İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Qərbi Avropada diplomatik mövqeyini gücləndirir

Lissabonda səfirliyin açılması yeni perspektivlər yaradacaq

Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı sayıla biləcək mühüm addımlardan biri atılır. Milli Məclisin Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsində müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Azərbaycanın Portuqaliyanın paytaxtı Lissabon şəhərində səfirliyi təsis ediləcək. Komitə sənədi müzakirə edərək plenar iclasa tövsiyə edib.

Yeni diplomatik nümayəndəliyin yaradılması Bakı ilə Portuqaliya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına əlavə təkan verə bilər. İndiyədək iki ölkə arasındakı münasibətlər əsasən beynəlxalq təşkilatlar çərçivəsində və digər ölkələrdə akkreditə olunmuş diplomatik missiyalar vasitəsilə həyata keçirilirdi. Daimi səfirliyin açılması isə əlaqələrin daha sistemli və intensiv xarakter almasına imkan yaradacaq.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın son illərdə Avropa istiqamətində diplomatik iştirakını genişləndirməsi təsadüfi deyil. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və yaşıl enerji layihələri fonunda Avropa ölkələri ilə birbaşa təmasların artırılması rəsmi Bakının prioritetlərindən biridir. Portuqaliya da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq zəncirində mühüm həlqələrdən biri hesab olunur.

Səfirliyin fəaliyyətə başlaması iqtisadi sahədə də yeni imkanlar yarada bilər. Azərbaycan qazının Avropa bazarındakı rolunun artdığı bir dövrdə Portuqaliya ilə enerji, logistika, turizm, rəqəmsal texnologiyalar və investisiya sahələrində əməkdaşlığın genişlənməsi üçün əlavə platforma formalaşacaq.

Bununla yanaşı, səfirliyin açılması Azərbaycan diasporunun fəaliyyətinin koordinasiyasına, mədəniyyət və təhsil layihələrinin təşviqinə də müsbət təsir göstərə bilər. Diplomatik nümayəndəlik iki xalq arasında humanitar əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı tanınmanın artmasına xidmət edəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Qanun qəbul edildikdən sonra səfirliyin yaradılması istiqamətində praktiki addımların atılması gözlənilir.

Aydın Hüseynov: Meydanda Dəmir yumruq, masada dəmir iradə - AZƏRTAC

Aydın Hüseynov

Portuqaliyada səfirlik açılması Azərbaycanın Qərbi Avropada diplomatik mövqeyinin gücləndirilməsi istiqamətində ciddi addımlardan biri hesab edilə bilər. Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Portuqaliyada səfirliyin açılması Azərbaycanın Qərbi Avropadakı diplomatik iştirakının genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Bu qərar təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın Avropa məkanında siyasi və iqtisadi maraqlarının daha effektiv şəkildə müdafiəsinə xidmət edir: “Son illərdə Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas tendensiyalardan biri Avropa ölkələri ilə birbaşa diplomatik təmasların genişləndirilməsidir. Portuqaliya kimi Avropa İttifaqının nüfuzlu üzv dövlətində daimi səfirliyin fəaliyyət göstərməsi Bakının Avropa institutları və üzv ölkələrlə əlaqələrinin daha sistemli şəkildə inkişafına imkan verəcək. Səfirliyin açılması ilk növbədə siyasi dialoqun intensivləşməsinə şərait yaradacaq. Diplomatik nümayəndəlik vasitəsilə iki ölkə arasında yüksək səviyyəli səfərlərin, hökumətlərarası məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin sayı arta bilər. Bu isə Azərbaycanın beynəlxalq məsələlərdə mövqeyinin Portuqaliya siyasi dairələrinə daha operativ çatdırılmasına kömək edəcək”.

A.Hüseynov qeyd etdi ki, Portuqaliyada səfirliyimizin açılmasının iqtisadi baxımdan da mühüm perspektivlər yaradacağı şübhəsizdir: “Portuqaliya Avropanın Atlantik okeanına çıxışı olan mühüm logistika mərkəzlərindən biridir. Səfirliyin fəaliyyəti investisiya təşviqi, biznes əlaqələrinin qurulması, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı iqtisadi layihələrin reallaşdırılması üçün yeni imkanlar yarada bilər. Xüsusilə enerji, yaşıl enerji texnologiyaları, rəqəmsallaşma, innovasiya, nəqliyyat və turizm sahələrində əməkdaşlıq potensialı diqqət çəkir. Bununla yanaşı, Portuqaliya son illərdə bərpa olunan enerji sahəsində Avropanın qabaqcıl ölkələrindən birinə çevrilib. Azərbaycanın da yaşıl enerji strategiyasını fəal şəkildə həyata keçirdiyi bir dövrdə bu istiqamətdə təcrübə mübadiləsi və birgə layihələr üçün əlavə imkanlar yaranacaq”.

Deputat hesab edir ki, səfirliyin açılması humanitar və ictimai diplomatiya baxımından da əhəmiyyət daşıyır: “Azərbaycan mədəniyyətinin, tarixinin və turizm potensialının Portuqaliyada daha geniş tanıdılması, universitetlər arasında əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi, eləcə də diaspor fəaliyyətinin koordinasiyası üçün institusional baza formalaşacaq.

Digər vacib məqam isə ondan ibarətdir ki, Lissabon Qərbi Avropa, Atlantik regionu və Portuqaliyanın Afrika və Latın Amerikası ilə mövcud tarixi əlaqələri baxımından xüsusi geosiyasi əhəmiyyətə malikdir. Bu səbəbdən səfirlik yalnız ikitərəfli münasibətlər üçün deyil, Azərbaycanın daha geniş beynəlxalq əlaqələr şəbəkəsinin inkişafı baxımından da əlavə diplomatik imkanlar yaradacaq. Odur ki, Portuqaliyada səfirliyin açılması sadəcə yeni diplomatik nümayəndəliyin təsis edilməsi deyil, Azərbaycanın Qərbi Avropada siyasi təsir imkanlarının genişləndirilməsi, iqtisadi tərəfdaşlıqların artırılması və Avropa məkanında mövqelərinin daha da gücləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıyan addım kimi qiymətləndirilməlidir".

Azərbaycan Respublikası xaricdə 92 diplomatik missiya ilə təmsil olunur. Bu rəqəmə 69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi daxildir. Lakin dünya dövlətlərinin ümumi sayı nəzərə alındıqda, Azərbaycanın 100-dən çox ölkədə birbaşa səfirliyi yoxdur. Azərbaycan dünya ölkələrindəki maraqlarını təmin etmək üçün səfirliklərlə yanaşı, həm də beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər, baş konsulluqlar və fəxri konsulluqlar vasitəsilə təmsil olunur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR