İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağışın kupçası

İcra hakimiyyətində yağışın nəticələri barədə iclas keçirilmişdir, ilkin qənaət belə olmuşdur ki, sel suları ən çox qanunsuz tikilən, gecəqondu evləri basmışdır.

Yəni, istəsən bu nəticə çıxarmaq olar: sel gələndə evin kupçasına baxır, bələdiyyədən, sovetlikdən arayış istəyir. Olsa, keçir gedir, olmasa, basır girir evə. İstəməsən, bu nəticə çıxır ki, gərək insanlar qeyri-qanuni məskunlaşmaya yol verməsin, hər dərədə ev tikməsin.

Əslində, doğrudan da bizdə hətta palçıq vulkanının üstündə ev tikənlər var və günün birində vulkan püskürəndə, məsələn, Biləcərinin Badımcanlıq məhəlləsi Pompey şəhri kimi örtülsə, arxeoloqlar min il sonra günahkar sifətində hökumətimizi biləcəklər. Ancaq qeyri-qanuni tikililər varsa, bunun günahkarı təkcə onu tikənlər deyil. Vəziyyəti o yerə gətirənlərin də günahı vardır.
Əlbəttə, günah bir dini-fəlsəfi kateqoriyadır, buna görə cəza tələb eləmək olmur. Cinayət olsa, başqa məsələ. Bizdə isə həm naxalstroy (kim nə deyir-desin, bu sözün ruscası daha mənfur səslənir; “gecəqondu” isə romantika yüklüdür) tikənlərin, həm də ona şərait yaradan hökumət strukturlarının cinayətindən danışmaq yersizdir. Ümumiyyətlə, bizdə son vaxtlar yalnız 3 peşənin daşıyıcıları cinayətkar çıxır: jurnalistlər, ictimai fəallar və müxalifətçilər. Qalan hamı mələkdir.

Hərçənd, qədim əyyamlarda Misir camaatı arasında belə bir məsəl var imiş, deyir, əgər Nil çayının kənarında quzunu canavar yeyirsə, bunun da günahı firondadır: ya quzu yiyəsiz qalıb, ya da canavar cızığından çıxıbdır.

Müşavirədən bir nəticə də çıxarmaq mümkündür ki, Bakıdakı bədnam ( vaxtilə suda boğulanlara görə) Sabunçu tuneli qeyri-qanuni, gecəqondu üsulu ilə tikilmişdir. Əks halda, niyə hər yağışda ora dolur, hökumət də bağlamağa məcbur qalır? Kupçası olsa dolmaz.

Bəzi bölgələrdə isə körpüləri sel aparıb, camaatla əlaqə kəsilib. Bəlkə də onlar necə xoşbəxt olduqlarını dərk etmirlər. Daniel Defo “Robinzon Kruzo” romanında bunu təxminən belə ifadə edir ki, əgər insanlar daha pis vəziyyətlərə düşə biləcəklərini düşünsəydilər, istənilən şərdə xeyir tapardılar. Anlaşılmaz oldusa izah edim: məsələn, ən azından yaxın günlərdə körpü olmadığı üçün həmin kəndlərin camaatı öz deputat, icra başçısı və nazirlərini görməkdən məhrum qalacaqdır.

Defo həmin əsərdə bir də onu deyir ki, təhlükə qorxusu təhlükənin özündən daha dəhşətlidir, şər-xatanı gözləmək həmin şərin özündən on min dəfə ağırdır. Bizim folklorda isə bunu belə ifadə etmişlər: “Başına gələn, başmaqçı olar”. Həqiqətən, biz sel-su işlərində püxtələşsək bir də gördün üzgüçülük, avarçəkmə yarışlarında medal qazanırıq.

Bunu mən çox düşünmüşəm. Məsələn, bu yaxınlarda İtaliyada qış olimpiadası keçirildi, təbii ki, biz ordan sıfır medalla qayıtdıq. Açığı, heç xəbərsizəm hansısa axsaq, öz millisinə düşə bilməyən rusa, ukraynalıya saxta pasport verib yarışa göndərə bilmişdikmi, ya yox. Adamı yandıran odur ki, axı bizdə qış idman oyunları üçün əməllicə imkanlar var! Elə park və küçələrimizə döşənən mərmər-qranit lövhələri yada salın. Üzərinə azca şeh düşəndə, hətta havada su buxarının miqdarı bir-iki faiz artanda həmin lövhələr əsl fiqurlu konkisürmə meydançasına dönür. Camaat yıxılır, beli sınan, qolu qırılan, bu qraniti yerə döşəyənləri söyən... Halbuki, möhtəşəm potensial var, sürüşə-sürüşə qış idmanında Norveçə çata bilərik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026

14 Iyun 2026

12 Iyun 2026