Onlayn ictimai-siyasi qəzet
Nazirlər Kabinetinin son qərarı ilə icbari tibbi sığorta çərçivəsində maliyyələşdirilən sümük iliyi və ya hematopoetik kök hüceyrə transplantasiyalarının illik sayı 20-dən 50-yə çatdırılıb.
Musavat.com xəbər verir ki, bu dəyişiklik yüzlərlə xəstə və onların ailələri üçün mühüm yenilik hesab olunur.
Bəs sümük iliyi transplantasiyası nədir, hansı xəstəliklər zamanı tətbiq edilir və niyə bu qədər vacib sayılır?

Sümük iliyi insan orqanizmində qan hüceyrələrinin istehsal olunduğu əsas toxumadır. Burada yerləşən hematopoetik kök hüceyrələr qırmızı qan hüceyrələri, leykositlər və trombositlərin yaranmasını təmin edir. Bəzi xəstəliklər zamanı bu sistem zədələndikdə və ya fəaliyyətini itirdikdə xəstənin həyatını xilas etməyin ən effektiv yollarından biri kök hüceyrə transplantasiyası olur.
Mütəxəssislərin sözlərinə görə, transplantasiya əsasən qan və qan yaradan sistem xəstəlikləri zamanı həyata keçirilir. Ən çox rast gəlinən səbəblər sırasında kəskin və xroniki leykemiyalar, limfomalar, çoxsaylı mieloma, aplastik anemiya, talassemiya və bəzi irsi immun çatışmazlığı xəstəlikləri yer alır.
Bəzi hallarda xəstənin öz kök hüceyrələrindən istifadə olunur. Bu üsul autoloji transplantasiya adlanır. Digər hallarda isə uyğun donorun kök hüceyrələri köçürülür ki, buna allogen transplantasiya deyilir. Donor adətən yaxın qohumlar arasından seçilsə də, uyğunluq olduğu halda başqa şəxslərdən də istifadə edilə bilər.
Transplantasiya adətən xəstəliyin ağırlaşdığı, digər müalicə üsullarının kifayət etmədiyi və ya yüksək dozalı kimyaterapiyadan sonra sümük iliyinin bərpasına ehtiyac yarandığı hallarda tətbiq olunur. Xüsusilə bəzi leykemiya növlərində bu prosedur xəstənin uzunmüddətli sağ qalması və ya tam sağalması üçün yeganə çıxış yolu hesab edilir.
Həkimlər bildirirlər ki, sümük iliyi transplantasiyası sadəcə bir əməliyyat deyil, mürəkkəb və uzunmüddətli müalicə prosesidir. Prosedurdan əvvəl xəstə xüsusi hazırlıq mərhələsindən keçir, daha sonra kök hüceyrələr köçürülür və bir neçə ay ərzində ciddi nəzarət altında saxlanılır. Bu dövrdə infeksiya və digər ağırlaşma riskləri yüksək olur. Buna baxmayaraq, müasir tibbin ən mühüm nailiyyətlərindən biri hesab olunan sümük iliyi transplantasiyası hər il dünyada minlərlə insanın həyatını xilas edir. Xüsusilə uşaqlarda talassemiya və bəzi qan xərçəngi növlərinin müalicəsində yüksək nəticələr əldə olunur.
Mütəxəssislər hesab edirlər ki, icbari tibbi sığorta çərçivəsində transplantasiya sayının artırılması daha çox xəstənin vaxtında müalicə almasına imkan verəcək, gözləmə müddətlərini azaldacaq və xaricdə müalicəyə ehtiyacı olan şəxslərin sayının azalmasına kömək edəcək.
İcbari tibbi sığorta hesabına sümük iliyi və hematopoetik kök hüceyrə transplantasiyalarının sayının 20-dən 50-yə qaldırılması praktik baxımdan nə deməkdir? Bu dəyişiklik neçə xəstənin müalicəsinə müsbət təsir göstərə bilər?
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Musavat.com-a qeyd edib ki, onkoloji xəstəliklər həm bütün dünyada, həm də ölkəmizdə çox sürətlə yayılır:
“Artıq bununla bağlı qərar verilib, gələn ildən — yəni 2027-ci ildən etibarən onkoloji xəstəliklərdən əziyyət çəkən insanların da mərhələli şəkildə icbari tibbi sığorta sisteminə daxil edilməsi nəzərdə tutulur. Təbii ki, uşaqlar bu məsələdə daha həssas qrup olduğuna görə, ilkin olaraq 2027-ci ildən etibarən ölkəmizdə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar icbari tibbi sığorta sisteminə cəlb olunacaqlar. Sümük iliyi transplantasiyası ilə bağlı digər sualınıza gəlincə, bəli, bu çox önəmli bir məsələdir. Əvvəllər bu əməliyyatların sayı az idi, lakin sayın 20-dən 50-yə qaldırılması böyük bir göstəricidir. Faiz hesabı ilə götürsək, bu, 100%-dən də çox artım deməkdir ki, ölkəmiz üçün olduqca mühüm bir rəqəmdir. Çünki digər onkoloji xəstəliklərlə müqayisədə sümük iliyi transplantasiyası daha çox maliyyə tələb edən və kifayət qədər yüksək məbləğlərlə ölçülən bir prosesdir. İnşallah, yaxın gələcəkdə digər onkoloji xəstəliklər də icbari tibbi sığorta sisteminə daxil edilər”.

Onkoloqun sözlərinə görə, əgər bu məsələnin üzərinə vaxtında düşülərsə və transplantasiya vaxtında həyata keçirilərsə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin tam (100%) sağalma şansı olur: “Bu, çox müsbət bir haldır və yüksək dəyərləndiririk. Çünki son zamanlar həm ölkəmizdə, həm də dünyada sümük iliyi şişlərinə və qan xərçənginə (xüsusilə uşaqlar arasında geniş yayılan leykoz kimi xəstəliklərə) daha çox rast gəlinir. Bu xəstəliklər xüsusilə 15 yaşından aşağı uşaqlar arasında sürətlə yayılmaqda davam edir. Ona görə də atılan bu addım olduqca müsbət və təqdirəlayiqdir”.
Afaq Mirayiq,
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ