İnsanlara hürriyət, millətlərə istiqlal!

Qumluqdakı universitet

“Biz dəli şeytana papış tikmişik,
Fırladırıq həm cini xırda-xırda”
(Baba Pünhan)

Ağsu çayının dərəsində sahəsi 6 hektar, həcmi 90 min kubmetr olan qum-çınqıl yatağını şanlı hökumətimiz tender üsulu ilə (guya) “Evrascon” adlı şirkətə satmışdır. Cəmi-cümü 70 min manata. Bu şirkət baş nazirin əski müavini, “Alabala” ləqəbli Abid müəllimə məxsusdur. Abid müəllimin həmin ləqəbi qazanma tarixçəsini bəlkə indiki uşaqlar bilməz, yazım. Vaxtilə Bakıda bir bina içindəki camaatla bahəm yanmışdı, sonra hökumət tender elan elədi (yenə guya), binanın remontu üçün pul ayrıldı. Bax, ol dövrdə jurnalistlər “Pulu hansı şirkətə ayırmısınız” sualı ilə Abid müəllimə üz tutarkən onun cavabı belə olmuşdu: “Sizə nə var pulu kimə veririk? Alabalaya veririk!” Sanki jurnalist dövlət büdcəsi vəsaitlərini yox, həmin Alabala ilə Abid müəllimin ortaq sərvətlərini sorğu-sual etmişdi.

İndi müəllim pensiyasını, klassikimiz demişkən, xımır-xımır yeyir, arada kürü yaxmacına qum-çınqıl da səpib xırçıldadır özü üçün. Maşallah. Yaxşı qazancdır. Elə-belə, kobud hesablayanda təkcə o qum karxanasından 2-3 milyon basmarlamaq mümkün olacaqdır. (1 kub qumu 20 manatdan, 1 kub çınqılı da 35-55 manatdan götürsək, 90 min kubmetr təxminən o qədər pul eləyir). 70 min manat verib, 2 milyon qazanmaq harda var? Biz elə territoriyada yaşayırıq ki, Qarabağ qazisi porsuq ovlayıb yeyir, ona görə də cərimə eləyirlər. Əsl porsuq isə Ağsu çayının dərəsində asudə oynaqlaşır. Yaxşı bir yazıçı olsa Ağsuçay dərəsindəki karxanadan “Qumluqdakı Abid” adlı roman yazıb yapon Kobo Abe-nin dərsini verərdi.

Ancaq hələ dayanın, karxana bitmədi ki? Oxu.az saytının yazdığına görə Abid müəllimin həmən bu şirkətinin dövlət büdcəsinə 6 milyon 719 min manat borcu var imiş. Görəsən “tender” keçirərək təbii sərvətlərimizi ona pay-pürüş edənlər bu borcu niyə çınqıl yerinə qoymayıblar? Orta statistik qara camaatın dövlətə 6 manat kommunal borcu olanda idarələrdən 60 nəfər tökülür gəlir, az qalırlar adamı diri-diri sayğacın altındakı çınqıllıqda basdırsınlar. Əski məmurun 7 milyon borcu olan şirkətinə isə çay dərəsini peşkəş edirlər.

Təbii, qanun qarşısında hamımız bərabərik, ancaq bəziləri “daha çox bərabərdir”. O cür tarixi şəxsiyyətlərdən keçmiş sobez nazirimiz Səlim Müslümovun da adını çəkmək olar. Səlim müəllim 27 milyon manatlıq yeyinti ilə həbs edilmiş, 20 milyonu dövlətə qaytardığı üçün şərti cəza ilə azad buraxılmışdı. Hazırda hökumət onun 1 milyon 400 min manatlıq daha 2 evini satışa çıxarıb. Maşallah, görün Səlim müəllim zəhmətkeşlərimizin sosial müdafiəsi ilə necə aktiv məşğul olmuşdur... Sat ki satasan. Bitmir, tükənmir. Və bugünlərdə jurnalist (manşet.az saytı) ondan həmin satışlar barədə soruşanda Səlim müəllim şedevr cavab verib: “Mənə aid olan əmlaklar dövlət tərəfindən müsadirə olunub. Satışa çıxarılıb, heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?”.

Vallah da bə. Nə demək olar? Burada həqiqətən böyüdüləcək nəsə yoxdur, balaca evlərdir, 2 mənzil 1 milyon 400 mindən auksiona çıxarılıb... Nırç, nırç... Gərək insan böyük işlər görsün. Məsələn, mənim yadıma gəlir, bizdə bir iqtisadi sahə üzrə naziri tutanda seyfindən Bakıdakı 60 mənzilin kupçası çıxmışdı. Bax, o daha böyük insan idi.

Xırda işlər mövzusuna son akkord isə Kaprativ Universitetinin rektoru, adı çəkiləndə ABŞ-da universitetlərin sarmaşığı quruyan Eldar müəllimdən gəlmişdir. Qanuna görə deputat rektor ola bilməz, amma Eldar müəllim o işin də başında qalırmış. Jurnalist buna mövqe öyrənib, cavab çox ləzzətlidir: “Kooperasiya Universiteti balaca, özəl universitet olduğu üçün onun rektorluğuna davam edirəm”.

Yəni sözündən belə çıxır ki, xudmani, çayxana-zad kimi işlədirəm, ona görə dəymirlər.

P.S. Ta yazı poeziya ilə başlayıb, şeirlə də bitirək. Nazim Hikmətin “Böyük insanlıq” şeirindən sitat:

“Böyük insanlığın torpağında kölgə yox,
küçəsində fənər
pəncərəsində şüşə
amma ümidi var böyük insanlığın
ümidsiz yaşanmır”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Iyul 2026

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026