Onlayn ictimai-siyasi qəzet
Hörmüz boğazı ətrafında gərginlik davam edir. Danışıqların faktiki dalana girməsi fonunda isə yeni hərbi qarşıdurma ehtimalı getdikcə güclənməkdədir. “Axios” portalı öz mənbəyinə istinadla yazıb ki, ABŞ İranla müharibəyə qayıtmağı düşünür. “ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper İrana qarşı hərbi əməliyyatların bərpası üçün yeni potensial ssenariləri təqdim etmək məqsədilə Tramp üçün xüsusi brifinq təyin edib. Görünür, Tramp danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya münaqişənin son mərhələlərində həlledici zərbə endirmək üçün genişmiqyaslı döyüş əməliyyatlarını bərpa etməyi ciddi şəkildə nəzərdən keçirir. Ssenarilərdən biri kommersiya gəmiçiliyini bərpa etmək üçün Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini əhatə edir. Belə bir əməliyyat quru qüvvələrini prosesə cəlb edə bilər”, - mənbə bildirib.

Xatırladaq ki, aprelin 29-da İsrail və ABŞ qüvvələrinin artıq BƏƏ-də cəmləşdirildiyi barədə məlumat yayılmışdı. Maraqlıdır ki, bu arada Almaniya kansleri Fridrix Merz ölkəsinin dəniz yollarının azadlığını təmin etmək üçün lazım gələrsə, hərbi güc tətbiq etməyə hazır olduğunu bildirib. “İranın Hörmüz boğazını blokadaya almasını ən qısa zamanda dayandırmaqda qərarlıyıq. Lazımi şərtlər yerinə yetirilərsə, Almaniya gəmiçiliyin sərbəst fəaliyyətini təmin etmək üçün hərbi əməliyyatlara hazırdır”, - o əlavə edib.
Bu nədir, ABŞ-a hərbi dəstək mesajı, yoxsa? Mayın 1-də müharibə davam edəcəkmi? Hörmüz boğazının bir hissəsinin ələ keçirmək mümkünmü?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, hərbi əməliyyatlar davam edəcək: “Yəqin ki, mayın 1-də yox, sonrakı günlərdə gözlənilmədən ABŞ İrana əvvəlcədən vəd etdiyi zərbələri endirəcək. Danışıqlar görüntüsü də hər halda ona görə lazımdır ki, gözlənilməz effektindən istifadə etsin, İran elektrik stansiyalarının ətrafında, körpülərin üzərində canlı qalxan düzəltməsin, insanları hədəfə çevirməsin. Eyni zamanda, Trampın son bəyanatlarından belə başa düşmək olur ki, hansısa formada danışıqlar davam edir və müəyyən təkliflər tərəflər arasında gedib-gəlir. Nəticə olacağını güman etmirəm. ABŞ ilə İran arasında fikir ayrılığı o qədər böyükdür ki, burada hansısa razılığa gəlmək ehtimalı həddən artıq azdır. Hörmüz boğazının açılması görünür təkcə ABŞ-nin əli ilə olmayacaq. Artıq digər böyük dövlətlər də Hörmüz boğazının bağlanmasında ziyan çəkdiklərinə görə tamamilə mümkündür ki, koalisiya halında boğazın açılması və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atılsın”.

Politoloq hesab edir ki, kansler Merzin son bəyanatı Almaniyanın ABŞ-yə yaxınlaşması kimi qiymətləndirilə bilməz: “Çünki son ana qədər onların arasında söz atışmaları davam edir. Eyni zamanda, ABŞ Almaniyadakı hərbçilərinin xeyli hissəsini çıxarmaq istəyir. Ancaq maraqlar eyni olduğuna görə, birlikdə koalisiya şəklində Hörmüz boğazını açmağa cəhd göstəriləcək. Bir şey aydındır ki, bu boğazdan gəmilər heç bir haqq ödəmədən əvvəllər necə keçmişdilərsə, bundan sonra da o cür davam etmək istəyirlər. Çünki başqa xərclər onsuz da kifayət qədərdir. Burada İranın hər barel neftə görə əlavə təqribən bir dollar almaq istəyi neftin qiymətini xeyli qaldıra bilər ki, bu da nə Avropa dövlətlərinin, nə də ABŞ-nin maraqlarına cavab verir”.
A.Səmədovun fikrincə, İran özü də ağır durumdadır və yaxın iki həftə ərzində razılaşmaya gələ bilməsələr, neft istehsalını tamamilə dayandırmaq məcburiyyətində qalacaq: “Çünki artıq çıxarılmış nefti satmaq mümkünsüzdür, saxlamaq üçün isə ehtiyat yerlər dolacaq. Belə bir vəziyyətdə hər iki tərəf qəti addımlar atmaq məcburiyyətindədir”.
Etibar Seyidağa,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ