Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərindən dərhal sonra Ukraynaya yollanması rəsmi Bakının illərdir böyük ustalıqla yürütdüyü müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun növbəti bariz nümayişidir".
Bu fikirləri Musavat.com-da Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov səsləndirib.
O qeyd edib ki, qlobal güclər arasında qarşıdurmanın pik həddə çatdığı, beynəlxalq münasibətlər sisteminin ciddi böhran keçirdiyi və Rusiya-Ukrayna müharibəsinin regionda təhlükəsizlik arxitekturasını yenidən formalaşdırdığı bir vaxtda Bakının hər iki paytaxtla açıq, intensiv dialoqu saxlaması müstəsna diplomatik uğurdur: "Azərbaycan bu addımı ilə növbəti dəfə sübut etdi ki, xarici siyasət prioritetləri kənar təzyiqlərə və ya anlıq konyuktura deyil, ciddi şəkildə milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bakının nümayiş etdirdiyi bu neytral və konstruktiv mövqe regionda və dünyada Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirir. Ceyhun Bayramovun Kiyev səfəri, ilk növbədə, Azərbaycanın dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə sadiqliyinin açıq mesajıdır. Rəsmi Bakı beynəlxalq hüququn aliliyini hər zaman ön plana çəkir və bu prinsipial mövqeyini bütün platformalarda ardıcıl şəkildə müdafiə edir. Eyni zamanda, bu səfər müharibədən əziyyət çəkən Ukrayna xalqına göstərilən humanitar dəstəyin və mülki infrastrukturanın bərpası istiqamətində atılan addımların davamlı olacağından xəbər verir. Azərbaycan özünü hər hansı geosiyasi blokun alətinə çevirmədən, münaqişənin dərinləşməsində deyil, sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu praktiki olaraq göstərir".
Parlamentari onu da diqqətə çatdırdı ki, bu balanslaşdırılmış yanaşma yeni geosiyasi reallıqlar fonunda Azərbaycana mühüm strateji üstünlüklər qazandırır: " Böyük güclər arasında qütbləşmənin artdığı bir şəraitdə bir tərəfə kor-koranə qoşulmamaq ölkəmizi regional risklərdən, iqtisadi sanksiyaların mənfi fəsadlarından və geosiyasi təhdidlərdən sığortalayır. Bakı həm Moskva, həm də Kiyevlə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurur. Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində regional təhlükəsizlik və iqtisadi əlaqələr inkişaf etdirildiyi halda, Ukrayna ilə strateji tərəfdaşlıq, humanitar yardım və enerji daşıyıcılarının təchizatı sahəsində dialoq uğurla davam etdirilir".
Müsahibimizin sözlərinə görə, yürüdülən bu diplomatik xətt Azərbaycanın beynəlxalq arenadakı çəkisini və regional liderlik mövqeyini əhəmiyyətli dərəcədə artırır: "Bakı sadəcə seyrçi deyil, Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyi təmin edən, tərəflər arasında potensial vasitəçilik və ya dialoq platforması kimi çıxış edə biləcək mühüm aktora çevrilir. Həm Qərb, həm Şərq, həm də regional güclərlə eyni vaxtda konstruktiv dil tapmaq bacarığı Azərbaycanı qlobal iqtisadi və logistik layihələrin mərkəzi qovşağına çevirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda sözünə güvənilən, müstəqil qərar qəbuletmə qabiliyyətinə malik nüfuzlu dövlət kimi mövqeyini yekun olaraq möhkəmləndirir".
Cavanşir Abbaslı Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ