Onlayn ictimai-siyasi qəzet
Baş nazirimiz, sayın Əli müəllim təzə qərar imzalamışdır. Qərara əsasən hər bir vətəndaşa 1000 manat yardım veriləcəkdir.
Zarafat edirəm, dərhal bazarlıq planları qurmayın. Əslində bir az şit və təhlükəli zarafatdır, çünki bu yaxında bir zəhmətkeşimiz də sosial şəbəkədə oxşar elan vermişdi, tutub 9 sutkalığa içəri basdılar. Açığı, niyə məhz 9 sutka, bunun özü qaranlıq qaldı, çünki 10, 15, 30 sutka eşitmişdim, ilk dəfə idi 9 sutka cəza görürdüm.
Yəqin məhkəmə-hüquq islahatları çərçivəsində sayın hakimlərimizə novatorluqlar, yeniliklər etmək tapşırığı verilmişdir. Məsələn, növbəti dəfə 8 sutka yarım, 5 sutka və günortaya qədər, sahurdan imsakacan və sairə bu tipli cəzalar kəsilsə həyatımız daha maraqlı olacaqdır. Fürsətdən istifadə edərək bizə yaradılan bu şəraitə görə Zəngilan rayon poçt işçiləri adından hökumətə dərin minnətdarlığımı bildirirəm. Başqa zəhmətkeşlərimiz də, əlbəttə, minnətdardır, ancaq sıra ilə. Hamısını, inşallah, yazacağıq.
Bəli, əhalinin maaş və pensiyasını artırmaq, azaltmaq qərarları hökumətin kurasiyasındadır, ora başqaları girəndə mütləq cəzasını almalıdır. Yoxsa hərcmərclik yaranır, dələduzlar, muncuq düzənlər, maliyyə piramidaları açanlar at oynadar. Əli müəllimin qərarı isə sərbəst toplaşma haqqında idi.
Sitat: “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısında dəyişiklik olub. Qərarla Dövlət Mühafizə Xidmətinin inzibati binası bu siyahıya daxil edilib”.
Çox yerində, vaxtında verilmiş qərardır. Doğrudan da, həmişə müşahidə edirik ki, əhali mitinq, nümayiş, küçə yürüşləri zamanı icra hakimiyyətlərimizin binasına 200 metrdən çox yaxınlaşmırlar. Hətta bəzi müxalifət partiyalarında bunu ölçmək üçün üzvlər vardır. Metr götürüb ölçürlər. Hüquq-mühafizə orqanlarımız da qanuna əminliklə, qətiyyətlə, zərurətlə, mərhəmətlə, dəyanətlə, fəaliyyətlə, cəsarətlə əməl edir, hər qarışı nəzərə alır. Keçən həftə Musavat Partiyası 206 saylı JEK-in qabağında “Parklarda ağacların vaxtsız çiçəklənməsinə son qoyulsun!!” şüarı ilə mitinq keçirərkən sədr İsa müəllim 200 metrdən 10 santı keçmişdi, dərhal tədbir görüldü. Düzdür, çox sərt tədbir olmadı, partiyanın divanını başqa otağa çəkdilər. Humanizm burada da özünü göstərməli deyildirmi?
Dövlət Mühafizə Xidmətinin (DMX) binası isə qərarda göstərilmədiyi üçün onun qabağında camaat at oynadırdı. Müxalifət partiyaları, QHT-lər, hətta elə-belə yoldan keçənlər, Məşhəd ziyarətinə adam yola salanlar, rayondan qəbula uşaq gətirənlər də asudə vaxtlarını DMX binası önündə keçirməyi özlərinə borc bilir, gedib bir-iki ağız qışqırışıb dağılışırdılar.
Bunun özü də çox maraqlı idi ki, nə üçün DMX binası indiyəcən bizdə müvafiq icra hakimiyyəti orqanlarından biri sayılmırdı. Baş nazirin son qərarı bu hüquqi kollapsa son qoymaqla düşünürəm ki, gələcəkdə Orta Doğuda sülh proseslərinin yaranmasına da öz labüd töhfəsini verməkdə haqlı olacaqdır.
Sülh demişkən, yadıma bir qəzetçilik epizodu düşüb, onunla yazını bitirirəm. Aktualdır həm də.
10-15 il qabaq bizim qəzetlərdən biri hansısa geopolitik eskpertə üz tutur, sual verir ki, ABŞ İranı vura bilərmi, necə düşünürsünüz? Şanlı ekspertimiz cavab verir: “Nə desən ola bilər”.
06 Sentyabr 2026
04 Sentyabr 2026
03 Sentyabr 2026
02 Sentyabr 2026
01 Sentyabr 2026
31 Avqust 2026
30 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
24 Avqust 2026
23 Avqust 2026
21 Avqust 2026
20 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
16 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
09 Avqust 2026
08 Avqust 2026
06 Avqust 2026
05 Avqust 2026
04 Avqust 2026
03 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ