Onlayn ictimai-siyasi qəzet
Qlobal geopolitik arxitektura artıq yenidən qurulur. Ona görə də, Ukrayna müharibəsi artıq yalnız regional münaqişə hesab olunmur. Bu savaş qlobal güc balansının, Qərb ittifaqlarının gələcək taleyinin və XXI əsrin təhlükəsizlik modelinin yeni “test poliqonu”na çevrilib. Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Ukraynaya dərhal qeyri-döyüş bölmələrinin göndərilməsi ilə bağlı çağırışı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən üçtərəfli görüş ehtimalının açıqlanması eyni anda iki fərqli xəttin formalaşdığını göstərir.
Onu da qeyd etmək lazımdır ki, bu iki xəttin kəsişmə nöqtəsində isə ABŞ prezidenti Donald Tramp əsas müəyyənedici fiqur kimi dayanır. Çünki Tramp administrasiyasnın özündən əvvəlkilərdən fərqli “lider diplomatiyası”na qədər ənənəvi ABŞ xarici siyasəti konkret sistemə, alyanslara və çoxpilləli diplomatik mexanizmlərə əsaslanırdı. Tramp administrasiyası isə fərqli model - liderlərarası birbaşa danışıqlar, sürətli “sövdələşmə” mədəniyyəti və nəticəyə fokuslanmış, siyasi-ideoloji çərçivədən azad diplomatiya təklif edir.

Ona görə də, Stiv Uitkoffun açıqlamasında diqqətçəkən məqam odur ki, mümkün görüş yalnız prezident Donald Tramp pozitiv nəticəyə əmin olduğu təqdirdə, baş tuta bilər. Bu isə onu göstərir ki, Ağ Ev simvolik sammit deyil, məhz əvvəlcədən razılaşdırılmış “uğur çərçivəsi” axtarır. Əgər, üçtərəfli görüş baş tutarsa və orada Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski eyni masa arxasında oturarsa, bu, müharibənin taleyini dəyişdirə biləcək dönüş nöqtəsi ola bilər.
Maraqlıdır ki, ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan Böyük Britaniya hələ də Rusiyaya qarşı sərt xətti davam etdirsə də, Tramp administrasiyası siyasi-diplomatik yanaşma baxımından, “nəzarətli razılaşma” modelinə daha çox yaxındır. Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun təklif etdiyi qeyri-döyüş bölmələrinin Ukraynaya göndərilməsi isə faktiki olaraq, NATO-nun savaş meydanında fiziki mövcudluğu deməkdir. Bu, Qərbin Ukraynada yalnız silah-sursat deyil, həm də artıq insan faktoru ilə mövcudluğuna indeksləşmiş “çəkindirmə strategiyası”nın tətbiq edilmə cəhdi kimi görünür.
Ancaq Tramp administrasiyasnın yanaşma modeli bundan ciddi şəkildə fərqlənir. Belə ki, Ağ Ev hərbi eskalasiyanı minimuma endirmək, Rusiya ilə “nizamlı qarşıdurma” modelinə keçmək, müharibəni “donduraraq” daha böyük qlobal rəqabətə, xüsusilə də Çin faktoruna fokuslanmaq xəttinə üstünlük verir. Və bu baxımdan, britaniyalı keçmiş baş nazirin təklif etdiyi variant ABŞ-ın indiki siyasi-diplomatik kursu ilə ciddi ziddiyyət yarada bilər.

Digər tərəfdən, prezident Donald Trampın Putin-Zelenski görüşü üçün mümkün vasitəçilik missiyası NATO daxilində də yeni siyasi-diplomatik dinamika yaradır. Belə ki, əksər Avropa ölkələri ABŞ-ın Ukraynaya və “qoca qitə”yə təhlükəsizlik zəmanətlərinin davamlı xarakter daşıyacağına əmin olmaq istəyirlər. Bəzi Şərqi Avropa dövlətləri isə ümumiyyətlə, Rusiyaya qarşı sərt xəttin qorunmasında israrlı mövqe tuturlar. Ukrayna savaşının əsas maliyyə-iqtisadi yükünü şəkən Qərbi Avropada isə “müharibə yorğunluğu” artmaqda davam edir.
Ona görə də, əgər, Tramp administrasiyası Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində atəşkəsə və ya “dondurulmuş münaqişə” modelinə razılıq əldə edərsə, bu, NATO-nun kollektiv müdafiə siyasətində “aktiv genişlənmə”dən “selektiv sabitləşdirmə”yə keçidlə bağlı yeni mərhələyə yol aça bilər. Bu baxımdan, prezident Donald Tramp Rusiyanın maraqları üçün siyasi-ideoloji qarşıdurmadan daha çox realist mövqeyə üstünlük verən dünya lideri hesab olunur. Kreml Ağ Ev sahibinin mövqeyi sayəsində Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaların mərhələli yumşaldılma perspektivinə hələ də ümidlə yanaşır, kollektiv Qərb daxilində parçalanma ehtimalına reallığa yaxın variant kimi yanaşır.
Ancaq bu prosesdə Rusiya üçün əsas risk odur ki, əgər, sülh danışıqları uğursuz olarsa, ABŞ yenidən Bayden administrasiyası dönəmindəki daha sərt mövqeyə qayıtmaq məcburiyyətində qala bilər. Belə olacağı təqdirdə isə ABŞ və Rusiya arasında legitimləşdirilmiş eskalasiya prosesinin başlanması qaçılmaz xarakter daşıyacaq. Və bu baxımdan,Ukrayna savaşının dayandırılması üzrə sülh prosesinin hansısa mərhələsində Rusiyanın yenidən kollektiv Qərblə kəskin qarşıdurma variantı ilə üzləşə biləcəyi qətiyyən istisna deyil.

Ukraynanın ehtimal olunan üçtərəfli görüşlə bağlı maraqlarına gəldikdəsə, prezident Volodimir Zelenskinin “Rusiya diplomatiyanı deyil, savaşı üstün tutur” mesajı onu göstərir ki, rəsmi Kiyev hazırda mümkün razılaşmanın ölkədaxili legitimlik problemini də nəzərə almaq məcburiyyətində qalıb. Çünki ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunacaq atəşkəs Ukrayna üçün ərazi məsələsində olduqca qəliz qərarlar tələb edə, təhlükəsizlik zəmanətlərinin konkret modelini gündəmə gətirə və Qərbin hərbi dəstəyinin tamamilə yeni formatını formalaşdıra bilər. Və bunun isə Ukraynanın daxili siyasi məkanında yeni kəskin ziddiyyətlərə yol aça biləcəyi qətiyyən istisna deyil.
Halbuki, Ukraynanın maraqlarına cavab verib-verməməsindən asılı olmayaraq, əgər, Tramp administrasiyası müharibəni dayandıra biləcək razılaşma əldə edərsə, bunun qlobal təsirləri də qaçılmaz xarakter daşıyacaq. Belə ki, bu halda, Ağ Evin qlobal prioritetlərinin yenidən müəyyən olunacağı və ABŞ-ın hərbi-siyasi resurslarının Avropa məkanından Asiya-Sakit okean regionuna yönəldilə biləcəyi qətiyyən istisna deyil. Eyni zamanda, ABŞ-Rusiya münasibətlərinin sabitləşməsi Çinin geostrateji hesablamalarına təsir edə, BMT və klassik çoxtərəfli mexanizmlərə alternativ olaraq, “liderlərarası diplomatiya” da ön plana çıxa bilər.
Göründüyü kimi, indiki mərhələdə Ukrayna müharibəsi həm savaş meydanında, həm də siyasi-diplomatik masada paralel şəkildə davam edir. Tramp administrasiyasının “sövdələşmə diplomatiyası” liderlər arasında üçtərəfli görüşlə nəticələnərsə, bu, savaşın başlanmasından üzü bəri ilk real siyasi dönüş nöqtəsi ola bilər. Əks halda isə kollektiv Qərbin Ukrayna savaşında daha açıq hərbi iştirakı və münaqişənin yeni eskalasiya mərhələsinə keçidi qaçılmaz görünür. Və bu baxımdan, Tramp faktoru yalnız Ukraynanın deyil, bütövlükdə qlobal geopolitik nizamın gələcək taleyini həll edə biləcək amilə çevrilməyə başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ