Onlayn ictimai-siyasi qəzet
Donald Trampın son illərdə Kanadanı istehzalı şəkildə “ABŞ-nin 51-ci ştatı” adlandırması və Ottavanın Vaşinqtondan iqtisadi-siyasi asılılığı barədə mübahisələr fonunda maraqlı tarixi fakt yenidən gündəmə gəlib.
Musavat.com bildirir ki, bu gün yaxın müttəfiq və strateji tərəfdaş kimi görünən iki ölkə arasında bir əsr əvvəl tam fərqli ssenari masada olub: Kanada ABŞ ilə mümkün müharibəyə hazırlaşır, hətta Sietl, Portlend və Minneapolisə qədər uzanan gizli hücum planı qurub.
Hətta bu gün yaxın müttəfiq kimi görünən ABŞ və Kanada arasında bir əsr əvvəl müharibə ssenarisi hazırlanıb. Belə ki, 12 aprel 1921-ci ildə Kanada ordusunda “Defence Scheme No. 1” (“Müdafiə Planı №1”) adlı məxfi plan hazırlanıb. Plan ABŞ ilə mümkün müharibə zamanı Kanadanın preventiv hücum həyata keçirməsini nəzərdə tuturmuş.
Planın müəllifi Kanada ordusunun hərbi əməliyyatlar və kəşfiyyat idarəsinin rəhbəri, polkovnik-leytenant Ceyms Baster Sazerlend Braun olub. O hesab edirdi ki, ABŞ Britaniya imperiyası ilə müharibəyə girərsə, ilk zərbə Kanadaya dəyəcək və Vaşinqton əvvəlcə Monrealı, Ottavanı, sonra Toronto, Hamilton, Preriya əyalətləri və Vankuveri ələ keçirməyə çalışacaq. Buna görə Kanada “ən yaxşı müdafiə hücumdur” prinsipi ilə ilk addımı atmalı idi.
Plan son dərəcə iddialı görünürdü. Kanada ordusunun qərbdə yerləşən mobil hissələri dərhal ABŞ sərhədini keçərək Sietl, Spokan və Portlendi tutmalı idi. Preriya bölgəsindəki qüvvələr Farqo və Qreat-Folsa zərbə endirməli, daha sonra Minneapolis istiqamətində irəliləməli idi. Kvebekdən çıxan bölmələr qəfil əks-hücumla Olbaniyə (Nyu York ştatı) daxil olmalı, Atlantik sahilində yerləşən dəniz əyalətlərinin qüvvələri isə Men ştatına girməli idi. Planın ən maraqlı hissəsi isə şəhərləri uzun müddət saxlamaq yox, geri çəkilərkən körpüləri, dəmiryollarını və nəqliyyat infrastrukturlarını məhv etmək idi. Məqsəd ABŞ ordusunu ləngitmək və Britaniyadan yardım gələnədək vaxt qazanmaqdan ibarət idi.
Ceyms Sazerlend Braun planı kağız üzərində hazırlamaqla kifayətlənməyib. 1921–1926-cı illərdə mülki geyimdə ABŞ-yə gedərək gizli kəşfiyyat aparıb. Tarixçi Pyer Berton sonradan bu səfərlər bəzən səssiz komediyaları xatırlatdığını yazıb. Braun Vermont ştatındakı müşahidələrində yerli sakinləri “mehriban”, amerikalıları isə kanadalılardan az içən insanlar kimi təsvir edib. Hətta bir amerikalının ona “bir stəkan pivə üçün Kanadaya gedərəm” dediyini qeydə alıb.
Plan Kanada ordusunda birmənalı qarşılanmayıb. General Corc Pirkes onu “dəli kimi görünən, amma işləyə biləcək çıxılmaz plan” adlandırsa da, tarixçi və hərbi ekspert Kristofer M. Bell strategiyanı faktiki “intihar planı” hesab edib.
Tənqidçilərin fikrincə, Braun Britaniya ilə koordinasiya aparmadan Londonun böyük ordu göndərəcəyini fərz etmişdi, halbuki britaniyalılar ABŞ ilə müharibəni qazanmağın mümkünsüz olduğunu düşünürdülər. Üstəlik, Halifaks limanı kimi həyati məntəqələrin müdafiəsi plana daxil edilməyib.
1928-ci ildə Kanada Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Endryu McNaughton planı ləğv edib. ABŞ ilə münasibətlərin normallaşdırılması xəttini seçən Maknoton sənədlərin böyük hissəsinin məhv edilməsinə göstəriş verib. Maraqlıdır ki, iki il sonra – 1930-cu ildə ABŞ özü “War Plan Red” adlı plan hazırlayıb. Həmin ssenari Kanadanın işğalını və Halifaks limanı başda olmaqla strateji nöqtələrin ələ keçirilməsini nəzərdə tuturdu.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ