İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayanacaqda toy gecəsi

(nostaljik-romantik-demoqrafik köşə)

Heç kəsə sirr deyil ki, əhalimizin təbii artımında böyük azalma prosesi getməkdədir. (Artımda azalma ifadəsinə görə oxucular bağışlasın, fikrim ayrı yerdədir). Rəsmi rəqəmlər də bunu isbat edir. Misal üçün, əgər 2014-cü ildə Azərbaycanda 171 minə yaxın insan doğulmuşdusa, 2023-cü ildə bu, 113 minə düşmüşdür. 2024-cü ildə isə lap 102 min olubdur.

60 faiz azalma vardır. Doğrudur, hələlik illik doğum illik ölümdən çox qalmaqdadır (102 min doğulana nisbətdə 59 min ölən), bunun nəticəsində əhalimizin sayı qarışqa ayağa boyda olsa da, hər il artır, ancaq demoqrafik proseslər belə getsə yaxın illərdə mənfi balans yaranacağı şübhəsizdir. Nəticədə biz Almaniyanın, Yaponiyanın gününə düşə bilərik. Ondan sonra lap xarakiri elə - nə xeyri?

Fikrimcə, dövlət orqanları bu azalma üzərində ciddi düşünməli, dövlət proqramları hazırlanmalıdır. Ancaq tərsini görürük.

Təzəlikcə Astara tərəfdə toy karvanında iştirak edən vətəndaşlarımız həbs olundu, hərəsinə 4 sutka verildi. Günahları gəlin maşınının önünü kəsərək şosse yolunun ortasında nərd oynamaq imiş.

Birincisi, ilk növbədə burada idmanın nərd növünə qarşı repressiya göz önündədir. Biz dünya çempionatlarına, olimpiadaya nərd, domino, “duraki” üzrə idmançılar yetişdirmək əvəzinə gəncləri türməyə basırıq. Vaxtilə o qədər istedadlı nərd ustalarımız var idi ki... Məni birini tanıyırdım, ayağı ilə, boynunun ardından şeş qoşa atırdı. Ağlınız şahmata-zada getməsin, nərd ciddi idmandır. Nərddə gərək bir neçə gedişi qabaqcadan hesablayasan.

İkincisi, toy karvanı yolun içində belə intellektual oyun yox, məsələn, sərbəst güləş turniri təşkil etsə, bəyin kürəyini (ya da gəlinin) yerə vursa guya yaxşı olardı? Ona qalsa sərbəst güləş üzrə son dünya çempionatında fərli nəticə göstərə bilmədik və buna görə Güləş Federasiyasının sədrinə dərin minnətdarlığımızı bildirirəm. Fürsətdən istifadə edərək.

Üçüncüsü, bax, belə edirsiniz ki, camaat evlənmək, nəsil artırmaq istəmir! Toy proqramları nə qədər rəngarəng, zəngin, maraqlı olarsa gənclərdə ailə qurmağa həvəs artar. Mənim yadıma gəlir, uşaq olanda toylar çox maraqlı keçirdi. Hər toyda gitaraçı mütləq döyülərdi, bəyin anası mağarın ortasında sürütlənərdi, şabaş çamadanı manısın təpəsinə keçirilirdi, insanlar olduqca mehriban idi, Allah Qorbaçovun evini yıxsın. Biz də mağarın ətrafındakı xalçaların deşiyindən tamaşanı izləyər, hər birimiz böyüyəndə evlənmək həsrətiylə alovlanardıq. O vaxt pambıqçılıq da məcburən inkişaf edirdi, çünki toyda xalçanın üstünə “Toyunuz mübarək” sözlərini pambıqla yazırdılar. Ancaq indiki qızlar burnunu kəsdirir, dodaqlarını şişirdirlər. Mən buna qəzet vasitəsiylə etirazımı bildirirəm.

Gənclər təcili azad edilməli, onlara kompensasiya ödənməli, növbəti toylarda şosselərimizdə dama, basketbol, qolf, yolüstü hokkey kimi oyunlar da təcrübədən çıxarılmalıdır. Bunun üçün dayanacaqlara çarpayı qoyulması Nazirlər Kabinetinə tapşırılmalıdır.

Şair demişkən, sabah o qızın toyudur, açılma sabahım, açılma. Əgər biz toy günü yollarımıza nəzarəti itirsək, sabah Böyük İpək yolu marşrutuna necə əməl edəcəyik?

Yaxşı yadıma düşdü, keçmişdə əhali artımına müsbət təsir edən amillərdən biri də gəlin seçimi idi. Analar hamama gedib orda oğullarına zövcə tapırdılar. Təəssüf ki, indi belə hamamlar aradan qalxmışdır. İcra hakimiyyətləri bunun üzərində düşünsünlər. Milli Məclisdən də çox şey gözləyirik.

O cümlədən, milli mentalitetimizə görə qızı papaqla vururdular, yıxılmadısa ərə verirdilər. Bəs indi elə papaqlar qalmışdırmı? Yenə min təəssüf... Camaat beysbol şapkası taxır (Tramp qoyandan), onunla uşağın ərə getmə amplitudasını necə müəyyən edəsən? Bəlkə arasına daş qoyub vurasan, onda xeyri ola... Nəticədə həm milli dəyərlərimiz itir, həm demoqrafiya ziyan çəkir.

İndi söz əlaqədar orqanlarındır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Iyul 2026

22 Iyul 2026

21 Iyul 2026

20 Iyul 2026

19 Iyul 2026

17 Iyul 2026

16 Iyul 2026

15 Iyul 2026

13 Iyul 2026

12 Iyul 2026

10 Iyul 2026

09 Iyul 2026

08 Iyul 2026

06 Iyul 2026

05 Iyul 2026

03 Iyul 2026

02 Iyul 2026

01 Iyul 2026

29 Iyun 2026

25 Iyun 2026

24 Iyun 2026

23 Iyun 2026

22 Iyun 2026

21 Iyun 2026

19 Iyun 2026

18 Iyun 2026

17 Iyun 2026

16 Iyun 2026