İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizdə vurulan gəminin azərbaycanlı bosmanından SENSASİON AÇIQLAMA - ÖZƏL

Kapitan və köməkçiləri onları gəmidə qoyub qaçdı, azərbaycanlı dənizçilər isə 5-6 saat buz kimi suda ölüm-dirim savaşı verdi!

Qara dənizdə baş verən və artıq beynəlxalq rezonans doğuran dəhşətli hadisənin yeni, daha sarsıdıcı təfərrüatları ortaya çıxıb. Rumıniya sularında dron hücumuna məruz qalan Ukraynanın "Sabrama" şirkətinə məxsus gəminin ekipaj üzvü, azərbaycanlı bosman Elman Mahmudov Musavat.com-a özəl açıqlama verərək baş verən faciəvi hadisənin təfərrüatlarını bölüşüb.

Onun danışdıqları sadəcə bir dəniz qəzasının və ya hərbi hücumun təfərrüatları deyil. Bu, dronların vurduğu gəmidə insanların bir-birini taleyin ümidinə buraxmasının, azərbaycanlı dənizçilərin isə ölümün gözünə baxaraq həm özlərini, həm də yaralı ukraynalı həmkarlarını xilas etməsinin hekayəsidir.

WhatsApp Image 2026-09-02 at 13.34.47.jpeg (209 KB)

Elman Mahmudovun sözlərinə görə, hücum axşam 19:00 radələrində baş verib. Gəmi sahildən 20-25 kilometr aralandıqdan sonra vurulub. Gəmiyə 3 dron zərbəsi endirilib. 2-ci zərbədən sonra kapitan və digər məsul şəxslər xilasedici qayıqla gəmidən qaçıblar. Amma ekipajın bütün üzvlərini götürmədən: “Əslində, dənizçilik qaydalarına görə kapitan gəmini ən son tərk etməlidir. Lakin hücum zamanı kapitan və köməkçiləri xilasedici qayığa minib ipi kəsdilər və bizi götürmədən gəmidən uzaqlaşdılar. Dron zərbəsindən bir ukraynalı heyət üzvü qolundan yaralanmışdı. Onu belə götürmədilər. Biz azərbaycanlılar onu götürüb qolunu jqutla (qansaxlayan sarğı) bağladıq, qol sümükləri qəlpəli sınmışdı”.

Ardınca isə üçüncü dron zərbəsi gəlib. Və “PROGRESS IV” sürətlə batmağa başlayıb. Dənizin ortasında, gecənin qaranlığında, 2 metrlik dalğaların arasında azərbaycanlı dənizçilər üçün əsl ölüm-dirim mübarizəsi başlayıb:

“3-cü dron zərbəsindən sonra gəmi sürətlə batmağa başladı. 5-6 saat soyuq, buz kimi suda qaldıq. Gecə saat 1-2-yə qədər 2 metrlik dalğaların arasında qaldıq. Bizi Rumıniya hərbi gəmisi xilas etdi”.

Azərbaycanlı dənizçilər həmin saatlarda yalnız öz həyatlarını xilas etməyə çalışmayıblar. Onlar ağır yaralanmış ukraynalı həmkarlarını da suda boğulmağa qoymayıblar. Azərbaycanlı heyət öz həyatlarını təhlükəyə ataraq yaralı ukraynalı dənizçiyə də kömək edib: "Dediyim kimi, ukraynalı heyət üzvlərindən birinin qolu sümükdən ayrılmışdı, sınıq içində idi. Onu da batmağa qoymadıq. Əlimizə keçən ip, əski və jgutla qolunu bağladıq, xilasedici kəmər geyindirib yanımızda saxladıq. Rumıniya hərbi katerləri gələnədək onu suda boğulmaqdan xilas etdik".

Hadisədən sonra isə azərbaycanlı dənizçilərin qarşısında yeni problem yaranıb. Onların bütün sənədləri, xarici pasportları, dənizçilik sertifikatları və şəxsi əşyaları Qara dənizin sularında itib. Üstəlik, Elman Mahmudovun sözlərinə görə, gəmini istismar edən şirkətin hadisədən sonra azərbaycanlı heyət üzvlərinə münasibəti da ciddi narazılıq yaradıb: "Gəminin 12 heyət üzvü vardı. 8 nəfər Ukrayna, 4 nəfər Azərbaycan vətəndaşı. Kapitan da ukraynalı idi. Şirkət öz vətəndaşlarına - ukraynalılara kompensasiya ödəyir və onlara hər cür dəstək göstərir. Bizə çatanda “sizə heç bir kompensasiya verməyəcəyik, hara istəyirsiniz şikayət edin” deyirlər. Hətta avqust ayının maaşını da verməyiblər. Biz azərbaycanlılar hamımız eyni haqsızlıqla üz-üzəyik".

Qüdsi Osmanov:Rumıniya,Diplomatiya-ƏN SON - 2026

Səfir Qüdsi Osmanov


Amma bu dəhşətli hadisənin içində azərbaycanlı dənizçilərin unutmayacağı bir məqam da var. Onların sözlərinə görə, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov hadisədən sonra şəxsən onların yanına gəlib. Elman Mahmudov səfirin davranışını xüsusi minnətdarlıqla xatırlayır.

“Səfir Qüdsi Osmanov gəlib dedi ki, mən buraya Prezidentimizin tapşırığı ilə gəlmişəm. Prezidentimiz biz diplomatları təyin edən zaman deyir ki, hər yerdə vətəndaşımın yanında olub, hüquqlarını qoruyun. Səfir dedi ki, buradadır, çünki bu, onun borcudur. Səfir şəxsən 250-300 kilometr yol qət edərək Buxarestdən Konstansiyaya yanımıza gəlmişdi.  Bildirdi ki, 1-2 gün ərzində sənədlərimizi tam hazır edib bizi vətənə yola salacaq. Qüdsi Osmanov olmasa, biz burda taleyin ümidinə qalmışıq. Cibimizdə 1 qəpiyimiz yox, nəyimiz də var suda batıb”.

download (62).jpg (51 KB)

Səhhətlərinin hazırda normal olduğunu bildirən Elman Mahmudov tezliklə Azərbaycana qayıdacaqlarına ümid etdiklərini bildirib: “Hazırda oteldəyik, özümüzü normal hiss edirik. Şirkət əmək haqqımızı nə vaxt verəcəyini də bilmirik. Bütün ümidlərimiz səfirədir”.

Məsələ ilə bağlı Qüdsi Osmanovun da fikirlərini aldıq. O, Musavat.com-a bildirdi ki, diplomatların borcu vətəndaşlara bu kimi yardım göstərməkdir:

"Təbii ki, bu, bizim borcumuzdur. Vətəndaşlarımız problemlə üzləşib, faciə yaşayıblar. Ona görə də onlarla görüşdüm. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Bolqarıstandakı, Ukraynadakı səfirliyimiz də məşğul oldular. Birgə çalışıb, vətəndaşlarımıza yardım etdik". 

Xatırladaq ki, hadisə Qara dənizdə, Rumıniyanın müstəsna iqtisadi zonasında baş verən dəhşətli olay beynəlxalq aləmin diqqət mərkəzindədir. Ukraynanın Reni limanından Türkiyənin Tekirdağ limanına doğru istiqamət götürən və Dominika bayrağı altında üzən “PROGRESS IV” ticarət gəmisi dron hücumuna məruz qalaraq batıb. Hadisə avqustun 27-də axşam saatlarında, Sfıntu-Gеоrgе məntəqəsindən təxminən 15–20 dəniz mili cənub-şərqdə baş verib. 12 nəfərlik heyət üzvündən 8-i Ukrayna, 4-ü isə Azərbaycan vətəndaşıdır.

Rumıniya Müdafiə naziri Radu Miruçe gəminin fövqəladə xəbərdarlıq sistemi vasitəsilə drona bənzər naməlum obyektlə vurulduğunu bildirib. Rumıniya Azad Dənizçilər Həmkarlar İttifaqının rəhbəri Adrian Mihelçoyu gəmidə tezalışan yükün olmadığını, lakin sürətli yanğının yandırıcı döyüş yükü daşıyan dronlardan qaynaqlandığını qeyd edib.

Rumıniya Prezidenti Nikuşor Dan gəminin zərbəyə məruz qaldığını təsdiqləyərək, istintaqın nəticələri bəlli olmadan fərziyyələr irəli sürəyin tez olduğunu vurğulayıb. Hazırda Konstantsa Apellyasiya Məhkəməsi yanında prokurorluq cinayət işi açıb. İstintaq gəminin məhv edilməsi və partlayıcı daşıyan PUA-lardan istifadə ehtimallarını araşdırır. Hücumun hansı dövlət tərəfindən edildiyi hələlik müəyyənləşdirilməyib.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR