Onlayn ictimai-siyasi qəzet
Türkiyə futbolunun əfsanəvi adı Selim Soydan “Soruyoruz” verilişinin canlı efirində səmimi etiraflar edib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Soydan keçmişdə qumar oynadığını açıqlayıb və həyat yoldaşı - aktrisa Hülya Koçyiğitin onun üçün ən böyük şans olduğunu deyib.
Selim Soydan həyat yoldaşı haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Hülya xanımı gördüyüm andan taleyim dəyişdi. O, həyatda ən böyük şansımdır.
Toyumuzdan təxminən bir il keçmişdi. O vaxtlar axşam qəzetləri gecə saat 12-dən sonra çıxardı. Taksimdən alıb evə aparardım. Bir gecə saat 3:30 idi. Qumarxanadan çıxmışdım. Qəzetləri alıb evə gəldim. Qapını açmaq istəyəndə içəridən açıldı. Qarşımda Hülya vardı. “Niyə yatmamısan?” dedim. O isə “Şorbanı bişirmişəm, çay da içərsən, sonra yatarsan” dedi. “Niyə susur, niyə mənə heç nə demir?” deyə düşünürdüm. Yeməyimi yedim, çay içdik, amma yenə sükut vardı. Sonra dedim: “Mən günahkaram, səhv etmişəm, niyə mənə heç nə demirsən?” O zaman mənə sadəcə bir cümlə dedi: “Bir gün gələcək, səhvini anlayacaqsan”. Orada ona dedim: “Yaxşı ki, bu gün mənimlə mübahisə etmədin, yaxşı ki, susdun. Söz verirəm, bundan sonra əlimə kart almayacağam”. 50 ildir ki, əlimə kart almamışam. O, çox haqlı idi”.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ