İnsanlara hürriyət, millətlərə istiqlal!

Ard-arda yanğınlar: yeni tikililərdə bu TƏHLÜKƏ...

Son illərdə Bakıda yeni tikilmiş və ya yenidən qurulmuş çoxmənzilli yaşayış binalarında baş verən yanğın hadisələri tək-tək təsadüfi hallar kimi deyil, artıq sistemli problem kimi müzakirə olunur. Xüsusilə çoxmərtəbəli binalarda baş verən yanğınlar həm insanların həyatını risk altına qoyur, həm də şəhər mühitində təhlükəsizlik standartlarının nə dərəcədə təmin olunduğu ilə bağlı ciddi suallar yaradır.

Əslində bu məsələ yeni deyil. Hələ 2015-ci Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi zamanı 15 nəfərin həyatını itirməsi cəmiyyət üçün ciddi siqnal olmuşdu. Həmin faciədən sonra fasad materialları, yanğına davamlılıq və tikinti normaları ilə bağlı müzakirələr genişlənsə də, son illərin statistikası göstərir ki, risklər hələ də qalmaqdadır.

2026-cı ilin ilk ayları da bu baxımdan istisna olmayıb. Paytaxtın müxtəlif ərazilərində yerləşən yaşayış binalarında ardıcıl yanğın hadisələri qeydə alınıb. Mart ayında Xətai rayonu ərazisində, xüsusilə Xocalı prospekti və ətraf küçələrdə bir neçə yaşayış binasında yanğın baş verib. Bu hadisələr zamanı sakinlər təxliyə olunub, bəzi hallarda isə tüstüdən zəhərlənənlər xəstəxanaya yerləşdirilib. Eyni dövrdə həmin rayonda yerləşən digər binalarda da oxşar hadisələr baş verib və sakinlər binadaxili kommunikasiya problemlərindən şikayət ediblər.

Fevral və mart aylarında yenə Xətai rayonu ərazisində, o cümlədən Babək prospekti və Cavanşir küçəsində yerləşən binalarda yanğınlar qeydə alınıb. Bu hadisələrin əksəriyyəti elektrik şaxtalarında və ya texniki kommunikasiya xətlərində baş verib. Digər bir yanğın isə Nizami rayonu ərazisindəki hündürmərtəbəli binada baş verib. 18 mərtəbəli yaşayış binasının yuxarı mərtəbələrindən birində başlayan yanğın nəticəsində sakinlər təxliyə olunub və bir nəfər xilas edilib.

Baş verən hadisələrin ümumi mənzərəsi göstərir ki, yanğınların böyük hissəsi bina daxilindəki elektrik sistemləri, şaxtalar və digər kommunikasiya xətləri ilə bağlıdır. Mütəxəssislər bu cür hadisələrin artmasını bir neçə amillə əlaqələndirir: keyfiyyətsiz tikinti materiallarından istifadə, təhlükəsizlik qaydalarına tam əməl olunmaması, binaların idarə olunmasında problemlər və bəzi hallarda sakinlərin özbaşına müdaxilələri.

Nəticədə Bakıda çoxmənzilli yaşayış binalarında baş verən yanğınlar artıq təkcə fövqəladə hadisə kimi deyil, həm də şəhərsalma, tikinti və təhlükəsizlik sistemində mövcud boşluqların göstəricisi kimi qiymətləndirilir. Bu isə problemin daha kompleks yanaşma və ciddi nəzarət mexanizmləri tələb etdiyini bir daha ortaya qoyur.

Elnur Azadov

Əmlak eksperti Elnur Azadov bina yanğınlarının yaranma səbəbləri haqda Musavat.com-a danışıb. Onun sözlərinə görə, əvvəlki illərdə tikilmiş binalarla müqayisədə yeni binalarda belə hadisələrin daha çox baş verməsi əsasən onların kompakt inşa olunması və yüksək mərtəbəli olması ilə bağlıdır: "17 mart tarixində Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yanğın hadisəsi baş verib və nəticədə 7 nəfər xəsarət alıb. Keçən il Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yanğın hadisəsində isə 2 nəfər həyatını itirib. Vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində profilaktik tədbirlər aparılmalıdır.

Hesab edirəm ki, bu kimi yeni tikilmiş binalarda nəzarət mexanizminin gücləndirilməsi, təbliğat işlərinin aparılması, təhlükəsiz şəraitin yaradılması və hadisə baş verərsə təxliyə işlərinin düzgün aparılması ilə bağlı ciddi tədbirlər görməyin vaxtı artıq çatıb. Bu çərçivədə aidiyyəti qurumlar tərəfindən əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini və yanğınların qarşısının alınmasına və söndürülməsinə əhalinin cəlb edilməsini təşkil etmək xüsusi əhəmiyyət daşıyır (İcra hakimiyyətlərin əsasnaməsində yanğına qarşı təhlükəsizliyin 3.15.9.1. maddəsi)".

Ekspert bildirib ki, çoxmənzilli binalarda yanğın təhlükəsizliyinin təmin olunması və nəzarət mexanizmi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətlərinin üzərinə düşür. O əlavə edib ki, məsələdə icra hakimiyyətlərinin rolu böyükdür, çünki vətəndaşların və yanğın təhlükəsizliyinin təmin olunmasına görə əsas məsuliyyət onların üzərindədir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR