İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada son 10 ildə altıncı baş nazir – Dauninq Stritin önündən REPORTAJ

Cəmi iki il əvvəl məhz bu məkanda, baş nazirin rəsmi iqamətgahı olan Dauninq Strit 10-un qarşısında Kir Starmer baş nazir kimi xalqa ilk dəfə müraciət etmişdi.

Bu gün isə eyni məkanda artıq yeni baş nazir çıxış edəcək. Kir Starmer vəzifəsindən istefa verdikdən sonra onu Leyboristlər Partiyasının lideri və ölkənin baş naziri vəzifəsində Endi Börnem əvəz edir.

Starmerin istefasına aparan əsas səbəblərdən biri may ayında İngiltərədə keçirilən yerli seçkilərdə Leyboristlər Partiyasının ağır məğlubiyyəti oldu. Partiya təxminən 1700 bələdiyyə mandatını itirdi, 40 yerli şuraya nəzarəti əldən verdi. Uels və Şotlandiyada da son illərin ən zəif nəticələrini göstərdi. Xüsusilə Reform UK Partiyasının yüksəlişi hakim Leyboristlər üzərində təzyiqi daha da artırdı.

Seçkilərdən sonra hökumətdə ard-arda istefalar başladı və partiya daxilində Starmerə qarşı narazılıq gücləndi. Nəticədə o, həm Leyboristlər Partiyasının lideri, həm də baş nazir vəzifəsindən istefa verdi.

Yeni baş nazir Endi Börnemm 2010 və 2015-ci illərdə də Leyboristlər Partiyasının liderliyinə namizəd olmuş, lakin qalib gələ bilməmişdi. 2017-ci ildən Böyük Mançester meri kimi fəaliyyət göstərən Börnham şəhərin nəqliyyat sistemində həyata keçirdiyi islahatlar və pandemiya dövründə şimal bölgələrinin maliyyələşdirilməsi uğrunda çıxışları ilə tanınır.

Endi Börnem partiya liderliyi uğrunda yeganə namizəd oldu və bu gün rəsmi olaraq həm Leyboristlər Partiyasının lideri, həm də Böyük Britaniyanın yeni baş naziri kimi ilk çıxışını edəcək.

Beləliklə, Endi Börnham son 10 ildə Böyük Britaniyanın altıncı baş naziri olur. Halbuki ölkədə ümumi seçkilər adətən hər beş ildən bir keçirilir. Lakin son illərdə baş nazirlərin əksəriyyəti ümumi seçki nəticəsində deyil, hakim partiya daxilində lider dəyişikliyi və istefalar nəticəsində dəyişib.

Dauninq Stritdə isə tez-tez baş nazirlər dəyişsə də dəyişməyən tək bir sima var. 10 nömrəli iqamətgahın məşhur pişiyi Larri artıq 15 ildən çoxdur ki, baş nazirliyin rəsmi siçan ovçusu vəzifəsini icra edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR