Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ arasında Cenevrə danışıqları ərəfəsində informasiya qarşıdurması kəskinləşib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqai Vaşinqtonun son bəyanatlarını "böyük yalanlar toplusu" adlandıraraq sərt ittihamlarla çıxış edib.
Musavat.com xəbər verir ki, Bəqai həftəlik mətbuat konfransında bildirib ki, ABŞ tərəfinin İranın nüvə proqramı və qitələrarası ballistik raketləri ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir: "İranın hərbi potensialı və nüvə fəaliyyəti barədə iddia edilənlər illərdir təkrarlanan böyük yalanların davamıdır. Bu cür uydurma bəyanatlara heç kim inanmamalıdır".
XİN sözçüsü ötən ilin dekabrında İranda baş verən iğtişaşlar zamanı həlak olanların sayı ilə bağlı qərb mediasında və ABŞ rəsmi dairələrində yayılan rəqəmlərə də toxunub. Qeyd edək ki, bəzi qərb mənbələri ölənlərin sayının 10-30 min arasında olduğunu iddia etsə də, Tehran rəsmən 3117 nəfərin həlak olduğunu təsdiqləyib. Bəqai vurğulayıb ki, rəqəmlərin şişirdilməsi İranı beynəlxalq müstəvidə gözdən salmaq üçün qurulmuş "psixoloji hücum"dur.
Bəqainin bu çıxışı Donald Trampın İrana "razılaşma üçün 15 gün vaxt" verməsi və hərbi zərbə ilə hədələməsi fonunda baş verib. İran rəsmisi qeyd edib ki, Tehran təzyiq altında danışıqlar aparmayacaq və yalnız qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya sadiq qalacaq.
Xatırladaq ki, sabah Cenevrədə tərəflər arasında nüvə sazişinin taleyini müəyyən edəcək həlledici görüş keçirilməlidir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ