə, Ruslan Əsgərov sifarişlə qəsdən adam öldürməni təşkil etməkdə şübhəli bilinir və məhz istintaqdan yayınaraq ölkəni tərk etdiyi üçün beynəlxalq axtarışa verilmişdi.
Musavat.com-un araşdırmasına görə, söhbət Samux rayonunda törədilmiş və iş adamı Aytəkin Hüseynovanın qətlə yetirilməsi ilə bağlı cinayət işindən gedir. Baş Prokurorluğun məlumatında bildirilir ki, Samux rayon prokurorluğunda aparılan istintaq zamanı Ruslan Əsgərovun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə dair əsaslı şübhələr müəyyən edilib. Barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunsa da, o, istintaqdan qaçaraq gizlənib və beynəlxalq axtarışa verilib.
Azərbaycan ilə Moldova arasında hüquqi əməkdaşlıq çərçivəsində Ruslan Əsgərov həmin ölkənin ərazisində saxlanılıb. Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildikdən sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Bu cinayət işi üzrə Ruslan Əsgərovdan əvvəl daha iki nəfər məhkəmə qarşısına çıxarılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Qardaşəli oğlu Mehdiyev 18 il, Tural Ərəstun oğlu Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Elvin Mehdiyev qətlin birbaşa icraçısı, Tural Yusifov isə cinayətin hazırlanması və həyata keçirilməsində iştirak edən şəxs olub.
Məhkəmə materiallarında daha bir şəxsin – Ukrayna vətəndaşı Samik Babayevin adı da çəkilir. Bildirilir ki, o, Elvin Mehdiyevlə birlikdə Ukraynadan Azərbaycana gəlib. Lakin açıq mənbələrdə Samik Babayevin həmin cinayət işi üzrə Azərbaycanda mühakimə olunması və ya barəsində hökm çıxarılması barədə məlumat yoxdur.
Beləliklə, illər əvvəl ayrılan cinayət işinin əsas fiqurlarından biri hesab olunan Ruslan Əsgərovun ekstradisiyası ilə istintaqın növbəti mərhələsinə başlanılır. Onun barəsində irəli sürülən ittihamların məhkəmədə necə qiymətləndiriləcəyi, eləcə də sifarişli qətlin motivləri və sifarişçinin rolu ilə bağlı yeni detalların ortaya çıxacağı gözlənilir.
Baş Prokurorluqdan bildirilib ki, istintaq və məhkəmə prosesi çərçivəsində iş üzrə bütün hallar qanunvericiliyin tələblərinə uyğun araşdırılacaq.
E.Məmmədəliyev,
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ