Onlayn ictimai-siyasi qəzet
Bir qahım var, zəng vurub əlimyandıda, hay-həşirlə soruşur: “Səncə, bu təzə virus bizə gəlib çıxa bilərmi? Çox narahatam”. Məni gülmək tutdu, çünki bilirəm xarici pasport cəhənnəm, bəlkə heç doğum haqqında şəhadətnaməsi də yoxdur. Dedim, əşşi, qorxma, bu virusa əsasən kruiz gəmilərində səyahətə çıxanlar yoluxur: “Get, hər ehtimala qarşı Maldivə biletləri geri qaytar”.
Həqiqətən, bu yaxında hökumətimizin misilsiz əməyi sayəsində Maldiv adalarına vizasız gediş-gəliş hüququ əldə etmişdik, mən bilirdim, bunun nəsə bir zibili çıxacaqdır. Eh, bəyaz qumlar bizsiz qaldı...
Başqa yöndən, deyirlər, xalq axı müdrik olur, bəlkə də qahımın başının altına yastıq soxmağım, rahatlatmağım düz olmadı. 6 il qabaq da bu cür deyə-gülə, zarafatlaşa-zarafatlaşa bir də baxmışdıq küçəyə SMS-lə çıxırıq, hamı maskalanıb, xəstəxanalar dolub daşır. İndiki hantavirus adlı merətin törədicisi də hardasa o vaxtkı koronavirusun mənbəyinə yaxındır, deyirlər, onu yarasa yaymışdı, bunu gəmiricilər çıxarıb. Doğrusunu kim bilir ki... Planetin harasına baxsan, gəmirici ilə doludur, indi gəl yaşa...
“Gəmirici” yazdım, yadıma düşdü, oxuculardan üzr istəyirəm, bizim uşaq balaca olanda dirəşmişdi, istəyirdi ona xomyak adlanan oyuncaq siçan heyvanından alaq. Nə qədər dedim, a bala, biz siçanı öldürən camaatıq, onu alıb evin içində saxlamaq haramıza yaraşır – xeyri olmadı. Guya bu xomyakın dədə-baba siçandan fərqi varmış. Nəsə, ağlaşma-şivən, məcbur olduq bu andırdan bir cüt alaq. İnsafən, doğrudan da, mağmın heyvan idi, bütün günü təkərciyinin içində fırlanırdı, guya harasa gedir. Obrazlı ifadə etsəm, biz xomyaka “quru sərhədlərini” bağlamışdıq. Gülünc heyvancıq idi, lakin qoxusu əsl siçan iyi kimi, iyrənc idi.
Xoşbəxtlikdən, xomyak macəramız uzun sürmədi, uşağın da razılığı ilə, qəfəsi bayırdan asdıq, evi havalandırmaq üçün. Həmin gecə pişiklər qəfəsi sındırıb xomyakı “happ” elədilər, mövzu bağlandı. Bəlkə qalsa, indi biz hantavirusla əlləşirdik. Bu da bizi kruiz imkanları olan zəhmətkeşlərlə hardasa ortaq taleyə gətirir. Hamı bir balaca siçandan asılıdır.
Nə biləsən... Yuxarıda yazdım, əsrarəngiz dünyada yaşayırıq. Heç kim bilmir, sabah bir yana, beş dəqiqə sonra başına nə gələcək.
Sözgəlişi, uşaq vaxtımızın unudulmaz nağıllarından olan “Turp” da bir gəmirici sayəsində xoş sonluqla – heppi-endlə bitirdi. Pişik itdən, it nəvədən, nəvə nənədən, nənə babadan, baba turpdan yapışırdı, lakin tərəvəz çıxmırdı. Turp çıxarmaq asan iş deyil ki? Hazırda mayın ortasındayıq, hələ də pomidor-xiyarın qiyməti kəlləçarxdadır, kənd təsərrüfatımıza məsul şəxslərin hamısı, sanarsan, Maldivə kruizə çıxmışdır. Axırda pişik siçanı köməyə çağırırdı, o gəlib turpun kökünü kəsirdi, nəticədə turp çıxırdı. İndi məntiqlə hantavirus yayılsa “Turpun nağılı”nın sonluğu dəyişməlidir. Siçanı çağır, hamı yoluxsun: baba nənəyə, nənə nəvəyə, nəvə itə, it pişiyə... Ağır dövrdəyik. Aşağı tüpürürsən, koronadır, yuxarı baxırsan, xaltavirus. Yenə qalmışıq udquna-udquna.
Sonda bir elm-təhsil xəbəri – Abşeron yarımadasındakı məktəblərdən birində 7 şagird qoğaldan zəhərlənmişdir. Qida idarəsinin yoxlaması məktəbin bufetində çoxlu bakteriya və göbələklər aşkar etmişdir.
İndən belə həmin uşaqlara “Qoğalın nağılını” oxumaq mümkündürmü? Ya bəlkə daha xoş oxuyacaqlar?
Nə biləsən...
22 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ