Onlayn ictimai-siyasi qəzet
Qafqaz–İran–Anadolu arealında siyasi dinamikanı tam anlamaq üçün bir neçə il və ya onilliyin hadisələrini təhlil etmək bəs deyil; ən azı altı yüz il əvvələ ekskurs etmək labüddür.
XVI əsrdə Səfəvilər türk-tayfa birliyinə əsaslanan yeni siyasi model formalaşdırdılar. Şiəlik dövlət arxitekturasında dönüş yaratdı, ruhani institut kimi dövlət aparatına inteqrasiya edildi. XVI əsrdən XIX əsrin sonlarınadək regionda hakimiyyətin hərbi-siyasi dayağı türk mənşəli sülalələr idi — Səfəvilər, Əfşarlar və Qacarlar. Bu modeldə siyasi elita tayfa-hərbi struktura söykənirdi və dövlət arxitekturasının güc komponentini məhz bu konfederativ sistem təmin edirdi.
XX əsrdə isə hakimiyyət arxitekturasında keyfiyyət dəyişikliyi baş verdi. Pəhləvilərlə birlikdə mərkəzləşmiş milli-bürokratik dövlət modeli ön plana çıxdı. 1979-cu il inqilabı isə “vilayət-i fəqih” modeli ilə dini legitimliyi birbaşa dövlət suverenliyinin mexanizminə çevirdi.
Bu tarixi proses, əlbəttə, coğrafi determinizmlə də sıx bağlıdır: region İDEOLOGİYA, COĞRAFİYA və GÜC BALANSININ qarşılıqlı təsiri ilə formalaşır.
Hər ideoloji arxitektura müəyyən mərhələdən sonra transformasiya zərurəti ilə üzləşir. Bu coğrafiyada zəifləyən aktorun yerini ya daxili yenilənmə, ya da xarici təsir doldurur. Tarix bunu dəfələrlə göstərib — istər Səfəvi–Osmanlı qarşıdurmaları dövründə, istər XIX əsrin imperiya rəqabətində, istərsə də XX əsrin ideoloji bloklaşmalarında.
Bu xüsusda Azərbaycanın son illərdə keçdiyi yol ayrıca diqqətə layiqdir. Ərazi bütövlüyü hərbi yolla bərpa olundu. Daha sonra diplomatik mərhələdə bu nəticə institusional sabitliyə çevrildi. Yaşadığımız regionda MÜHARİBƏNİ UDMAQ VACİBDİR, amma ONDAN DAHA VACİBİ NƏTİCƏNİ İDARƏ EDƏ BİLMƏKDİR. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin etdiyi kimi…
Bəs tarixi paralellər Qafqaz–İran–Anadolu regionunun gələcəyi barədə hansı proqnozları verir?
Birincisi, İran daxilində ideoloji modelin institusional adaptasiyası, böyük ehtimalla, qaçılmaz olacaq. “Vilayət-i fəqih” modeli sərt mərkəzləşmə yolu ilə özünü qorumağa çalışacaq, amma ehtimal ki, struktur daxilində mərhələli uyğunlaşma mexanizmləri reallaşacaq.
İkincisi, Zəngəzur dəhlizi və ümumilikdə Şərq–Qərb nəqliyyat xəritəsi regionun güc balansını yenidən formalaşdıra bilər. Nəqliyyat marşrutları həm iqtisadi, həm də siyasi çəkini artırır.
Üçüncüsü, böyük güclərin regiona yanaşması daha selektiv və layihə əsaslı ola bilər — enerji, təhlükəsizlik, texnologiya və logistika istiqamətində rəqabət modeli kimi...
İstənilən ssenaridə dəyişməz prinsip budur: bu coğrafiya emosional ritorikanı deyil, strateji koordinatları düzgün oxumaq, NƏYİ, NECƏ, NƏ VAXT etməyə qərar vermək və NƏTİCƏNİ İDARƏ ETMƏK qabiliyyətinə malik olanları daim mükafatlandırır.
Mütləq ki, 1 mart 2026-cı ildən regionun siyasi dinamikası dəyişir. Yaşadığımız coğrafiya isə qalmaqdadır.
Allah Azərbaycanımızı daim hifz etsin!
Tanınmış telejurnalist,
Anewz televiziyasının direktoru Rüfət Həmzəyev
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ