Onlayn ictimai-siyasi qəzet
İran İslam Şurası Məclisinin XII çağırışının rəhbərliyinə keçirilən seçkilər başa çatıb. Məhəmməd Bağır Qalibaf ardıcıl üçüncü dəfə parlamentin sədri seçilib. Qalibaf İran hakimiyyətinin əsas fiqurlarından biridir. Ali dini lider Seyid Əli Xameneinin öldürülməsindən sonra xüsusilə önə çıxan Məhəmməd Bağır Qalibaf ölkənin idarəçiliyində önəmli yer tutur. Mühafizəkar qanadın təmsilçisi olsa da, ABŞ tərəfi onunla danışıqlar masasına əyləşdi.
Musavat.com xatırladır ki, ABŞ-nin İrana qarşı 38 gün davam edən hərbi zərbələri nəticəsində ali dini lider Əli Xamenei başda olmaqla hərbi və siyasi elitanın çoxsaylı önəmli fiqurları aradan götürüldü.
Ancaq dini rejim hakimiyyətdən götürülmədi və bu gün də rejim ayaq üstədir və Qalibafın da timsalında sanki İrandakı mövcud rejim Vaşinqtona sərf edir. Belə görünür ki, ABŞ İranda hakimiyyətdə olanların iqtidarının davam etməsində maraqlıdır və buna görə də onlara toxunmur.
Xameneini müharibənin ilk günündə öldürməyi bacaran ABŞ üçün digərlərini sonuncuya qədər məhv etmək hər halda mümkünsüz deyildi. Ancaq ABŞ buna getmədi. Bütün bu dağıdıcı proseslərə baxmayaraq, İrandakı dini-siyasi rejim tam şəkildə devrilmədi və hakimiyyət strukturu bu gün də fəaliyyətini davam etdirir.
Ekspertlərin fikrincə, burada əsas məsələ ABŞ-nin strateji seçimidir. Bir çox siyasi analitiklər hesab edir ki, Vaşinqtonun məqsədi İran dövlətini tamamilə dağıtmaq yox, onu zəiflədilmiş və idarəolunan vəziyyətdə saxlamaqdır. Çünki İran kimi böyük və mürəkkəb ölkədə hakimiyyət boşluğu yaranacağı təqdirdə region daha dərin xaosa sürüklənə bilərdi. Bu isə təkcə Yaxın Şərq üçün deyil, enerji bazarları, qlobal təhlükəsizlik və beynəlxalq ticarət üçün də ciddi risklər yaradar.
Bir sıra beynəlxalq ekspertlər də bildirirlər ki, ABŞ üçün ən təhlükəli ssenari İranın tam parçalanması və nəzarətsiz silahlı qrupların ortaya çıxması ola bilərdi. Onların fikrincə, Vaşinqton hazırkı rejimi zəiflətməklə yanaşı, dövlət institutlarının tam çökməsinə də imkan verməməyi doğru hesab edir. Bu baxımdan, İran daxilində müəyyən hakimiyyət mərkəzlərinin toxunulmaz saxlanılması təsadüfi hesab edilmir. Vaşinqton Tehranı regional siyasətdə geri çəkilməyə, nüvə və hərbi proqramlarını məhdudlaşdırmağa məcbur etmək istəyir. Buna görə də hərbi zərbələr əsasən təhlükəsizlik aparatının sərt xətt tərəfdarlarına və strateji hərbi strukturlara yönəldildi. Sağ saxlananlara isə mesaj verildi ki, hər birinizi sonuncu nəfərinizə qədər aradan götürə bilərik. Digər tərəfdən, bəzi analitiklər hesab edir ki, ABŞ İran daxilində tamamilə Qərbə yaxın yeni hakimiyyətin formalaşacağına da əmin deyil. Çünki mümkün hakimiyyət dəyişikliyi ölkəni daha radikal və idarəolunmaz qüvvələrin əlinə keçirə bilər. Bu səbəbdən Vaşinqton hazırkı sistemin tam süqutundan daha çox onun zəiflədilmiş şəkildə qalmasına üstünlük verdi və rejimi tam səhnədən qaldırmamaq yolunu seçdi.
ABŞ üçün İranın Suriyadakı, İraqdakı və Livandakı kimi uzunmüddətli və nəzarətsiz vətəndaş müharibəsi zonasına çevrilməsi arzuolunan deyil. Vaşinqton İrandakı rejimin tamamilə dağılmasının doğura biləcəyi geosiyasi nəticələrdən ehtiyat etdiyi üçün dini rejimin tam yıxılmasını istəmədi və dolayısı ilə onu qorumuş oldu.
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ